Düşənbədə İran-Tacikistan Texnologiya Mərkəzi yaradılacaq

Yaxın vaxtlarda Düşənbədə İran və Tacikistanın birgə yaratdığı Texnologiya Mərkəzi açılacaq.
Reportyor.az xəbər verir ki, bu barədə Tacikistan Respublikasının Prezidenti yanında İnnovasiya və Rəqəmsal Texnologiyalar Agentliyi məlumat yayıb.
Bu təşəbbüs Tacikistanın Baş naziri Kohir Rəsulzoda ilə İran İslam Respublikasının Birinci vitse-prezidenti Məhəmmədrza Aref arasında Düşənbədə keçirilən yüksək səviyyəli danışıqlardan sonra irəli sürülüb. Görüş zamanı İran və Tacikistan qurumları arasında dörd yeni əməkdaşlıq müqaviləsi imzalanıb.
Bunlardan biri Tacikistanın İnnovasiyalar və Rəqəmsal Texnologiyalar Agentliyi ilə İranın Elm, Texnologiya və Biliyə əsaslanan İqtisadiyyat üzrə Vitse-prezidenti yanında Beynəlxalq Elmi və Texnoloji Qarşılıqlı Əlaqələr Mərkəzi arasında imzalanmış İran-Tacikistan Texnologiya Mərkəzinin həyata keçirilməsinə dair Anlaşma Memorandumudur.
İran regionun texnoloji cəhətdən ən inkişaf etmiş ölkələrindən biri hesab olunur və rəqəmsal innovasiya və texnoloji inkişafda Tacikistanla fəal əməkdaşlıq edir.
Yeni mərkəzin elm və texnologiya sahəsində ikitərəfli əməkdaşlığı daha da genişləndirməsi və iki ölkə arasında tərəfdaşlığı gücləndirməsi gözlənilir.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 4-06-2025, 15:12