mobil versiya

Prezident bu ölkələrin Azərbaycana yeni təyin olunmuş səfirlərinin etimadnaməsini qəbul edib



Prezident İlham Əliyev yanvarın 30-da Norveç Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Andreas Qaarderin etimadnaməsini qəbul edib.

Səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.
Prezident İlham Əliyev səfirlə söhbət etdi.
Dövlətimizin başçısı ölkəmizlə Norveç Krallığı arasında ikitərəfli əlaqələrin inkişafının önəminə toxundu. Əməkdaşlığımızın enerji sahəsi ilə başladığını deyən Azərbaycan Prezidenti mövcud münasibətlərin genişləndirilməsi baxımından yaxşı imkanların olduğunu vurğuladı.
Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzuladı.
Azərbaycana səfir təyin olunmasından və dövlətimizin başçısı ilə görüşdən məmnunluğunu ifadə edən Andreas Qaarder diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında münasibətlərin inkişafına töhfə verəcəyini vurğuladı.
Səfir Azərbaycanla Ermənistan arasında sülh gündəliyi ilə bağlı əldə olunmuş nailiyyətlər münasibətilə dövlətimizin başçısını təbrik etdi.
Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirirək, Azərbaycanın sülhün gücləndirilməsi üçün səylərini bundan sonra da davam etdirəcəyini dedi.
Andreas Qaarder ölkəsinin Azərbaycanda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunda yüksəksəviyyəli nümayəndə heyəti ilə təmsil olunacağını bildirdi.
Görüşdə həm Azərbaycanın, həm də Norveçin Avropa İttifaqının enerji təchizatçısı olduqları vurğulanaraq, bu xüsusda enerji təhlükəsizliyi məsəsələri müzakirə edildi.
Söhbət zamanı ikitərəfli gündəliyimiz, o cümlədən iqtisadiyyat, ticarət, enerji, həmçinin bərpaolunan enerji, sərmayələr, biznes ələqalərinin qurulması istiqamətlərində əməkdaşlıq, regionda nəqliyyat bağlantılarının qurulması məsələləri ətrafında fikir mübadiləsi aparıldı, COP30 çərçivəsində səmərəli tərəfdaşlıq yüksək qiymətləndirildi.

İlham Əliyev yanvarın 30-da Avstraliya İttifaqının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Salli-Ann Vinsentin etimadnaməsini qəbul edib.

Azərbaycanın dövlət başçısı yanvarın 30-da Yunanıstan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Maria K.Papakonstantinusu qəbul edib.

Səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.
Prezident İlham Əliyev səfirlə söhbət etdi.
Dövlətimizin başçısı Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis ilə COP29 çərçivəsində ölkəmizdə, ötən ilin sentyabrında BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında, həmçinin digər beynəlxalq tədbirlər çərçivəsində görüşlərini məmnunluqla xatırladı, həmin görüşlər əsnasında ikitərəfli əlaqələrimizin müxtəlif aspektləri ilə bağlı səmərəli müzakirələrin aparıldığını vurğuladı, bu dialoqun münasibətlərimizin inkişafı üçün çox önəmli olduğunu dedi.
Ölkələrimizin müxtəlif sahələrdə, o cümlədən bu gün qlobal təhlükəsizlikdə mühüm amil olan enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq etdiklərini deyən Azərbaycan Prezidenti gələcəkdə biznes nümayəndələri arasında daha çox təmasların olacağına, qarşılıqlı investisiya qoyuluşunun həyata keçiriləcəyinə, tərəfdaşlığımızın inkişaf etdirilməsində hər iki ölkənin səfirlərinin vacib rol oynayacaqlarına ümidvarlığını bildirdi.

Dövlətimizin başçısı səfirə fəaliyyətində uğurlar arzuladı.
Maria K.Papakonstantinus ölkəmizə səfir təyin olunmasından şərəf hissi keçirdiyini bildirərək, yaşıl enerji, kənd təsərrüfatı və digər sahələrdə ikitərəfli əlaqələrimizin inkişafı üçün səylərini əsirgəməyəcəyini dedi. Səfir ölkələrimiz arasında birbaşa hava əlaqəsinin olmasının önəminə toxundu.
Söhbət zamanı siyasət, iqtisadiyyat, energetika, investisiyalar, nəqliyyat, mədəniyyət, incəsənət, təhsil, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğu vurğulandı, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Reportyor.az 


KARUSEL / SİYASƏT
Tarix: Bu gün, 12:30