mobil versiya

Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Məhdimqulu Fəraqinin şeirlər kitabı təqdim olunub



Oktyabrın 7-də X Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində dahi türkmən şairi Məhdimqulu Fəraqinin “Aşiq olmuşam” şeirlər kitabının təqdimat mərasimi keçirilib.


Təqdimat mərasimində ədəbiyyatşünaslar, şairin pərəstişkarları, jurnalistlər və s. iştirak ediblər.
Mərasimdə Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, şair, esseist Fərid Hüseyn M.Fəraqinin yaradıcılığının dərin mənaları və lirizmi haqqında danışıb. Bildirilib ki, M.Fəraqi öz şeirlərində ədəbiyyatın gücü və insan ruhuna təsiri haqqında dərin düşüncələr təqdim edir, eyni zamanda, türkmən ədəbiyyatının zəngin irsini daha geniş auditoriyaya tanıdır.
F.Hüseyn şairin kitabından seçilmiş şeirləri səsləndirib. Qeyd edilib ki, bu şeirlər sevgini, ayrılığı ustalıqla ifadə edən unikal bir üsluba malikdir.
Tədbirdə Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova da şairin yaradıcılığı haqqında fikirlərini bölüşüb. O, M.Fəraqinin şeirlərinin türkmən ədəbiyyatının incisi olduğunu qeyd edərək, şairin əsərlərinin həm türkmən, həm də dünya ədəbiyyatında xüsusi yer tutduğunu vurğulayıb. A.Raimkulova M.Fəraqinin yaradıcılığının yalnız ədəbiyyat baxımından deyil, həm də mədəniyyətin inkişafında necə əhəmiyyətli olduğunu dilə gətirib. O, eyni zamanda, bu cür tədbirlərin ədəbiyyatın və mədəni irsin tanınmasına və yayılmasına kömək etdiyini bildirib.



A.Raimkulova bildirib ki, dahi M.Fəraqinin 300 illik yubileyi Türk dünyasının ayrılmaz parçası olan Türkmənistanda, türk ölkələrində və bütün dünyada UNESCO tərəfindən geniş şəkildə qeyd olunur: “Türk Mədəniyyəti və İrsi Fondu da dahi şairin əziz xatirəsinə dərin ehtiramını əlinizdə tutduğunuz bu kitabla izhar edir. Təəssüf ki, bu kitabın nəşrini görkəmli türkoloq alim, nəşrin tərcüməçisi Ramiz Əsgər görmədi. Mən onun ailəsinə bir daha dərin hüznlə başsağlığı verirəm. Beynəlxalq aləmdə nüfuz qazanmış Türk Mədəniyyəti və İrsi Fondunun əsas missiyalarından biri də Türk dünyasının görkəmli şəxsiyyətlərinin elminin, ədəbi yaradıcılığının təbliğidir. Bu yöndə Fond “Türk dünyasının görkəmli şəxsiyyətləri”, “Türk ədəbiyyatının inciləri”, "Türk dünyasının elmi inciləri" adlı kitab seriyaları təsis edib. M.Fəraqinin kitabı “Türk ədəbiyyatının inciləri” seriyasından nəşr edilib. İnanıram ki, Azərbaycan və türkmən dillərində nəşr olunan bu kitab türk xalqlarının daha da yaxınlaşmasına töhfə verəcək”.
Sonra Türkmənistanın ölkəmizdəki səfiri Qurbanməmmet Elyasov şairin yaradıcılığının türkmən mədəniyyətindəki rolundan danışıb. O, M.Fəraqinin əsərlərinin insanı daxili dünyasına səyahət etdirdiyini, oxucuların ruhunu qidalandırdığını qeyd edib. Səfir Türkmənistanın ədəbiyyatını və mədəniyyətini Azərbaycanla daha da sıx bağlamaq məqsədilə birgə layihələrin həyata keçirilməsinin vacibliyini bildirib.



Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının professoru, Azərbaycan və türkmən xalqları arasındakı ədəbi əlaqələrin inkişafındakı xidmətlərinə görə Türkmənistan Respublikasının qızıl medalına layiq görülmüş alim, filologiya elmləri doktoru Firuzə Ağayeva təqdimat mərasimində çıxış edib. Alim M.Fəraqinin yaradıcılığının həm Azərbaycan, həm də türkmən ədəbiyyatında müstəsna bir yer tutduğunu vurğulayıb.
Professor Azərbaycan və Türkmənistan arasında ədəbiyyat, mədəniyyət və dil sahəsindəki əməkdaşlığın tarixən mövcud olduğunu, bu münasibətlərin daha da möhkəmlənməsi üçün belə tədbirlərin vacibliyini bildirib. O, M.Fəraqinin əsərlərinin yalnız bir ədəbiyyat nümunəsi kimi deyil, həm də iki xalq arasında mədəniyyət körpüsü rolunu oynadığını diqqətə çatdırıb.
F.Ağayeva M.Fəraqi kimi ustadların yaradıcılığının araşdırılması və tanıdılması sahəsində daha çox iş görülməsinin zəruri olduğunu qeyd edib. O, eyni zamanda, Türkmənistan və Azərbaycan arasındakı əlaqələrin inkişafında gənc tədqiqatçıların, ədəbiyyatşünasların və mütəxəssislərin iştirakının əhəmiyyətini vurğulayıb.

Filologiya üzrə fəlsəfə doktoru dosent İsmixan Osmanlı və başqaları çıxışlarında M.Fəraqinin şeirlərinin türkmən mədəniyyətinin və ədəbiyyatının simvolu olduğunu, onun yaradıcılığının iki xalq arasında körpü rolu oynadığını vurğulayıblar. Onlar, həmçinin M.Fəraqinin şeirlərinin insan ruhunun mürəkkəbliyini ustalıqla əks etdirdiyini və bunun onu bənzərsiz bir sənətkara çevirdiyini diqqətə çatdırıblar. M.Fəraqinin poetik dilinin özünəməxsusluğuna, həmçinin onun çağdaş tədqiqatçılar üçün əhəmiyyətinə diqqət çəkilib.(azərtac)

KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 7-10-2024, 15:56