mobil versiya

Bakıda restoranlarda yeyib-içən qohumlar zəhərləndi - Biri ölüb, digərinin halı pisdir



Bakıda qohumlar restoranda yeyib-içdikdən sonra zəhərləniblər.

REPORTYOR.AZ
xəbər verir ki, hadisə ötən gün saat 11 radələrində Nərimanov rayonunda baş verib.

Belə ki, Sərxan Niyazi oğlu Bayramov və qohumu Cəlal Ələmdar oğlu Həmzəyev ilə birlikdə Koroğlu Rəhimov küçəsində yerləşən “Baku Voice Rooms” restoranında, daha sonra isə Nəsimi rayonu, Tbilisi prospektində yerləşən “Baku City” restoranında yeyib içiblər.

Bundan sonra qohumlar özlərini pis hiss ediblər. Dekabrın 23-də S.Bayramov Kliniki Tibbi Mərkəzə, C.Həmzəyev 3 saylı Şəhər Kliniki Xəstəxanasına “zəhərlənmə” diaqnozu ilə gətirilib.

Lakin həkimlər S.Bayramovun həyatını xilas edə bilməyib və o, Kliniki Tibbi Mərkəzdə ölüb. Digərinin isə vəziyyəti ağırdır.

Araşdırma zamanı S.Bayramovun meyitinə və hər iki restorana polis, prokurorluq və Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə baxış keçirilib. Orada olan spirtli içkilərdən nümunə götürülərək müayinə olunması üçün mütəxəssislərə təqdim edilib.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq; ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. İstintaq davam etdirilir.

KARUSEL / HADİSƏ / ÖLKƏ
Tarix: 24-12-2019, 17:00