Fransızların tikdiyi, Sultan ll Abdülhamitin açdığı, kimsəsiz qalan uşaq evindən - REPORTAJ
Dillərə dastan olan bir rəvayətin sorağı ilə Eminönü səmtindən gəmiyə minib İstanbulun ən böyük adasına - “Böyük ada”ya yola düşürük. Təxminən, iki saat sonra gəmi Mərmərə dənizinin mavi sularını keçib sahilə yaxınlaşır.
Beləliklə, nəqliyyat vasitəsi kimi, sadəcə, fayton və velosipedlərin istifadə olunduğu “Böyük ada”ya ayaq basırıq. Adada ziyarətçilər, əsasən, “Rum Yetimhanesi” kimsəsiz uşaqlar evinin yerləşdiyi yüksəkliyə doğru ya velosiped və faytonlarla, ya da piyada çıxırlar. Biz də üzüyuxarı adanın zirvəsinə doğru addımlayırıq. Adanın ən yüksək zirvəsində yerləşən kimsəsiz uşaqlar evinə çıxmaq bir qədər çətin və əziyyətlidir. Nəhayət, mənzil başına, 55 ildir yalnızlığa tərk edilmiş kimsəsiz uşaqlar evinə çatırıq. Hər gün minlərlə turistin ziyarət etdiyi uşaq evinin ətrafı bu gün də dünyanın dörd bir tərəfindən gələn turistlərlə əhatə olunmuşdu. Düzdür, uçma təhlükəsi olan binaya girişə icazə verilmədiyindən onlar hasara alınmış bölgədən tarixi tikilinin əzəmətli görüntüsünü izləyir və şəklini çəkirdilər. Bələdçilər adanın tarixcəsi ilə bağlı turistlərə məlumatlar verirdilər.
Bələdçi Ruhan Maral "Report"un Türkiyə bürosuna deyib ki, Avropanın ən böyük, dünyanın isə ikinci böyük taxta binası özəlliyinə sahib olan uşaq evini 1800-cü ildə fransızlar inşa edib. Əslində, ilk vaxtlar binanın Fransanın cənubundakı otellər kimi, kazino-otel olaraq istifadə olunması planlaşdırılır. Ancaq ada sakinləri buna icazə vermir və Osmanlı sultanı ll Abdülhamit xana şikayət edirlər. Təbii ki, sultan da xalqın haqlı narazılığını nəzərə alaraq buna əngəl olur. Daha sonra bina dövrün ən varlı yunan ailələrindən biri olan Andreas Syngros Vəqfi tərəfindən Balik Yunan Uşaq Evinin istifadəsi üçün 15 min Osmanlı lirəsi müqabilində alınır. Daha sonra Elina Zarife adlı xanım binanı alır və buranı kimsəsiz uşaqlar evinə çevirir.
1903-cü il mayın 21-də Sultanı ll Abdülhamit və Patriarx III İoakimin qatıldığı mərasimlə buna kimsəsiz uşaqlar evi olaraq fəaliyyətə başlayır. 206 otaqdan, geniş mətbəxdən, böyük kitabxanadan və 15 nəfərlik heyətdən ibarət olan uşaq evi ibtidai və müxtəlif peşə məktəbləri ilə yanaşı, yataqxanaya da sahib idi. İbtidai məktəbdə 3 yunan və 2 türk müəllim tədris edirdi. Uşaqlar ibtidai məktəbi bitirdikdən sonra binadakı sənət məktəbinə gedir, müxtəlif peşələri öyrənirdilər.
Ada əhlinin rəvayətinə görə, gecələr binadan ağlayan uşaq səsləri eşidilir. Belə ki, günlərin birində mətbəxdə çıxan güclü yanğında uşaqlardan əksəriyyəti ölür. Yanğından qaçan uşaqların bir çoxu isə binanın qarşısındakı böyük quyuya girirlər. Ancaq onlar da yanğın söndürüldükdən sonra unudulur və orada vəfat edirlər. Həmin faciədən sonra isə uşaq evi fəaliyyətini dayandırır. Ada sakinləri gecələr binadan yüksələn səslərin yanğında ölən uşaqların səsinin olduğunu hesab edirlər.
Bu kimsəsiz uşaqlar evi həmçinin dünyada uçma təhlükəsi olan 7 böyük tarixi əsər siyahısına salınıb. Bu gün qəzalı vəziyyətdə olan 120 yaşlı bina həyatda qalmaq üçün sözün əsl mənasında mübarizə verir.
Ada sakinlərindən biri olan Feyziyya Merd bildirib ki, 19 yaşında ailə həyatı qurub və buraya gəlin köçüb: "Hər gün uşaq evinin qarşısından keçərkən rahibələri və uşaqları görürdüm. Onlar hər zaman içəridə olurdular. Ancaq uşaqlar birdən-birə yoxa çıxdı. Biz də yanğın əsnasında buradaydıq. Düzdür, uşaqlardan ölənlər olmuşdu. Bu cür tərk edilmiş yerlərlə bağlı şəhər əfsanələri ola bilər. Ancaq həmin vaxtlar adada bu qədər insan yaşamırdı. Ona görə də bina sakinlərinin köməyinə yetişmək və onları xilas etmək mümkün olmadı. Hər halda gecələr binadan uşaq səslərinin gəlməsi şəhər əfsanəsi ola bilər. Bəlkə də buranı diri tutmaq, turist cəlb etmək üçün belə şeylər uydurulur. Mən çox inandırıcı olduğunu düşünmürəm".
Ziyarətçi Burcu Ünlü acı hekayəsi olan binanı gəzə bilmədiyinə görə təəssüfləndiyini söyləyib: “Binanın uçmaq təhlükəsi var. Təəssüflər olsun ki, içəri girə bilmədim. Bayırdan görüntüsü çox möhtəşəmdir. Düzdür, dik yamacı qalxmaq olduqca əziyyətli idi, ancaq bu mənzərəni görməyə dəyərdi. İnşallah, bina qısa zamanda təmir olunub yenə də kimsəsiz uşaqlara sığınacaq olar”.
Digər bir ada sakini Fikrət Orman binanın son bir ildə çox zərər gördüyünü və uçmaq təhlükəsi ilə üzləşdiyini vurğulayıb: “Bu gün nəhəng və əzəmətli bina təhlükə mənbəyidir. Zəlzələ və digər təbii fəlakətlər də ola bilər. Bina turistlərin üzərinə aşa bilər. Bu tikili Türkiyənin böyük tarixi dəyərlərindən biridir. Ümid edirik ki, ən qısa zamanda bina restavrasiya olunub yenidən həyata qaytarılar”.
MANŞET / MARAQLI / KARUSEL
Tarix: 9-10-2019, 13:09