mobil versiya

Milli Dram Teatrının tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb



Gürcüstanda keçirilən Nodar Dumbadze adına IV Beynəlxalq Teatr Festivalı təntənəli bağlanış mərasimi ilə başa çatıb. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Mədəniyyət Nazirliyinin dəstəyi ilə festivalda iştirak edib və məşhur gürcü yazıçısı Qoderzi Çoxelinin eyniadlı hekayəsi əsasında səhnələşdirilən “Küknarlara məktub” tamaşası ilə festivalda uğurla çıxış edib.
Teatrdan AZƏRTAC-a bildirilib ki, tamaşa festivalın beynəlxalq münsiflər heyəti tərəfindən yüksək dəyərləndirilib və münsiflərin qərarı ilə “Gürcü nəsrinin ən yaxşı interpretasiyasına görə” mükafatına layiq görülüb.
Festivala Azərbaycan və Gürcüstanla yanaşı, İspaniya, Qazaxıstan, Ukrayna, Portuqaliya və Özbəkistan teatrları da qatılıb.
Tamaşanın quruluşçu rejissoru Boris Şukin adına Teatr İnstitutunun məzunu Nigar Güləhmədovadır.
Milli Teatrın yeni səhnə əsərində Əməkdar artistlər Elşən Rüstəmov, Almaz Amanova, Ayşad Məmmədov, aktyorlar Rüstəm Rüstəmov, Ramin Şıxəliyev, Dilarə Nəzərova, Elçin Əfəndi, Firuzə Balayeva, Lalə Süleymanova iştirak ediblər.
Tamaşanın quruluşçu rəssamı Samirə Həsənova, işıq üzrə rəssamı Rafael Həsənov, musiqi tərtibatçısı Kamil İsmayılov, rejissor assistenti Dilbər İsmayılovadır.

Səhnə əsəri müharibədən qayıdan, çiynində küknar ağacı bitən yaralı əsgərin cəmiyyətə uyğunlaşa bilməməsi, hamı kimi normal həyatı yaşamağı bacarmaması haqqındadır. Ətrafında olan insanlar onu cəmiyyətə uyğunlaşdırmaq istəsələr də, bütün cəhdlər boşa çıxır. Yaralı əsgər cəmiyyəti yox, təbiəti seçir, ağaca və torpağa çevrilir. Müəllifin mövqeyinə görə ən ciddi qayıdış təbiətə olmalıdır.
Tamaşanın qəhrəmanı Beri yaralanmağına, müharibədə çəkdiyi bütün əzablara baxmayaraq, təbiətlə ahəngdə yaşayır, yaradana qayıdış yolunu tapır.
Yaşatmaq missiyalı insan müharibələrin vurduğu yaraları belə sağaltmaq istəyir. İnsan yaşadığı cəmiyyətdə və yer kürəsində özündən sonra iz qoyub getməli, canlı və canlıların yaşamasına xidmət etməlidir. Bu missiya ilə hətta yaralı əsgər belə çiynindəki küknarın yaşaması uğrunda savaş aparır. Bir canlını, təbiətin bir parçasını yaşatmaq istəyir.

KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 17-07-2023, 10:45