mobil versiya

ASAN xidmət “InnoWeek 2023” tədbirində iştirak edib



Özbəkistan Respublikasının Ali Təhsil, Elm və İnnovasiyalar Nazirliyinin dəvəti ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin - ASAN xidmətin rəhbərliyi “InnoWeek 2023” tədbirində iştirak edib. 
Foruma 20-yə yaxın ölkədən və beynəlxalq təşkilatdan 8000-ə yaxın ziyarətçi qatılıb. Açılış mərasimində ASAN Xidmətlə, eləcə də Dövlət Agentliyinin digər fəaliyyət istiqamətləri ilə bağlı  məlumat diqqətə çatdırılıb.  Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən siyasətin mərkəzində məhz Azərbaycan vətəndaşının dayandığını, “ASAN xidmət” mərkəzlərinin yaradılmasının bu istiqamətdə həyata keçirilən mühüm islahatlardan biri olduğunu vurğulanıb.
Səfər zamanı Dövlət Agentliyinin nümayəndə heyəti Özbəkistanın müvafiq Nazirliyinin tabeliyində olan “INNO” Texnoparkın fəaliyyəti ilə tanış olub. Görüşdə Dövlət Agentliyinin tabeliyində olan “İnnovasiyalar Mərkəzi” ilə “INNO” Texnopark arasında imzalanmış inkubasiya və akselerasiya sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumunun icrası çərçivəsində həyata keçirilmiş işlər və planlaşdırılan layihələr barədə müzakirələr aparılıb.
Eyni zamanda səfər proqramı çərçivəsində  Özbəkistan Respublikasının ali təhsil, elm və innovasiyalar naziri ilə görüş keçirilib. Aparılan müzakirələrə əsasən dövlət idarəçiliyində sosial innovasiyaların tətbiqi, birgə inkubasiya və akselerasiya proqramlarının həyata keçirilməsi, eləcə də “ASAN müraciət”, “ASAN xidmət” mərkəzlərində tətbiq olunan digər rəqəmsal həllər və ASAN Radionun fəaliyyətinin Özbəkistanda tətbiqi ilə bağlı razılıq əldə edilib.


KARUSEL / CƏMİYYƏT
Tarix: 19-10-2023, 09:38