Türkmənistan Elmlər Akademiyasının prezidenti AMEA-nın qonağı olub

Türkmənistan Elmlər Akademiyasının prezidenti, professor Allaberdi Aşırov, Məhtimqulu Fəraqi adına Dil, ədəbiyyat və Milli əlyazmalar İnstitutunun nümayəndə heyəti – direktor müavini, fil.e.d. Həzrətqulu Durdıyev, şöbə müdiri, fil.ü.f.d. Çarı Kulıyev və böyük elmi işçi Dövlətgəldi Seyidov AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun qonağı olub.
Qonaqları Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli qəbul edib. Görüşdə həmçinin institutun elmi işlər üzrə direktor müavini, fil.e.d., dosent Əzizağa Nəcəfzadə, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix ü.f.d., dosent Nigar Babaxanova, Türk dünyası əlyazmalarının tədqiqi şöbəsinin müdiri, fil.e.d., dosent Aygül Hacıyeva və Türkdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri, fil.ü.f.d., dosent Lamiyə Rəhimova da iştirak edib.

Görüşdən sonra Türkmən qonaqlar institutun Ekspozisiya zalını ziyarət ediblər.

Daha sonra qonaqlara böyük türkmən şairi və mütəfəkkiri Məhdimquli Fəraqinin əsərlərinin AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun fondunda mühafizə olunan əlyazma nüsxələri, ilk daşbasma nəşri variantı və müasir çap nümunələri, Azərbaycan dilinə tərcümələri, görkəmli mətnşünas Salman Mümtazın öz əli ilə köçürdüyü şairin türkməncə qoşmalarından ibarət sərgi təqdim olunub. Sərgi haqqında məlumatı Türkdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri, fil.ü.f.d., dosent Lamiyə Rəhimova verib.

Qonaqlar həmçinin Ekspozisiya zalındakı Ümummilli Lider Heydər Əliyev, Azərbaycan Demokratik Respublikasının Parlamenti və böyük mesenat H.Z.Tağıyev guşələrinə də tamaşa edib, həmçinin binanın tarixi, milli mədəniyyətimizin əsas qaynaqları olan əlyazmaların mühafizəsində Ulu öndər Heydər Əliyevin misilsiz rolu barədə ətraflı bilgi əldə ediblər.
Sonda Türkmənistan Elmlər Akademiyasının prezidenti, professor Allaberdi Aşırov Əlyazmalar İnstitutunun xatirə kitabına ürək sözlərini yazıb. Görüş iştirakçılarının ümumi xatirə şəkli çəkilib.
KARUSEL / CƏMİYYƏT
Tarix: 29-05-2024, 19:11