Milli QHT sektorunda nələr dəyişir?
Azərbaycanın 44 günlük Vətən Müharibəsində və antiterror əməliyyatında qazandığı tarixi qələbənin yaratdığı yeni reallığa, milli inkişaf hədəflərinə, çağırışlara uyğunlaşmaq, qalib ölkənin qarşısında duran vəzifələrə müvafiq daha ambisiyalı, güclü, professional sektor kimi ön plana çıxmaq vətəndaş cəmiyyətinin əsas hədəflərdən biriydi.
Dönməzlik, qətiyyət və güclü iradə
Azərbaycan QHT sektorunun inkişafının yeni mərhələsi ilk növbədə hüquqi bazanın və institusional əsasların təkmilləşdirilməsi ilə şəffaflıq və hesabatlılığın artması, peşəkar yanaşmanın, beynəlxalq əməkdaşlığın gücləndirilməsi, QHT-lərin milli maraqların ölkə xaricində müdafiəsində, xarici siyasət prioritetlərinin, təşəbbüslərinin dəstəklənməsində daha fəal rol alması ilə səciyyələnir.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yaradılması ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 aprel tarixli Fərmanı yeni inkişaf mərhələsinə start verməklə normativ-hüquqi bazanın, dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi, yeni təşkilati mədəniyyət formalaşdırılması, müasir idarəetmə təcrübələrinin mənimsənilməsi, beynəlxalq arenada güclü təmsilçilik, ictimai maraqların qorunmasında sektorun əhəmiyyətinin artması vəzifələrini qarşıya qoydu.
Qısa müddət ərzində normativ-hüquqi bazanın, dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi, yeni təşkilati mədəniyyət formalaşdırılması istiqamətində qətiyyətli addımlar atıldı. Nazirlər Kabinetinin 15 sentyabr 2023-cü il tarixli qərarları ilə Agentlik tərəfindən qrant müsabiqələrinin keçirilməsi qaydasının, qrant məbləğinin müəyyən edilməsi meyarlarını və qrant məbləğinin yuxarı həddini təsdiq edilməsi köklü dəyişiklik və yeni gerçəklik yaratdı. Bu yeni qaydalar dövlət dəstəyi mexanizmlərini təkmilləşdirdi. Qətiyyətlə demək olar ki, aydın, şəffaf, obyektiv meyarlara əsaslanan bu qaydalar dövlət büdcəsindən qrant vermək səlahiyyətinə malik bütün qurumlara QHT-lərlə bağlı müsabiqələrin təşkili üçün nümunədir. Gələcəkdə bu qaydaların dövlət büdcəsindən qrant verən bütün təşkilatlar üçün vahid norma kimi tətbiqi ən doğru qərarlardan biri ola bilər, bu sahədə prosesi çevik və müasir yanaşmalarla nizamlayar.
Dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi, şəffaflıq və hesabatlılığın yüksək standartlarının tətbiqi sektora sirayət edərək transformativ effekt verdi. 2024-cü il qrant müsabiqəsi yalnız yeni qaydalarla deyil, yeni düşüncə və baxışla da keçirildi. Gözlənildiyi kimi QHT sektoru yeni şəffaf mühiti, hesabatlılıq standartlarını, təşkilati mədəniyyət normalarını təqdir edərək, daha keyfiyyətli layihə təklifləri və layihələr, yüksək icra intizamı, dürüstlüyün artması, səmərəli fəaliyyətlə yeni mərhələyə qədəm qoydu. Sistemli dəyişikliklər özü ilə bütün sektor miqyasında pozitiv dəyişikliklər və ən əsası yeni düşüncə, baxış gətirdi. Bu yeni düşüncə, mühit, yeni baxış ambisiyaların artması, müasir çağırışlarla ayaqlaşmaq, ölkə hüdudlarını aşaraq beynəlxalq arenada daha güclü təmsilçilik və yeni fürsətlər əldə etmək istiqamətində səylərin artmasıyla da şərtləndi.
Milli və qlobal körpü - COP29 QHT Koalisiyası
Azərbaycan Milli QHT Forumunun təşəbbüsü ilə qısa müddət ərzində COP29 QHT Koalisiyasının yaradılması milli QHT sektorunun tarixi uğuru kimi dəyərləndirilə bilər. Hazırda Koalisiya 71 ölkədən 342 xarici QHT-ni birləşdir və demək olar ki, hər gün Koalisiyanın sıraları genişlənir. Bu Koalisiyanın yaranması Azərbaycanın QHT sektorunun beynəlxalq təmsilçiliyinin genişlənməsi, ambisiyalarının artması, yeni fürsətlərdən yararlanmaq bacarığını nümayiş etdirir. COP29-un ölkəmizdə keçirilməsi müstəqillik tariximizin ciddi nailiyyətlərindən biridir və çağdaş tariximizdə ilk dəfə olaraq Azərbaycan QHT-ləri xarici QHT-lərlə bu qədər geniş miqyasda əməkdaşlıq imkanı əldə ediblər. COP tarixində bir ilkə imza ataraq Azərbaycan QHT-nin təşəbbüsü ilə belə bir koalisiya yaradılıb və milli QHT sektoru bu yeni imkanlardan yararlanmaqla yeni təcrübə yaradır. Artıq Azərbaycan QHT-lərini tərəfdaş kimi axtarırlar, COP29 QHT Koalisiyası QHT-lərimiz üçün, həm də beynəlxalq əməkdaşlıq platformasıdır.
