mobil versiya

Neftin ucuzlaşması nə dərəcədə təhlükəlidir?




Pərviz Heydərov yazır...

Dünya iqtisadiyyatında yaranmış vəziyyət, xüsusən də neftin qlobal bazarlarda satış qiymətinin 40 ABŞ dollarından aşağı düşməsi, yəni "qırmızı xətti" keçməsi artıq yeni böhranın başlandığı deməkdir. Hansı ki, mən də daxil, əksər iqtisadçılar tərəfindən bir az əvvəl belə bir vəziyyətin yaranacağı inkar edilirdi.

Neftin qiymətləri ilin əvvəlindən ucuzlaşmağa doğru start götürəndə qeyd etmişdim ki, bu davamlı ola bilməz. Çünki birincisi, bu OPEC+ ölkələri üçün sərfəli deyil. İkincisi də, Çin iqtisadiyyatında koronavirus amili bir azdan səngiyəcək.

Odur ki, mövcud atmosfer tezliklə sovuşub gedəcək və “qara bulud kütləsi” yoxa çıxacaq, başqa sözlə, koronavirusla bağlı neftin dünya bazar qiymətləri üçün yaranmış təhdid aradan qalxacaq - deyə, yazmışdım. Digər tərəfdən, Çin iqtisadiyyatının “əbədi tənəzzülü” onunla rəqabətdə olan, başda ABŞ olmaqla, nə Avropa Birliyi (Aİ), nə Böyük Britaniya, nə də bir çox digər ölkələr üçün sərfəli və məqsədəuyğun deyil.

Ancaq "sən saydığını say, gör fələk nə sayır" deyiblər.

OPEC+ ölkələri içərisində Səudiyyə Ərəbistanı ilə Rusiyanın arasında fikir ayrılığı və mövqelərdə ziddiyyətin ortaya çıxacağı əsla gözlənilmirdi.

Sual olunur, niyə?

Əvvəla, neftin dünya bazarlarında bundan əvvəl, 2014-2016-cı illər arasında ucuzlaşmasının qarşısı məhz OPEC+ ölkələri, xüsusən də Səudiyyə Ərəbistanı ilə Rusiya arasında hasilatı azaltmaq haqda anlaşma ilə alınmışdı. Belə ki, Ər-Riyad ABŞ-ın müttəfiqi olsa da, 5-6 il öncəki qiymət enişində Moskvanın mövqeyindən çıxış etməklə və birgə hərəkət etməklə öz iqtisadi mənafeyi naminə müttəfiqi əleyhinə olsa belə, birgə mövqe nümayiş etdirmək iqtidarında olduğunu göstərdi.

İstər 2018-ci il ərzində, istərsə də 2019-cu ildə ABŞ prezidenti Donald Tramp buna görə Səudiyyə Ərəbistanını dəfələrlə tənqid etmişdi. Başqa sözlə, neft baha olduğuna görə Ər-Riyad günahkar sayılırdı. Səudiyyə isə ötən müddət ərzində mövqeyindən bir addım da olsa geri çəkilmədi.

İkincisi, 60 dollar bütün neft hasil edən ölkələr üçün sərfəli qiymət səviyyəsi idi. OPEC+ ölkələrinin hasilatı azaltmaq haqda qərarlarından sonra 2017-2019-cu illər ərzində qiymətlər məhz bu rəqəm ətrafında sabitləşmişdi ki, bu və ya digər siyasi hadisə, proseslərin nəticəsində arada 60 dollardan aşağı və yuxarıya doğru hərəkət etsə də, heç bir halda bundan uzağa getməmişdi.
Yəni qiymətlər əslində onsuz da baha deyildi.

Üçüncüsü, Çində koronavirus məsələsi ortaya çıxmasa idi, neft əksinə, bahalaşmağa meyl edirdi. Belə ki, ortada heç bir iqtisadi səbəb mövcud olmasa da, Yaxın Şərqdə, Venesuela ilə Liviyada baş verən siyasi proseslər neftin qiymətinə onu yüksəlməyə sövq etmək yönündə təsir göstərməkdə idi.

Dördüncüsü isə, qlobal iqtisadiyyatda böhranın yenə də ABŞ iqtisadiyyatında başlayacağı proqnoz edilir və gözlənilirdi. Xüsusən də, bunun daha çox ABŞ-Çin, ABŞ-Aİ arasında ticarət anlaşılmazlığı, başqa sözlə, Vaşinqtonun başladığı proteksionist siyasətin nəticəsində meydana çıxacağı bildirilirdi.

Xatırladıram ki, ABŞ sonuncu dəfə 2008-2009-cu illərdə böhranla üzləşmişdi və bu dünyaya yayılmışdı. Həmin böhrandan sonra ABŞ iqtisadiyyatı inkişaf etməyə başladı və yüksək iqtisadi artım müşahidə olundu. Bir ara dollar buna görə sürətlə bahalaşırdı. Məhz sözügedən iqtisadi artıma görə Amerikanın mərkəzi bankı sayılan FES uçot dərəcəsini artırırdı. Halbuki, böhran illərində o təqribən 0 faiz həddində idi.

Eyni zamanda, Avropa İttifaqı ölkələrində, xüsusən onun lokomotivi sayılan Almaniyada iqtisadi inkişaf templəri yaxşı idi. O cümlədən, Çin iqtisadiyyatı da bir müddətdir durğun vəziyyətdən çıxmış kimi görünürdü.

Bütün bunlarla rəğmən, rəqabət şəraiti getdikcə kəskinləşirdi ki, məlum olduğu kimi, ABŞ iqtisadiyyatında artım sürəti titrəməyə başlamış, FES isə uçot dərəcəsini artırmaq siyasətini artıq dayandırmışdı.

