mobil versiya

Səfir: "Biz türk xalqları, eləcə də azərbaycanlılarla da möhkəm emosional bağları və qohumluq şüurunu yaşadan xalqıq"


Macarıstanın Milli Günü - 1956-cı il İnqilabının 67-ci ildönümü münasibətilə bu ölkənin Azərbaycandakı səfirliyi rəsmi qəbul təşkil edib.
Reportyor.az xəbər veriri ki, səfir Tamaş Torma ölkə tarixindən, ölkəsinin Milli Günü və ötən dövrdə keçdiyi inkişaf yolu haqqında məlumat verib.
"Oktyabrın 23-də biz 1956-cı il Macarıstan İnqilabının sovet zülmünə qarşı üsyan edən və öz ideyaları uğrunda mübarizə aparan qəhrəman və şəhidlərin xatirəsini yad edirik. Tariximizdə dəfələrlə olduğu kimi üsyan məğlub oldu, amma bizim ideyalarımız məğlub olmadı. 
Macarıstan Avropanın mərkəzində 1000 ildən artıq dövlətçiliyə malik, bu gün müstəqil, suveren, azad, Aİ, NATO üzvü və TDT-nin müşahidəçisi olan ölkədir"- deyə səfir bildirib.

"Biz 1000 ildən artıqdır ki, xristian adət-ənənələrini, zəngin milli irsimizi, türk xalqları ilə, o cümlədən azərbaycanlılarla da möhkəm emosional bağları və qohumluq şüurunu yaşadan xalqıq. Biz dünyanı bir çox cəhətdən oxşar görürük və oxşar baxışları paylaşırıq. Biz hər ikimiz milli mədəniyyətimiz, adət ənənlərimiz və irsimizlə fəxr edirik. Hər ikimiz müstəqilliyimizi və suverenliyimizi yüksək qiymətləndiririk, hər ikimiz inanırıq ki, bölgələrimizin, eləcə də dünyanın ehtiyacı olan ən çox sülhdür - ölkələrimizin, bölgələrimizin və dünyanın xeyrinə və insan əzablarına son qoymaqdır". 
Ölkələrimiz arasında münasibətlərə toxunan diplomat deyib ki, Macarıstanla və Azərbaycan arasında yaxın dostluq əlaqələri var və bütün sahələrdə əlaqələrimiz daim genişlənməkdədir. 
Azərbaycan hökuməti adından bayram münasibətilə macar xalqını təbrik edən əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycan və Macarıstan Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın həmsədri Sahil Babayev hər iki ölkənin rəhbərlərinin səyləri ilə Azərbaycan-Macarıstan arasında dostluq və əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini, bu münasibətlərin strateji tərəfdaşlıq, qarşılıqlı hörmət prinsiplərinə əsaslandığını deyib.
Nazir bu ilin yanvarında Prezident İlham Əliyevin dost ölkəyə rəsmi səfərini xatırladaraq deyib ki, səfər ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə böyük töhfə verib: "Səfər çərçivəsində imzalanmış sənədlər arasında strateji tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannaməni xüsusilə qeyd etmək olar. Ötən illərdə ölkələrimiz arasında imzalanmış 50-dən çox sənəd əlaqələrin hüquqi bazasının formalaşmasını təmin edib. Ölkəmizin işğaldan azad edilmiş ərazilərində aparılan bərpa və quruculuq işlərində Macarıstan şirkətlərinin fəaliyyətə başlamasını yüksək dəyərləndiririk".

İki ölkənin Hökumətlərarası Komissiyasının fəaliyyətinin əməkdaşlığın dərinləşməsində mühüm rolunu qeyd edən S.Babayev bu günə kimi Komissiyanın 9 iclasının keçirildiyini, 10-cu iclasının isə gələn ilin aprelində Bakıda keçirilməsinin nəzərdə tutulduğunuqeyd edib.
2023-cü ilin 8 ayı ərzində Azərbaycan və Macarıstanın ticarət dövriyyəsi 16 faiz artıb, Macarıstan şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərir. Nazir ölkələrimiz arasında birbaşa hava əlaqəsinin biznes və turizm sahələrində əməkdaşlığın genişlənməsinə töhfə verdiyini, həmçinin “Stipendium Hungaricum” təqaüd proqramı çərçivəsində hazırda Macarıstanda 700-dən çox Azərbaycan gəncinin təhsil aldığını diqqətə çatdırıb.
Nazir sonda əlavə edib ki, Azərbaycanla Macarıstan arasında əlaqələr bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək. 
KARUSEL / SİYASƏT
Tarix: 26-10-2023, 15:25