mobil versiya

“Ağciyər Xəstəlikləri”ndə ölüm diaqnozu qoyulan nənə necə sağ qaldı? (FOTO)



Bakıda 86 yaşlı nənəyə səhv diaqnoz qoyulub.

REPORTYOR.AZ xəbər verir ki, bu barədə "Bakıpost” saytının baş redaktoru Elçin Zahiroğlu bildirib. Onun sözlərinə görə, Ağciyər Xəstəlikləri İnstitutunda 86 yaşlı nənəyə ağır pnevmaniya diaqnozu qoyulub:

"Nənə ötən ilin dekabrında pnevmaniya diaqnozu ilə Ağciyər Xəstəlikləri İnstitutuna yerləşdirilmişdi. Şərait pis olduğundan onu daha yaxşı xəstəxanaya aparmaq qərarı verildi. Ölkənin ən müasir, böyük klinikalarından birinin rəhbəriylə danışdım. Həkim briqadası ilə xəstəni ora apardıq. Amma müayinə etdikdən sonra fikir dəyişdi: "Əziyyət verməyə dəyməz, kəskin pnevmaniyadır, buna qarşı vurulmalı olan antibiotiklər böyrəklərini dərhal sıradan çıxaracaq”.

Elçin Zahiroğlu qeyd edib ki, həkimlərin rəyindən sonra nənənin bütün qohumları onunla vidalaşmaq üçün Ağciyər Xəstəlikləri İnstitutuna gəlib:


"Həkimlər dedilər ki, "səhərə çıxmaz”. Bu sözdən sonra aləm bir-birinə dəydi. Naxçıvana toya gedən oğlu və digər ailə üzvləri gecəylə Bakıya qayıtdılar, qohum toyu təxirə düşdü. Səhərə kimi nəvələr, nəticələr adamın ayaq basmağa iyrəndiyi Ağciyər Xəstəlikləri İnstitutuna nənəylə vidalaşmağa gəldilər. Səhər açıldı, amma nənə ölmədi. Bir az ümid yarandı və başqa həkimlər axtarmağa başladıq. Tanıdığımız bir pulmonoloq var, təklif elədi ki, xəstəni onun işlədiyi DTX-nın hospitalına aparaq. Orada təkrar müayinə olundu. Həkim dedi ki, nənə pnevmaniya deyil, diaqnoz səhv qoyulub. Cəmi 3 gündən sonra nənə evə buraxıldı. Dünən nəvəsinin toyunda gördüm, yallı gedirdi... Nəticəsinin toyuna hazırlaşır”.

Qeyd edək ki, ötən il ərzində Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda (ET ACXİ) 114 ölüm faktı qeydə alınıb. Təkcə 2019-cu ilin yanvar ayı ərzində institutda 6 ölüm hadisəsi baş verib. Amma cari ilin yanvar ayı ərzində isə bu tibb müəssisəsində 19 ölüm faktı qeydə alınıb.

Bahar Rüstəmli 



SON XƏBƏR / BANNER / KARUSEL
Tarix: 11-03-2020, 16:50