Moralesi qoruya bilmədik
“O yaşıl yerləri dolaşıb gəzsən,
Şənlikdən başqa bir xəyal görməzsən”
(Nizami, həmin poemadan)
****Deyir atı atın yanına bağlayarsan, həmrəng olmasalar da həmxasiyyət olarlar. Bizim Parlament Jurnalistləri Birliyi adında qeyri-hökumət təşkilatımız hazırda bu ata sözünü isbat eləməkdədir. İstirahət günlərində təşkilatın üzvləri cəbhə xəttindəki rayonlarımıza baş çəkib əhalinin dərd-sərindən reportajlar hazırlamışdır. Zarafat edirəm, biz jurnalistlər çoxdandır bu işlərlə məşğul olmuruq. Əhali bizim nəyimizə lazımdır? Bəyəm əhali bizə ev tikib verəcəkdir? Bəlkə pul verib yazımızı alacaqdır? O üzdən indi biz yazmaqdan, göstərməkdən, səsləndirməkdən daha çox aksiyalarla məşğuluq. Müxalifət jurnalistləri mitinqə çıxıb “İstefa” qışqırır, iqtidar jurnalistləri də Bayraq günü münasibətiylə bayraq götürüb cəbhə xəttində o yan bu yana qaçırlar. Millət isə ortada bunlara baxıb gözünü döyür. Əslində hələ bu yaxşıdır, bir ara jurnalistlərimiz həlak olan əsgərlərə ehsan vermişdilər. Ehsanın dualarını isə yoldaş Amaşov oxumuşdu. Deputatı Hadı Rəcəbli, Hacı Madər olan parlamentin jurnalistləri də yəqin belə olmalıdır.
Ancaq bunları heç yazmazdım, nə işimə qalıb? Dərdimiz azdırmı? “Qoy millətdə ruh yaşasın” – şair demişkən. Sadəcə, həmin PJB-nin Bayraq günü tədbirlərindən bir reportajda məzəli informasiyaya rast gəldim. Sitat: “Aksiya Bərdədə başladı və iştirakçılar Bərdənin qəhrəman qızı, 12-ci əsrdə Bərdə hökmdarı olmuş Nüşabənin heykəlini ziyarət etdilər”. Görünür bu yoldaşlar elə zənn edir ki, bədii obraz, Nizami Gəncəvinin “İsgəndərnamə” poemasının qəhrəmanı Nüşabə tarixi şəxsiyyətdir. Əslində bunun günahı o heykəli real şəxsiyyətə abidə kimi qoyduran rayonun deputatı Zahid müəllimdədir. Yazıq jurnalistlərin də beynini qarışdırıbdır. Hələ lap qədimə getsək, Nizaminin də hadisədə günahı vardır, çünki Makedoniyalı İsgəndərin Bərdəyə gəlməsini uydurubdur. Gördüyümüz kimi, bir dəli bir quyuya daş atıbdır, neçə ağıllı çıxarda bilmir. İndi mən özümü Biləcəri hökmdarı ədalətli 1-ci Zamin elan edirəm, bəlkə min il sonra hansısa parlament jurnalistləri bu yazını tapıb oxudular, mənə heykəl qoydular. Dünya gop dünyasıdır. Bizim tarix də onun içində. Yaqub müəllimə gopologiya elminin inkişafında böyük uğurlar diləyib hoppanıram başqa temaya.
Tema isə budur ki, qoşulmayan ölkələrin Bakı qurultayı Boliviya prezidenti Eva Morales müəllimi xilas edə bilmədi. Əgər yadınızdadırsa, Bakıda keçən ay o iclas qayırılanda Venesuela prezidenti, keçmiş avtobus şoferi Maduro müəllim hamımızdan xahiş eləmişdi ki, gəlin Moralesi qoruyaq, dünya imperialistləri onu aşırtmağa çalışır. Biz PJB xəttiylə Boliviya səfirliyi önündə bayraq aksiyası elədik, Moralesə yardım üçün məktəblərdə süpürgə fondundan ayırmalar yapdıq, hətta bir həftə Qarabağı unudub Boliviyanın dərdini çəkdik, ancaq heç bir xeyri olmadı. Srağagün Morales müəllim xalqın etirazlarına dözməyib istefa vermişdir. Orda ümumiyyətlə it yiyəsini tanımır, bəzi şəhərlərdə yerli “hacıbalanı” tutub boya ilə rəngləyirlər. Hər halda, Azərbaycanın qoşulmayanlar hərəkatına başçılıq etməyinin siftəsi heç düşərli olmadı, bu bizi kədərləndirir, yəqin ki, ermənipərəst, antimorales qüvvələrin işidir.
Moskvada isə yazıçımız Çingiz Hüseynovun oğlu, rusiyalı filoloq alim Həsən Hüseynovun başı dərddədir. Həsən bəy rus dili haqda kəskin tənqidi fikirlər söyləyibdir, hətta onu “kloaka” adlandırıbdır. Viktor Hüqonu oxuyanlar yəqin bu sözü dərhal xatırladı. “Səfillər” romanında Hüqo Paris kanalizasiyasını kloaka adlandırır, elə bu söz latın mənşəli olub məhz çirkli suların, natəmizliyin, nəcisin axıdıldığı yer mənasını verir. Kloaka biologiyada bəzi suda-quruda yaşayanların ifrazat orqanı, bir növ “yoğun bağırsağıdır”.
Hüseynov Rusiyada yetərincə tanınmış dilçi alimdir, o üzdən ruslar da xeyli çaşıb qalıblar ki, görəsən bu kişi niyə belə eləyir. Ancaq alim izahat verdi və dedi ki, bununla rus dilinin jarqon şəklinə salınmasına, çirklənməsinə etirazını bildirir. Hətta Putin səviyyəsində Hüseynovun üstünə düşüblər, bugünlərdə Rusiya prezidenti rus dilini “Rusiyanın yumşaq gücü” adlandırıb, dünyanı tutmaqda bu dildən yararlandıqlarına işarə vurubdur. (Rus sektorunun, rusdilli məktəblərin dövlət təhlükəsizliyimiz üçün qorxusunu məhz bu baxımdan vurğulayırıq). Bütün təzyiq və təhdidlərə baxmayaraq, Hüseynov üzr istəmədi. Hazırda görkəmli rus yazıçı və alimləri Hüseynovun müdafiəsi üçün imza atıblar, söz və ifadə azadlığını qorumağa səsləyirlər.
Mən isə prosesi başqa yöndən fikirləşdim. Örnək üçün, hansısa alim burada, Bakıda belə fikir səsləndirə bilərdimi? Heç öz dilimiz haqda da yox, rus dili haqda! Onu söyən, təhqir edən yüzlərlə manqurt ortaya atılardı. Rus dilinin dünyanın ən zəngin dili olması haqda, guya bizim Azərbaycan türkcəsinin geri qalması haqda nağıllar danışardılar.
SON XƏBƏR / BANNER / KARUSEL / ÖLKƏ / YAZARLAR
Tarix: 11-11-2019, 18:25