Macarıstan - Azərbaycan matçını 15 minə yaxın uşaq izləyəcək
Azərbaycan millisinin AVRO-2020-nin seçmə mərhələsində Macarıstanla səfər matçını stadionda 15 minə yaxın uşaq izləyəcək.
"Report"un məlumatına görə, Macarıstan Futbol Federasiyası “Qroupama Arena”nı 14 yaşına çatmamış uşaqlarla doldurmaq üçün UEFA-nın intizam kodeksindən yararlanmaq qərarına gəlib.
UEFA daha öncə Macarıstan millisinə bir oyunluq cəza verib, buna baxmayaraq, 14 yaşdan kiçik uşaqlar qarşılaşmanı tribunadan izləyə bilər. Federasiya beş gün ərzində, təxminən, 15 minə yaxın müraciəti qeydiyyata alıb. Bu vəziyyətə görə stadionun qapıpıları daha erkən açılacaq.
Macarıstan yığması azarkeşlərin sentyabrın 9-da Slovakiya ilə ev matçı zamanı irqçi davranışlara yol verməsi səbəbindən sanksiya ilə üzləşib. Qərarə əsasən, sözügedən kollektiv növbəti ev oyununu azarkeşsiz keçirməli, milli federasiya isə 67,125 avro cərimə ödəməlidir.
Qeyd edək ki, Azərbaycan millisi oktyabrın 9-da Bəhreynlə səfərdə yoldaşlıq oyunu keçirəcək. Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv 4 gün sonra Macarıstan kollektivinin qonağı olacaq.
KARUSEL / İDMAN
Tarix: 8-10-2019, 19:30