mobil versiya

Vyetnamda 28 May – Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edilib



Vyetnamın ən mötəbər və müasir tədbir məkanı hesab olunan Ho Guom Opera səhnəsində 28 May – Müstəqillik Günü və Azərbaycan-Vyetnam strateji tərəfdaşlığının 1-ci ildönümü münasibətilə Hanoy şəhərində rəsmi qəbul, daha sonra Azərbaycan və Vyetnam bəstəkarlarının musiqilərindən ibarət təntənəli konsert proqramı təşkil olunub.

Bu barədə Azərbaycanın Vyetnam Sosialist Respublikasındakı səfirliyinin sosial media hesabında paylaşım edilib.

Vyetnamın dövlət və hökumət strukturlarının nümayəndələri, diplomatik missiya rəhbərləri və təmsilçiləri, mədəniyyət və ictimaiyyət xadimləri, iş adamları, Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının üzvləri-əvvəllər Azərbaycanda təhsil almış vyetnamlı məzunlar, media nümayəndələri və bu ölkədə yaşayan həmvətənlərimizin qatıldığı tədbirdə təxminən 750 nəfər iştirak edib.


 Hər iki ölkənin Dövlət himnləri səsləndikdən sonra Azərbaycanın Vyetnamdakı səfiri Şövqi Mehdizadə Müstəqillik Gününün Azərbaycan xalqının tarixində böyük əhəmiyyət daşıdığını və 108 il bundan əvvəl müsəlman Şərqində ilk demokratik parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulması ilə milli dövlətçilik ənənələrinin əsasında mühüm addımların atıldığını bildirib. Ş.Mehdizadə AXC-nin yaranmasının tarixi əhəmiyyətindən və gördüyü işlər barədə məlumat verərək, Azərbaycanın müstəqillik yolu və ötən dövrdə ölkəmizin əldə etdiyi mühüm nailiyyətlər barədə danışıb.


Ulu Öndər Heydər Əliyevin 1983-cü ildə Vyetnama və Vyetnam lideri Ho Şi Minin 1959-cu ildə Azərbaycana səfəri ilə xalqlarımız arasında dostluq münasibətlərinin əsasının qoyulduğu diqqətə çatdırılaraq, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın 2025-ci ilin may ayında Azərbaycana dövlət səfəri ilə bu tarixi əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi məmnunluqla qeyd olunub.

Ötən ilin ikitərəfli münasibətlər baxımından önəminə toxunan diplomat, Azərbaycandan Vyetnama çoxsaylı yüksək səviyyəli səfərin həyata keçirildiyini və cari ildə də bu dinamikanın davam etdiyini diqqətə çatdırılıb. 
Fəxri qonaq qismində Vyetnam Hökuməti adından çıxış edən xarici işlər nazirinin müavini Le Thi Thu Hang Müstəqillik Günü münasibətilə Azərbaycan Hökumətinə və xalqına təbriklərini çatdıraraq, ölkəmizin Müstəqillik Gününün tarixi əhəmiyyətini vurğulamışdır. Xanım Xanq ölkəmizin Avropa və Asiya sivilizasiyalarının qovuşduğu strateji mövqeyə malik olduğunu qeyd edərək, Azərbaycan xalqının milli quruculuq və inkişafda qazandığı böyük nailiyyətlərinin şahidi olmaqdan məmnunluq duyulduğunu və Azərbaycanın Avrasiya regionunda mühüm körpü rolunu oynadığını bildirmişdir. 
Ho Şi Minin Azərbaycana tarixi səfərindən sonra bu dostluq əlaqələrinin davamlı şəkildə inkişaf etdiyini diqqətə çatdıran vyetnamlı diplomat, Azərbaycan xalqının Vyetnamın milli müstəqillik uğrunda keçmiş mübarizəsində, həmçinin milli quruculuq və inkişaf işində göstərdiyi qiymətli dəstəyini, eləcə də minlərlə vyetnamlı tələbənin Azərbaycanda təhsil alaraq ölkələrinin inkişafına böyük töhfələr verdiyini xüsusi qeyd edib.


Nazir müavini keçən il Baş katib To Lamın Azərbaycana dövlət səfəri zamanı ölkələrimiz arasında strateji tərəfdaşlığın qurulduğunu, bu gün ikitərəfli münasibətlərin bütün sahələri üzrə geniş əməkdaşlıq imkanlarının olduğunu diqqətə çatdırıb. 
Sonra Azərbaycan bəstəkarı Qara Qarayevin 1955-ci ildə Sovet İttifaqının Vyetnama həsr etdiyi “Vyetnam” adlı ilk sənədli film üçün yazdığı “Vyetnam süitası” əsəri səsləndirilmişdir. Daha sonra Vyetnam lideri Ho Şi Minin dəvəti ilə 1959-1962-ci illərdə Vyetnamda kinematoqrafiya məktəbinin yaradılması məqsədi ilə bu ölkədə yaşayan və bu azərbaycanlı kinorejissor Əjdər İbrahimovun xatirəsinə (film tanınmış jurnalist Dilarə Əliyevanın təşəbbüsü ilə hazırlanmış və Səfirliyin dəstəyi ilə Vyetnam dilinə tərcümə olunmuşdur) həsr olunmuş sənədli film tədbir iştirakçılarına nümayiş edilib.
Son dövrdə iki ölkə arasında mədəni əlaqələrin inkişafında fəal rol oynayan Vyetnam Milli Musiqi Akademiyasının şöbə müdiri, əməkdar artist Bui Le Chi və pianoçusu Phan Dieu Linh Vyetnam milli musiqi alətində “Ey sevimli Cənub vətənimiz!” adlı əsəri ifa edib.

Tədbirin ikinci hissəsində dahi bəstəkarımız Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının ariyaları, eləcə də Vyetnamın azadlıq mübarizəsi dövrünün bəstəkarı Çing Cong Son məhşur vətənpərvərlik mahnısının yer aldığı konsert proqramı baş tutub. Tədbirdə iştirak məqsədilə Vyetnama səfər edən xalq artisti, opera müğənnisi Fidan Hacıyeva və Azərbaycan Dövlət Opera və Balet Teatrının pianoçusu Nüşabə İsanın “Gülçöhrənin naləsi” və “Aşıq oldum” ariya ifaları böyük coşquyla qarşılanmışdır. Eyni zamanda, vyetnamlı sənətçilər Ngo Huong Diep, Nguyen Anh Vu, Phan Dieu Linh və azərbaycanlı-vyetnamlı müğənni Sevinc Orucovanın (Nquyen) ayrılıqda və Fidan Hacıyeva ilə birgə Vyetnam dilində “Arşın mal alan” operettasından ariyalar qonaqların xüsusi alqışları ilə qarşılanıb.

Qeyd olunmalıdır ki, bu ifaların tarixi əhəmiyyəti ondan ibarət olmuşdur ki, dünyanın 75-dən çox ölkəsində indiyədək nümayiş olunan “Arşın mal alan” operettasının ariyaları ilk dəfə olaraq Vyetnam dilində səsləndirilmişdir. Əsərin tərcüməsi Səfirliyin təşəbbüsü ilə Vyetnamın tanınmış filoloq və pedaqoqları Nquyen Van Çiyen və Ha Viet An tərəfindən həyata keçirilib. 
 Tədbirin keçirilməsində əlavə olaraq Ho Guom Opera və Türk Hava Yolları dəstək göstərmişdir. 
Tədbir Vyetnam mediasında geniş işıqlandırılıb.


Reportyor.az 




KARUSEL / MƏDƏNİYYƏT
Tarix: Bu gün, 15:48