mobil versiya

Azərbaycanda 2800 il yaşı olan qayaüstü mixi yazılı mətnin yeri müəyyən edilib



Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev, AMEA Arxeologiya və Antropologiya İnstitutunun Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən Xaraba-Gilan arxeoloji ekspedisiyasının rəisi, institutun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Bəhlul İbrahimli və tədqiqatçı Hüseyn Cəfərov İlandağ ərazisində e.ə. VIII əsrlərə aid qaya üzərində Urartu mixi yazılı mətnin yerini aşkar ediblər.

Bu barədə AMEA Arxeologiya və Antropologiya İnstitutunun rəsmi saytında məlumat yerləşdirilib. 


Xatırladaq ki, XX əsrin 80-ci illərinin sonunda Naxçıvan MR-dəki İlandağ ərazisində qaya üzərində göstərilən mixi yazılı mətn aşkar olunaraq elmi dövriyyəyə daxil edilmişdi. Lakin abidənin yeri dəqiq göstərilməmişdi. Bu illər ərzində dəfələrlə axtarış cəhdlərinə baxmayaraq, abidənin yerini aşkar etmək mümkün olmamışdı.

Qeyd edək ki, İlandağ ərazisindəki qaya üzərində mixi yazılı mətndə Urartu çarı I Sardurinin oğlu İşpuini (e.ə.820-810 cu illər) və onun oğlu Menua (e.ə.786-764 illər) mədh olunub. Mövcud tərcümə versiyasına görə, mətndə bu sözlər əks olunub: “Haldi tanrısının himayəsi altında Sardurinin oğlu İşpuini (və) İşpuininin oğlu Minua Arşini şəhərini fəth etdilər. Onlar (və ya o) Arşini şəhərinin torpağını fəth etdilər, onlar (və ya o) Aniani şəhərinin torpağını fəth etdilər və (və ya o) onu dağıtdılar.... o, Haldi tanrısı üçün bir stela ucaltdı. Puluadi torpağında bir ritual tətbiq etdi: O (ritualda iştirak edən) Puluadi torpağından Haldi tanrısına [bir öküz] və Haldi tanrısının arvadına bir inək qurban verə bilərmi?”.

Bu, Azərbaycanda Urartu mədəniyyətinə aid tapılmış ilk yazı nümunəsidir. Qayaüstü yazının araşdırılıb öyrənilməsi Azərbaycanın qədim tarixinin mühüm səhifələrinin aydınlaşdırılmasına imkan yaradacaqdır.


Reportyor.az 



KARUSEL / MƏDƏNİYYƏT
Tarix: Bu gün, 17:48