QHT-lərə Dövlət Dəstəyi Agentliyi də bu tendensiyaları dəstəkləyir və yeni təcrübələr yaratmağa imkanlar təqdim edir. “COP29-la bağlı beynəlxalq təşəbbüslər” qrant müsabiqəsi belə bir imkan yaratdı, əsas şərtlərdən biri layihələrin xarici QHT-lərlə tərəfdaşlıqda icra edilməsiydi. Artıq qaliblər məlumdur və QHT-lərimiz uğurla xarici QHT-ləri əməkdaşlığa cəlb etdilər. Bu bir daha göstərdi ki, beynəlxalq əməkdaşlığın gücləndirilməsi ilə əlaqədar davamlı səylər bəhrəsini verməkdədir. Eyni zamanda Azərbaycan QHT-ləri də müvafiq bilik və bacarığa yiyələniblər, obyektiv yanaşma, şəffaflıq, hesabatlılıq onların güvənini artırıb, peşəkar yanaşmanı ön plana çıxarıb.
Bu təşəbbüslər milli QHT sektorumuzun təsir və aktiv fəaliyyət coğrafiyasını, dairəsini genişləndirir, artıq Cənubi Qafqaz, Türk Dövlətləri Təşkilatı, MDB məkanı ilə məhdudlaşmırıq, şərti olaraq Qlobal Cənub adlandırdığımız coğrafiyada QHT-lər, beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıq qurulur, birgə təşəbbüslər həyata keçirilir. QHT sektorumuz COP29-la yanaşı, Azərbaycanın Qoşulmama Hərakatına uğurlu sədrliyi, neomüstəmləkəçiliyə qarşı mübarizədə ön plana çıxmasından, Bakıdan irəli sürülən qlobal təşəbbüslərdən (Bakı prosesi, Sivilizasiyalar arası dialoq təşəbbüsləri) dolğun yararlanmağa başlayıb. Xüsusən BMT, ATƏT müstəvisində QHT-lərimizin fəallığı çox artıb. Azərbaycan QHT-lərinin təşəbbüsü ilə yüzlərlə QHT ölkəmizin COP29-a ev sahibliyini və iqlim dəyişmələrinin idarəolunmasında irəli sürdüyü prioritetləri dəstəkləyib. Sonuncu dəfə BMT-nin “Gələcəyin sammiti” çərçivəsində “Gender Hub” İB və Pan-Afrika İqlim Ədaləti Alyansının (PACJA) birgə təşkilatçılığı ilə 35 ölkədən QHT-lərin 60 təmsilçisinin iştirak etdiyi “Daha inklüziv COP29-a doğru: iqlim ədalətinə nail olmaq üçün gender bərabərliyi və sahələrarası uzlaşma üzrə əsas meyillərin ümumi axına qoşulması” mövzusunda tədbiri təşkil olunub və ölkəmizin COP29-a ev sahibliyini dəstəkləyən birgə bəyanat imzalanıb.
“Environmental Protection First” – Ermənistanı silkələyən təşəbbüs
Artıq bir ildir ki, Ermənistanın qanunsuz dağ-mədən sənayesi əleyhinə mübarizədə QHT-ləri birləşdirən “Environmental Protection First” Koalisiyası aktiv fəaliyyətdədir. Koalisiya təşəbbüsləri, tədqiqatları, çağırışları ilə beynəlxaq təşkilatları, hətta Ermənistan ictimaiyyətinin, QHT-lərinin diqqətini çəkib. Koalisiya hazırda təkliflər təqdim etməklə beynəlxalq təşəbbüs və sazişlərdə özəl sektor və hökumətlərin dağ-mədən sənayesi ilə əlaqədar öhdəliklərinin gücləndirilməsi üçün çalışır.
