Qara Qarayevin “Vyetnam süitası” əsərinin Hanoyda premyerası olub
Azərbaycanın Vyetnamdakı səfirliyinin təşəbbüsü, türkdilli ölkələrin Vyetnamdakı səfirliklərinin dəstəyi və Vyetnam Milli Musiqi Akademiyasının təşkilatçılığı ilə Hanoy şəhərində dahi Azərbaycanın böyük bəstəkarı, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Qara Qarayevin (1918-1982) 1954-cü ildə “Vyetnam” adlı ilk sovet filmi üçün yazdığı “Vyetnam süitası” əsərinin premyerası keçirilib.
Əsər dirijor Honna Tetsuinin rəhbərliyi ilə Vyetnam Milli Simfonik Orkestri və Hanoy Filarmonik Orkestri tərəfindən ifa edilib, sözügedən film nümayiş etdirilib.
Azərbaycan-Vyetnam dostluğu üçün böyük hadisə olan “Vyetnam süitası” əsərinin premyerasında Vyetnamın yüksək vəzifəli şəxsləri, Hanoydakı diplomatik missiyaların rəhbərləri, musiqişünas-alimlər, digər yaradıcı şəxslər, gənclər iştirak ediblər. Vyetnamda indiyədək ifa edilməmiş əsərə böyük maraq nəzərə alınaraq, konsert Vyetnam Mərkəzi Televiziyası tərəfindən canlı yayımlanıb və lentə alınıb.
Konsertdən əvvəl çıxış edən Azərbaycanın Vyetnamdakı səfiri Şövqi Mehdizadə dahi Qara Qarayevin həyat və yaradıcılığı haqqında danışaraq, bəstəkarın dünya musiqi xəzinəsinə böyük töhfələri haqqında məlumat verib. Bəstəkarın “Vyetnam süitası” əsərinin iki xalqın dostluğunun gücləndirilməsinə çox mühüm töhfə olduğu qeyd edilib, bu dostluğun əsasını qoyan Ümummilli Liderlər Heydər Əliyev və Ho Şi Minin yaradıcı insanlara və mədəniyyət sahəsinə göstərdiyi diqqətdən söz açılıb, bununla bağlı hazırlanmış təqdimat konsert iştirakçılarının diqqətinə təqdim edilib.
Konsert proqramından sonra təşkil olunan ziyafət zamanı qonaqlara Azərbaycan milli mətbəxinin ləziz təamları təqdim olunub.
Tədbirə hazırlıq prosesində Azərbaycanın Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və musiqişünas-alim Nigar Axundova dəstək göstərib. Konsertdə fəxri qonaq qismində Qazaxıstanın Xalq artisti, görkəmli musiqiçi Aiman Musahocayeva iştirak edib.(azərtac)
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 15-12-2023, 14:35