mobil versiya

Eynşteynin müddəaları






“Cehizi qız evi almalıdır” və “Karantin bitsin, narmalnı oturaq”.

Son araşdırmalarıma görə, bu elmi müddəalardan birincisini Albert Eynşteyn 1903-cü ildə hələ ilk zövcəsi Mileva Mariçlə adaxlı olanda deyib.

Görünür, serb qohumları gələcəyin gənc və perspektivli fizikini bu cehiz mövzusunda əməlli-başlı bezdiriblərmiş. O da axırda fizikanın cehizlə bağlı yeni qanununu kəşf edəsi olub. Beləliklə, söhbəti birdəfəlik bağlayıb.

Onun ikinci sitatı isə, bəzi mənbələrə görə, 1918-20-ci illərdə dünyada tüğyan edən ispan qripi dövrünə aiddir. Daha bunu kimə deyib, orasını bilmirəm. Üstəlik, sözümün canı da bu deyil.

Əslində, Eynşteynin xeyli ciddi mövzuda səsləndirdiyi bir sitat haqqında danışmaq istəyirəm. O deyib ki, dünyanın 8-ci möcüzəsi “qovuşmuş mənfəətlər” effektidir - kim bunu anlasa, qazanacaq, kim anlamasa, itirəcək. Siz də qazanmaq istəyirsinizsə, yazdıqlarımı axıra qədər oxuyun.

Eynşteynin “compound interest” adlandırdığı bu möcüzə bizə ilk baxışdan əhəmiyyətsiz görünən nəticələrdir. Amma elə ki, onlar axırda bir yerə toplandı, baxıb görürsən ki, bahoo, ortada əməlli-başlı iş varmış!

Baxın, bu yazını hələ oxumamış birindən qəfil soruşsalar ki, sənə elə indi 5 min manat nağd pul versələr götürərsən, yoxsa pulu birinci gün 1 manat, ikinci gün 2 manat, 3-cü gün 4 manat, dördüncü gün 8 manat, beşinci gün 16 manat və bu şəkildə artan sıra ilə bir ay ərzində almaq istərdin? Adam dərhal deyəcək, bir iki manat nədi, 5 min manatı bəri elə görüm! Riyaziyyatı yaxşı bilənlər isə hesablaya bilər ki, müəyyən bir nöqtədən sonra toplanan rəqəmlər silsiləsi ayın sonunda 5 min manatdan xeyli çox edir. Deməli, bəri başdan, necə deyərlər, “burada və indi” qazanmaq istəyən biri irəli düşmək istəyərkən, xeyli geri düşəcək.

Bu effekt həyatın bütün sahələrində işləyir. İndi bir qisim adam əlinə keçən motivasiya kitablarını oxuyub elə bilir ki, onların sonuncusunu bitirdiyi günün səhəri biznes uğurları ilə İlon Maskı itələyib keçəcək yerinə. Amma iş orasındadır ki, biz İlon Maskı görürük, bu səviyyəyə çatmaq üçün risklərə gedib batan iş adamlarından isə xəbərimiz yoxdur. Bizə Peleni, Messini göstərirlər, meydançada şil-küt olub kənara  çəkilən yüz minlərlə uğursuz futbolçudan xəbərsizik. Yaxud söhbət elə kitabdan düşübsə, müəyyən nəticələrə çatmaq üçün həftəyə böyük bir kitabxananın altından vurub üstündən çıxmaq mümkünsüzdür. Amma gündə çox yox, onca səhifə oxumaqla bir aya qalın bir kitabı həzmi-rabedən keçirmək asandır. İlə 12 kitab edir. Yaxud, fasilə vermədən gündə cəmi-cümlətanı üçcə söz öyrənməklə, müəyyən zamandan sonra hər hansı xarici dildə səlis danışmaq olar.

Bütün bunlar ailələrin, nəsillərin, ümumən cəmiyyətin inkişafına da aiddir. Kasıb ailədən olan bir uşağın normal qanuni yolla iki günün içində uğur qazanıb zənginləşməsi yüz mində bir hadisədir. Real həyat hind kinolarından çox fərqlənir. Səhv eləmirəmsə, Rasselin bu mövzuda yaxşı bir məqaləsi var. İllər əvvəl oxumuşdum, indi tapa bilmirəm. Kim xatırlayıb linkini atsa, minnətdar olaram.

Əgər vaxtında “compound interest” effektindən istifadə edilməsə, insanların çoxu öz ömrünü valideynlərinin həyat standartları ilə aşağı-yuxarı eyni səviyyədə başa vurur. Onların gələcək övladları da eyni qaydada.

“Compound interest” effekti isə deyir ki, məsələn, rəhmətlik babanla nənən texnikum bitiribsə, onların dəstəyi ilə ata-anan institut məzunu olub daha yaxşı mövqeyə sahiblənibsə və təhsilinə pul xərcləməyə xəsislik etməyibsə, indi özünün dünyanın aparıcı universitetlərindən birində oxuyub çox yüksək məvacibli yaxşı bir işə düzəlmək şansın xeyli böyükdür. Ona görə irəli getmək istəyən hər kəs öz həyatını fəlsəfədəki inkarı-inkar qanuna uyğun qurmalıdır. “Compound interest” effektini də heç vaxt yaddan çıxarmamalıdır. Səndən əvvəlkilər o vaxt ancaq bura qədərini edə bilmişdilər. Sənsə öz kiçik uğurlarınla indi bu nəticəni daha da yaxşılaşdır, irəli apar. Səndən sonrakıların daha üstün bir nəticədən başlamasına imkan yarat.

Rejissor Həbib İsmayılovun “Ögey ana” filmindəki məşhur epizodu da arabir xatırlayaq. Orada müdrik ağsaqqal çoban Ayaza deyir ki, “Əgər sən Kənd Təsərrüfatı Texnikumunu bitirməsəydin, heç səni baş çoban qoyardılar?”

Gerisini karantin bitsin, narmalnı oturub danışarıq.

KARUSEL / YAZARLAR
Tarix: 11-01-2021, 10:52