mobil versiya

Hesablama Palatası ötən il 9 maliyyə auditi keçirib



Hesablama Palatası tərəfindən 2022-ci ilin İş Planına uyğun olaraq 9 maliyyə auditi keçirilib. 2022-ci ilin nəticələrinə əsasən, maliyyə auditlərinin sayı əvvəlki illə müqayisədə azalsa da, əhatə olunan məbləğdə artım qeydə alınıb. Keçirilmiş maliyyə auditlərinin əhatə məbləği 5573,3 manat təşkil edib.
Bu sözləri Hesablama Palatasının sədri Vüqar Gülməmmədov parlamentin aprelin 25-də keçirilən plenar iclasında Palatanın 2022-ci ildə fəaliyyəti haqqında Hesabatını təqdim edərkən deyib.
Onun sözlərinə görə, əvvəlki illərdə olduğu kimi, başa çatdırılmış maliyyə auditlərində və digər auditlərdə maliyyə hesabatlarının auditlərinin nəticələri ümumiləşdirilməklə iki istiqamətdə qruplaşdırılıb. Birinci qrupa maliyyə hesabatlarında məlumatların əks etdirilməməsi halları kimi əhəmiyyətli təhriflər aid edilib. Bu istiqamətdə təhrif məbləği 564,5 milyon manat təşkil edib. İkinci qrupa isə mühasibatlıq prinsiplərinə əməl edilməməsi, mühasibat yazılışlarının doğru verilməməsi nəticəsində məbləğlərin düzgün və müvafiq istiqamətdə əks olunmaması halları aid edilib. Bu istiqamətdə təhrif məbləği 233,3 milyon manat olub.
Hesablama Palatasının sədri, həmçinin deyib ki, bundan əlavə, aparılan maliyyə auditlərinin gedişatında bəzi hallarda müəyyənləşdirilmiş risklər nəzərə alınmaqla uyğunluq məsələləri də əhatə edilib və bu istiqamətdə aşkarlanmış maliyyə pozuntularının məbləği 2,9 milyon manat olub.

KARUSEL / İQTİSADİYYAT
Tarix: 25-04-2023, 13:45