Azərbaycan QHT-ləri Ermənistanın ekoloji cinayətlərinin dünya birliyinin diqqətinə çatdırılması istiqamətində real təşəbbüslərə imza atıb, artıq sözdən işə keçid baş verməkdədir. Uğurlu nümunələr kifayət qədərdir, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Azərbaycan Kartoqrafları” İctimai Birliyi 3 dildə - azərbaycan, ingilis və erməni dillərində “Ermənistan Respublikasının mineral xammal resursları” adlı xəritə hazırlayıb. Xəritədə Ermənistanın dağ-mədən sənayesi fəaliyyətinin mənfi ekoloji təsirlərini ifşa etmək üçün mühüm məlumatlar əks olunub.
Ermənistan və ABŞ-ın birgə layihəsi olan metallurgiya zavodunun Arazdəyəndə tikilməsi planın qarşısının alınmasında Azərbaycan QHT-lərinin digər ölkələrdəki tərəfdaşlarını səfərbər edərək davamlı etirazları müsbət nəticə verdi və ilk belə nümunə kimi tarixə düşdü.
Azərbaycan QHT-lərinin ölkəmizə qarşı informasiya hücumlarına, təxribatlara, qaryaxma kampaniyalara və aksiyalara, tədbirlərə qarşı passiv mövqeyi fəal, proaktiv reaksiya və təsir strategiyası ilə əvəzlənib. Azərbaycan QHT-ləri beynəlxalq gündəliyi diqqətlə izləyir və ölkəmizə qarşı həyata keçirilən, planlaşdırılan fəaliyyətlərlə əlaqədar gerçəkliyi əks etdirən, faktları diqqətə çatdıran, obyektiv analiz, ölkəmizin mövqeyini təqdim edən, saxta məlumatları ifşa edən müraciətlər, məktublar ünvanlamaqla, çağırışlar, aksiyalarla çevik reaksiya verirlər. Azərbaycan QHT-lərinin bu fəallığı öz nəticələrini çox gözlətmədi, artıq beynəlxalq təşkilat və platformalarda ermənilər, onları dəstəkləyən qüvvələr, qərəzli mövqeyi ilə seçilən təşkilatlar əvvəlki kimi opponentlər olmadan, rahat hədyan yağdıra bilmirlər. Azərbaycan QHT-ləri artıq beynəlxalq platformalar, təşkilatları cavabdeh saxlamaq bacarıqlarını kifayət qədər mənimsəyiblər.
Mühitin sağlamlaşdırılması
Yeni mərhələnin əsas səciyyəvi xüsusiyyətlərindən biri də islahatların həm şaquli, həm də üfüqi xarakter almasıdır. Bunun bariz təzahürü kimi Azərbaycan Milli QHT Forumunda həyata keçirilən islahatları qeyd etmək olar. Cari ildə Milli QHT Forumunun fəaliyyəti üçün normativ və institusional baza təkmilləşdirildi, yeni, çevik, kollegial idarəetmə forması tətbiq edildi. Forumun müasir, QHT-lərin üçün daim əlçatan zallarla, görüşlərin keçirilməsi üçün otaqlara malik ofisi QHT Evi arzusunu reallaşdırdı. Artıq sektorun QHT Evi var və onun əsas missiyası QHT-lərin professionalığını, beynəlxalq əməkdaşlığını gücləndirmək, fəaliyyəti əlaqləndirmək, uğurlu təcrübələri yaymaq və institusional dəstək verməkdir. Yaxın gələcəkdə Milli QHT Forumu ən müasir rəqəmsal platforma ilə də xidmətlərini, dəstəyini təqdim edəcək və cəmiyyətimizə QHT-ləri daha yaxşı tanıdacaq, dövlət orqanları ilə əməkdaşlığı dərinləşdirməyə kömək edəcək. Artıq Forumun təqdim etdiyi ödənişsiz imkanlara böyük təlabat müşahidə edilir və hazırda Milli QHT Forumunda davam edən institusional islahatlar yaxın gələcəkdə daha böyük töhfə verəcək.
Həm sektorun daxili təlabatı, həm də yeni inkişaf istiqamətlərinin açılmasına olan böyük ehtiyac QHT sektorunun fəaliyyəti ilə əlaqədar islahatların dərinləşdirilməsini zəruri edir. Vacib məsələlərdən biri kimi ictimai iştirakçılıq təcrübəsinin təkmilləşdirilməsidir. Bu sahədə kifayət qədər müsbət təcrübə əldə edilib. Bununla belə, artıq qətiyyətli addımların atılmasını qaçılmaz edən ciddi neqativ hallar kütləvi xarakter alıb. Bu sahədə ciddi qanunvericilik və institusional islahatlara ehtiyac olması ilə bağlı QHT-lərin yekdil qənaəti formalaşıb. Xüsusən İctimai Şuraların formalaşması, fəaliyyəti ilə əlaqədar yeni yanaşmaya, düşüncə dəyişikliyinə ciddi ehtiyac var və mühitin sağlamlaşdırılması tədbirləri vacibdir. Milli QHT Forumu artıq bu məsələlərlə bağlı 3 ictimai müzakirə keçirib, QHT-lərin rəy və təklifləri əlavə olaraq yazılı formada toplanıb, sistemləşdirilib və müvafiq dövlət orqanlarına təqdim edilib. Bu istiqamətdə ciddi islahatlar gözləniləndir.
