mobil versiya

Altıncı ANİMAFİLM festivalının müsabiqə iştirakçıları bəlli olub



Azərbaycan Animasiya Assosiasiyasının təşkilatçılığı və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi sentyabrın 6-dan 10-dək Nizami Kino Mərkəzində 6-cı ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı keçiriləcək.
Azərbaycan Animasiya Assosiasiyasının sədri, ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının direktoru Rəşid Ağamalıyev bildirib ki, festivalının seçim komissiyası müsabiqə proqramına daxil edilmiş filmlərin siyahısını elan edib.
Onun sözlərinə görə, filmlər beynəlxalq və uşaq münsiflər heyətləri tərəfindən qiymətləndiriləcək, qaliblər 6-cı ANİMAFİLM festivalının bağlanış mərasimində elan olunacaq. Münsiflər heyətlərinin üzvləri yaxın zamanda açıqlanacaq.
Bildirilib ki, festivala 46 ölkədən 174 film daxil olub. Seçim komissiyası müsabiqəyə 13 ölkədən 39 film qəbul edib. Bu filmlər 2 beynəlxalq və 2 yerli kateqoriyalar üzrə yarışacaq.
Qaliblərə - beynəlxalq müsabiqənin “Ən yaxşı qısametrajlı animasiya filmi – GRAND PRIX” kateqoriyası üzrə (1000 ABŞ dolları), beynəlxalq müsabiqənin “Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi” kateqoriyası üzrə (500 ABŞ dolları), yerli müsabiqənin “Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi” kateqoriyası üzrə (500 ABŞ dolları), yerli müsabiqənin “Ən yaxşı Azərbaycan tələbə qısametrajlı animasiya filmi” kateqoriyası üzrə (300 ABŞ dolları), eləcə də tamaşaçı rəğbəti və tərəfdaşların xüsusi mükafatları təqdim olunacaq
Qeyd edək ki, ANİMAFİLM festivalı 2018-ci ildən etibarən hər il təşkil etdiyimiz gerçək bir platformaya çevrilib. Festival uşaq və gəncləri, animasiya rejissorlarını və studiyaları bir araya gətirərək onları beynəlxalq təcrübə ilə tanış edir, peşəkar yerli və xarici animasiya ustaları ilə onları görüşdürüb yüzlərlə animasiya filmləri nümayiş etdirir, ustad dərsləri, konfranslar, konsertlər, tamaşalar və sərgilər keçirir.( Azərtac)

KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 21-07-2023, 10:23