Tramp "gizli" bir şəhər inşa edir

ABŞ Prezidenti Donald Trampın adını daşıyan daha bir möhtəşəm layihə Körfəz bölgəsində üzə çıxıb.
ABŞ-nin "Newsweek" jurnalı tərəfindən yayımlanan peyk görüntüləri bu “gizli Tramp şəhəri”nin əsl miqyasını ortaya qoyub.
Omanın paytaxtı Məskata cəmi 15 dəqiqəlik məsafədə yerləşən bu layihə dəniz səviyyəsindən təxminən 430 metr yüksəklikdə, Yiti çimərliyi yaxınlığında həyata keçirilir. Kompleksin inşası Omanın “Vizyon 2040” strategiyasına uyğun aparılır. Bu strategiya ölkənin turizm potensialını gücləndirmək və xarici investisiyaları artırmaq məqsədi daşıyır. Layihəyə 500 milyon dollardan çox sərmayə qoyulub və bu, ölkənin ən dəyərli sahil zonalarından birində baş verir.

AIDA layihəsində 140 otaqlı lüks otel, beynəlxalq standartlara uyğun golf meydançası və "Trump Cliff Villaları" adlı dəniz mənzərəli eksklüziv yaşayış evləri tikilir. Hər bir villa 1 milyon dollardan baha qiymətə satışa çıxarılır. Məlumata görə, layihəni Səudiyyə Ərəbistanı mənşəli “Dar Global” daşınmaz əmlak şirkəti ilə Omanın dövlət turizm agentliyi “Omran Group” birlikdə həyata keçirir. Tikinti işləri Tramp ailəsinin şirkəti “Trump Organization”un brendi altında aparılır.
Qeyd olunur ki, layihənin infrastrukturu 2027-ci ildə tamamlanacaq, “Trump International Oman” otelinin isə 2028-ci ilin dekabrında açılması planlaşdırılır. ("AzPolitika.info")

MARAQLI / KARUSEL
Tarix: Dünən, 16:15