Eyni zamanda QHT-lərin bilik və bacarıqlarının artırılması istiqamətində tədbirlər davam etdirilməlidir. QHT-lərin layihə təkliflərinin yazılması, layihə idarəçiliyi bacarıqlarının artması bir reallıqdır. Bu bütün cəmiyyət səviyyəsində aşkar görünür. QHT-lər cəmiyyəti narahat edən bütün sahələrdə fəallıq nümayiş etdirirlər və bunu şahid olmaq üçün Agentliyin sosial şəbəkələrdəki səhifələrinə bir dəfə olsun göz atmaq kifayət edəcək. Bu istiqamətdə müsbət tendensiyanı dəstəkləmək üçün artıq daha genişləndirilmiş təlim dəstəyinə ehtiyac var.
QHT-lərin beynəlxalq əməkdaşlığının, xüsusən TDT ölkələri, Qoşulmama Hərakatına üzv dövlətlər, Afrika, Cənubi Şərqi Asiya regionu ölkələri QHT-ləri, çoxtərəfli təşkilatlar ilə tərəfdaşlıq əlaqələrini genişləndirilməsi günün tələbi kimi qarşıda durur. Bu cür tərəfdaşlıq QHT-lərimizin qlobal əhəmiyyətə malik problemlərin həllində iştirakına, ölkəmizin xarici siyasət təşəbbüslərini dəstəkləməyə və ölkəmizə qarşı kampaniyalara adekvat beynəlxalq reaksiyanı təmin etməyə çox kömək edir.
Sistemli yanaşma və müasir baxış
Yeni mərhələnin əsas fokusu məhz QHT-lərimizin fəaliyyət coğrafiyasını, təsir dairəsini, əməkdaşlıq arealını Azərbaycandan kənarda genişləndirmək, ittifaqlar, platformalar yaratmaq, ölkəmizi kənarda təbliğ etmək, beynəlxalq dəstəyi artırmaqdır. Ölkəmizə yönəlik qərəzli addımlara, kampaniya və aksiyalara qarşı ən səmərəli mübarizə beynəlxalq tərəfdaşları səfərbər edərək cavab verməkdir. Təhlükəsizliyimizin, iqtisadi imkanlarımızın artmasının əsas şərtlərindən biri beynəlxalq arenada Azərbaycanın mövqelərinin güclənməsidir və bu istiqamətdə işləmək, beynəlxalq əməkdaşlığı gücləndirmək əsas strateji hədəfdir. Azərbaycanın təsiri, təşəbbüsləri Cənubi Qafqazı, MDB məkanının hüdudlarını aşaraq daha geniş coğrafiyada, Afrika qitəsində, Cənubi-Şərqi Asiyada, Avropa məkanında əks-səda verir, eyni mərhələdə QHT sektoru, onun ambisiya və imkanları da buna mütənasib şəkildə artmalıdır. QHT sektorunun bunun üçün böyük potensialı var və ondan gözləntilər böyükdür.
QHT-lərin fəallığı, uğurları artdıqca onlara etibar və inam da güclənməkdədir. Bunun bariz nümunəsi kimi Prezident İlham Əliyevin son vaxtlar çıxışlarında QHT-lərin müraciətlərini qeyd etməsidir. Dövlət başçısının qarşıda duran vəzifələrin həllində QHT-lərin, ictimai fəalların rolunu vurğulaması yüksək etimadın göstəricisidir. Dövlət tərəfindən bu istiqamətdə sektorun davamlı inkişafını, sistemli yanaşmanı təmin edəcək addımlar gözləniləndir.
Bu gün mürəkkəb dövlərdən birini yaşayan müasir dünyada Azərbaycan QHT-lərinin əsas vəzifəsi, amalı əldə etdiyi uğurlarla ölkəmizin möhkəmlənməsinə, inkişafına, cəmiyyətin rifahına xidmət etməkdir. Nailiyyətlər, uğurlar öz növbəsində QHT sektorunun müsbət reputasiyanı gücləndirir, neqativ təcrübələri unutdurur. QHT sektorunun nəaliyyətlərinin davamlı olması isə yeni çağırışlar, tendensiyalarla ayaqlaşmaqdan, dinamik inkişafdan asılıdır. Düşünürəm ki, hər birimiz üçün bu yanaşma əsas olmalıdır.
Zaur İbrahimli
Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü
KARUSEL / CƏMİYYƏT
Tarix: 16-10-2024, 10:45