Ümumiyyətlə, dünya iqtisadiyyatının, o cümlədən aparıcı ölkələrin hər birinin iqtisadi inkişaf tarixinə diqqət yetirsək, müəyyən dövrdən bir böhranlı vəziyyətin ortaya çıxdığının adi hal olduğunu görürük. Bunun səbəbini sadəcə olaraq, qabaqcadan proqnozlaşdırmaq və vaxtını bilmək çətindir.

Sözüm bunda deyil. Bəli, dünya iqtisadiyyatında böhran başlayıb və özü də gözlənilməyən bir şəraitdə... O cümlədən sürətlə, həmçinin daha ağır şəkildə... Budəfəki böhranın əlamətləri 2008-2009-cu illərdə ABŞ-da ipotekadan başlanan böhrandan daha kəskin və daha təsirli görünür. 2014-2016-cı illər arasında belə neft birdən-birə bu sürətlə və bu səviyyədə ucuzlaşmamışdı...

Bizə gəlincə, Azərbaycan ərazicə kiçik ölkədir. Qlobal böhranın bizi dərhal vura bilməsi mümkün deyil, amma dalğanın təsiri həmişə özünü göstərib və vəziyyət belə davam edərsə, indi də göstərəcək. Yəni bundan qaçmaq qeyri-mümkündür. Ona görə ki, bizim üçün indiyədək əsas tələb bu olub və indi də bundan ibarətdir ki, ölkəmizin gəlir mənbələrinin sayı artsın, bu sahədə şaxələndirilmiş vəziyyətə nail olaq. Buna isə müvafiq işlər və tələb olunan tədbirlər nə qədər sürətlə həyata keçirilsə də, hələ tam nail ola bilməmişik. Çünki bu qısa müddətdə nail olunası məsələ deyil.

Təkrar edirəm, neftin dünya bazar qiyməti 50 dollara enənədək təhlükə yox idi. Qiymət 50 dollardan aşağı düşərsə, ölkəmizdə mövcud makroiqtisadi göstəricilər və valyuta bazarındakı vəziyyət üçün bunun "qırmızı işığ"ın yanması, 40 dollara düşdükdə və bundan da aşağı həddə keçdikdə isə manatın məzənnəsi üzərində nəzarətin çətinləşəcəyi demək olduğunu yazmışdım.

2014-2016-cı illəri xatırlatmaq istəyirəm: həmin illərdə heç də qlobal böhran yox idi. Sadəcə olaraq, neftin qiyməti 40 dollara və ondan da aşağı düşməklə, makroiqtisadi dayanıqlığımız titrədi. Bu vəziyyətdən tam sığortalı deyilik. Və bu gün də bizim üçün əsas problem dünyada qlobal maliyyə və iqtisadi böhranın özü yox, onun məhz neftin qiymətini hansı həddədək ucuzlaşdıracağı məsələsidir!
Ancaq bir məsələ var ki, neftin qiymətləri bizdə dövlət büdcəsinə birbaşa təsir etmir. Ortada Dövlət Neft Fondu (ARDNF), yəni "təhlükəsizlik yastığı" var. Neftin qiymətinin təsirini ilk olaraq məhz adı çəkilən bu qurum üzərinə götürür ki, 2020-ci ilin dövlət büdcəsi gəlirlərinin 11350,0 milyon manatını və ya 47,0 faizini ARDNF-dən transfert təşkil edir. Bu məbləğin köçürülməsi neftin dünya bazar qiymətlərinin səviyyəsindən asılı olmayaraq həyata keçiriləcək. Yəni hər il olduğu kimi. Beləliklə də, dövlət büdcəsinin icrasında heç bir qeyri-sabitlik ortaya çıxmayacaq və çıxmaq iqtidarında da olmayacaq.

Bunu 2015-2016-cı illərdəki təcrübə də sübut etmişdi. Belə ki, həmin illərdə neftin dünya bazar qiymətləri hətta 40 dollardan aşağı düşdüsə də, ölkəmizdə dövlət büdcəsinin icrasında heç nə yarımçıq saxlanılmadı və qayçılanmadı. Dalğa ancaq valyuta bazarını, manatın məzənnəsini vurdu.

Bundan əlavə, bu il Azərbaycanın dövlət büdcəsində neftin qiyməti 55 ABŞ dolları götürülüb, keçən il isə 60 dollar idi. Bu ilin dövlət büdcəsində neftin dünya bazar qiymətinin 55 dollar götürülməsi müsbət addım idi, o mənada ki, bu ötənilkindən 5 dollar aşağıdır. Keçən il dünya bazarlarında qiymət faktiki 60 dollardan həmişə yuxarı oldu və 2020-ci ildə qiymətin bundan aşağı olmayacağı gözlənilirdi. Demək istədiyim budur ki, bu vəziyyətdə hökumət özü üçün riski artırmadı, əksinə, azaltdı.

Amma hazırda qiymət 40 ABŞ dolları həddinə qədər ucuzlaşıb. Ölkəmizin isə 52 milyard dollardan yuxarı xarici valyuta ehtiyatları var. Odur ki, bir sıra makroiqtisadi göstəricilərimizin neftin dünya bazar qiymətlərinin uzunmüddətli şəkildə 30-40 dollar səviyyəsində qalmasına dayanıqlı tab gətirəcəyi ən azı bu il üçün heç bir şübhə doğurmamalıdır.

SON XƏBƏR / İQTİSADİYYAT
Tarix: 11-03-2020, 12:30