mobil versiya

Qırğızıstan niqabı qadağan edir, tənqidçilər narahatdırlar..



Əhalisinin əksəriyyəti müsəlman olan Mərkəzi Asiya ölkələri arasında islam niqabını qadağan edən ən son ölkə Qırğızıstandır.

Fevralın 1-dən qüvvəyə minən qadağaya əsasən, ictimai yerlərdə niqab (bədəni, saçları və gözlər istisna olmaqla üzü örtən uzun geyim) geyinən qadınlara 2 min som (230 dollar) məbləğində cərimə tətbiq ediləcək.

Reportyor.az Azadlıq Radiosuna istinadla xəbər verir ki, Mərkəzi Asiyada qadınların islami geyimləri və kişilərin saqqalları uzun müddətdir ki hökumət kampaniyalarının və ictimai müzakirələrin mərkəzindədir. Regionun qətiyyətli dünyəvi hökumətləri islamın artan təsirindən narahatdır.
Qırğızıstan parlament üzvləri qadağanın təhlükəsizlik səbəbiylə zəruri olduğunu, insanların üzlərinin görünməsinin və şəxsiyyətlərinin müəyyən edilməsinin vacibliyini vurğulayır. Lakin tənqidçilər bu qadağanın qadınları öz geyim seçimində azadlıqdan məhrum edəcəyini düşünür.

"Bizim adətlərimizin bir hissəsidir"

Bu qadağa Qırğızıstanda din haqqında qanuna edilən düzəlişin bir hissəsidir. Yanvarın 21-də prezident Sadır Japarov tərəfindən imzalanan qanunda niqab (yerli dildə "parança" adlanır) açıq şəkildə qeyd olunmur. Lakin sənəd insanın şəxsiyyətini müəyyən etməyə mane olan geyimlərin dövlət idarələrində və ictimai yerlərdə qadağan olunduğunu bildirir. Bu qadağa iş tələbi və ya tibbi səbəblərlə taxılan üz örtüklərinə aid edilmir.
Parlament üzvləri və hökumətyönlü din xadimləri qadağanın saç və boynu örtən, amma üzü açıq islami geyim - hicaba şamil olunmadığını bildirirlər. Mərkəzi Asiyada məktəblərdə və ofislərdə hicab taxılmasına icazə verən yeganə ölkə Qırğızıstandır .


Ölkənin parlament sədri Nurlanbek Şakiyev keçən il qanun layihəsini təqdim edərkən bildirib ki, baş örtüyünə heç bir məhdudiyyət qoyulmayacaq. "Analarımız və bacılarımız həmişə baş örtüyü taxıb, bu da bizim ənənə və dinimizin bir hissəsidir", - o deyib.
Niqab ərəb dövlətlərində geniş yayılmış bir geyimdir. Qırğızıstanda niqab taxmaq ənənəsi olmasa da, son illərdə bəzi konservativ qadınlar arasında bu geyim daha da populyarlaşıb.

İntensiv müzakirələr

Qırğızıstanda niqabla bağlı illərdir ki intensiv ictimai müzakirələr aparılır. Onun artan populyarlığı 10 il əvvəl dövlətin dəstəklədiyi "Haraya gedirik?" adlı kampaniyanın başlanmasına səbəb olub.
2023-cü ildə deputat Şarapatkan Majitova ölkənin cənub bölgəsi olan Oş şəhərinə səfər edərək burada çox sayda yerli qadının niqab taxmasından şoka düşdüyünü bildirib, niqab əleyhinə kampaniya başladıb.
Majitova parlament iclası zamanı iddia edib ki, "Oşda hər dördüncü qadın niqab taxır və onların sayı gündən-günə artır."
Majitovanın kampaniyası həmçinin kişilərin saqqallarını da hədəf alıb, çünki saqqallar dini konservatizmin rəmzi kimi qəbul olunur. Deputat hökumət və parlamenti niqab və uzun saqqalları qadağan etməyə çağırıb, onları "təhlükəsizlik təhdidi" kimi xarakterizə edib.
Dövlət dəstəyi ilə fəaliyyət göstərən Qırğızıstan Müsəlman Ruhani İdarəsi açıq şəkildə bildirib ki, "hicab (baş örtüyü) müsəlman qadınları üçün vacibdir, amma niqab vacib deyil".


Lakin tənqidçilər xəbərdarlıq edir ki, qadağa niqab taxan qadınların cəmiyyətdən təcridinə səbəb olacaq. Niqab taxan 38 yaşlı evdar qadın AzadlıqRadiosunun qırğız xidmətinə bildirib ki, qadağa onun həyatını çətinləşdirəcək.
Kara-Su şəhərində yaşayan iki uşaq anası niqabı altı il əvvəl Rusiyada işləyən həyat yoldaşının tələbi ilə taxmağa başladığını deyib.
"İndi qadağa var və nə edəcəyimi bilmirəm. Həyat yoldaşım evə qayıdanda nə deyəcəyini bilmirəm. Qadağa haqqında internetdən oxuduğumdan bəri evdən çıxmamağa çalışıram. Çıxmalı olduqda üzümü tibbi maska ilə örtürəm", - qadın söyləyib.

Təhlükəsizlik naminə

Digər Mərkəzi Asiya ölkələri - Qazaxıstan, Tacikistan və Özbəkistan məktəblərdə, ofislərdə və dövlət binalarında hicabın da taxılmasını qadağan edib. Polis küçələrdə və bazarlarda reydlər keçirib, kişiləri uzun saqqallarını qırxmağa məcbur edib.
İslamın hər hansı açıq rəmzinə qarşı təzyiqlər daha çox təhlükəsizliyin qorunması və ənənəvi dəyərlərin müdafiəsi adı altında həyata keçirilir. Mərkəzi Asiya hökumətləri milli qadın geyimlərinin islami geyim tələblərinə uyğun olduğunu iddia edirlər.
Türkmənistan hicabı rəsmi olaraq qadağan etməsə də, qadınların işə gedərkən və ictimai tədbirlərdə türkmən milli paltarlarını geyinmələrini tələb edir. Bəzi hicab taxan qadınlara baş örtüklərini çıxarması üçün xəbərdarlıq edilməsi barədə məlumatlar mövcuddur.
Tacikistan qadınlar üçün ənənəvi tacik geyimlərini müntəzəm təbliğ edərkən, islami geyimləri, taciklərə yad saydığı paltarları qadağan edir.










KARUSEL / DÜNYA
Tarix: Bu gün, 14:56