Yay aylarında qidalanma necə təşkil olunmalıdır?

Yay aylarında qidalanmaya xüsusi diqqət yetirilməlidir. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun eksperti Tutu Zeynalova bununla bağlı danışıb.
– Tutu xanım, yay aylarında qidalanma necə təşkil olunmalı, hansı məhsullara üstünlük verilməlidir?
– Yay mövsümündə orqanizmin termorequlyasiya mexanizmi daha aktiv işləyir. Bu səbəbdən həzm sistemini yormayan, yüngül və su tərkibi yüksək olan qidalara üstünlük verilməlidir. Mövsümi tərəvəzlər, göyərtilər, giləmeyvələr, azyağlı ağ ət, balıq və süd məhsulları yay menyusunun əsasını təşkil etməlidir. Yağlı, qızardılmış və ağır yeməklərin istifadəsi isə məhdudlaşdırılmalıdır.
– İsti havalarda gün ərzində neçə dəfə, hansı saatlarda və nə ilə qidalanmaq daha məqsədəuyğundur?
– Yay aylarında az-az və tez-tez qidalanmaq tövsiyə olunur. Gündə 3 əsas və 1-2 aralıq qida qəbulu kifayət edir. Səhər yeməyinin saat 07:00-08:30 aralığında qəbul edilməsi məqsədəuyğundur. Nahar üçün yüngül şorbalar, tərəvəz salatları, buxarda və ya sobada hazırlanmış zülal mənbələri seçilməlidir. Günün ikinci yarısında meyvə, ayran və ya çərəzlərdən ibarət aralıq qidalanma, axşam isə yüngül və az kalorili yeməklər məsləhətdir.
– Bəs, yay mövsümündə hansı qidalar orqanizmi həm tox saxlayır, həm də yüngüllük hissi yaradır?
– Uzunmüddətli toxluq hissi yaratmaq üçün zülal və liflə zəngin qidaların birlikdə qəbulu vacibdir. Avokado, yaşıl lobya, xiyar, göyərtilər, paxlalılar, giləmeyvələr və az yağlı süd məhsulları həm yüngüllük hissi yaradır, həm də qan şəkərinin stabil qalmasına kömək edir. Su tərkibi yüksək olan qarpız və yemiş də porsiyaya diqqət edilməklə istehlak oluna bilər.
– İsti vaxtlarda maye qəbulu necə təşkil olunmalıdır?
– Yay aylarında orqanizm tərləmə nəticəsində həm su, həm də elektrolitlər itirir. Buna görə də su əsas maye mənbəyi olsa da, ayran, mineral sular və limonlu, nanəli bitki çayları da faydalıdır. Gün ərzində bədənin çəkisinin hər kiloqramına görə təxminən 30-35 millilitr su qəbul etmək tövsiyə olunur. Şəkərli və qazlı içkilər isə susuzluğu aradan qaldırmır, əksinə, orqanizmin maye balansına mənfi təsir göstərə bilər.
– Dondurma, soyuq qəhvə və digər buzlu məhsulların istifadəsi ilə bağlı nə deyə bilərsiniz?
– Həddindən artıq soyuq qidalar və içkilər həzm sistemi üçün əlavə yük yarada bilər. Soyuq qəhvənin tərkibindəki kofein sidikqovucu təsir göstərdiyindən onunla birlikdə əlavə su qəbul olunması vacibdir. Dondurma isə daha çox südlü və az şəkərli seçilməli, gündəlik qidalanmada müntəzəm deyil, ölçülü şəkildə istifadə edilməlidir.

– Çimərlikdə və açıq havada təşkil olunan istirahət vaxtlarında hansı qidaları seçmək daha məqsədəuyğundur?
– Açıq havada qida zəhərlənməsi riski daha yüksək olur. Buna görə bütöv və yuyulmuş meyvələr, quru çərəzlər, ev şəraitində hazırlanmış yüngül sendviçlər və kifayət qədər su ən təhlükəsiz seçimlərdir. Mayonezli salatlar, kremli şirniyyatlar, tez xarab olan süd və ət məhsullarından uzaq durmaq lazımdır.
– İsti havalarda iştahanın azalması normaldırmı?
– Bəli, bu, orqanizmin fizioloji reaksiyasıdır. İsti havalarda bədən həzm prosesində yaranan əlavə istiliyi azaltmağa çalışır. Buna görə də iştahanın müəyyən qədər azalması normal sayılır. Bu zaman ağır yeməklərlə orqanizmi məcburi şəkildə yükləmək əvəzinə, yüngül və su tərkibli qidalara üstünlük vermək daha düzgündür.
– Tutu xanım, yay aylarında uşaqların qidalanmasında valideynlər nələrə diqqət etməlidirlər?
– Uşaqlarda susuzlaşma riski daha yüksək olduğundan onlara gün ərzində tez-tez su təklif edilməlidir. Çimərlik və hovuz ətrafında saxlanılan açıq qidalar uşaqlarda bağırsaq infeksiyalarına səbəb ola bilər. Şəkərli qazlı içkilər və dondurmaların həddindən artıq istifadəsi məhdudlaşdırılmalı, onların əvəzinə meyvəli qatıq və ya ev şəraitində hazırlanmış təbii dondurmalar seçilməlidir.
– Bəs, isti havalarda ən çox yol verilən qidalanma səhvləri hansılardır?
– Ən çox rast gəlinən səhvlərdən biri gün ərzində az qidalanıb, axşam saatlarında həddindən artıq yeməkdir. Bundan başqa, çox soyuq su və buzlu içkilərin sürətlə qəbul edilməsi, meyvələrin həddindən artıq miqdarda istehlakı və susuzluğun şəkərli içkilərlə aradan qaldırılmasına çalışılması da sağlam qidalanma prinsiplərinə ziddir.
– Yeri gəlmişkən, arıqlamaq istəyənlər üçün yay mövsümü nə dərəcədə əlverişlidir?
– Yay mövsümü arıqlamaq üçün olduqca əlverişli dövrdür. Mövsümi tərəvəzlərin bolluğu, iştahanın təbii azalması və fiziki aktivlik imkanlarının artması çəkiyə nəzarəti asanlaşdırır. Arıqlamaq istəyən şəxslər meyvə porsiyalarına diqqət yetirməli, kifayət qədər zülal qəbul etməli, gizli şəkər və kalorilərdən uzaq durmalı, su balansını qorumalıdırlar. Sağlam və davamlı çəki itkisi üçün əsas prinsip balanslı və müntəzəm qidalanmadır. (Azərtac)
Reportyor.az
SAĞLAMLIQ / KARUSEL
Tarix: Bu gün, 12:39


























