mobil versiya

Prezident Banqladeş və Ruanda səfirlərinin etimadnaməsini qəbul edib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 31-də Banqladeş Xalq Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Amanul Haqın etimadnaməsini qəbul edib.

Səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.
Prezident İlham Əliyev səfirlə söhbət etdi.
Dövlətimizin başçısı Azərbaycan ilə Banqladeş arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsinin zəruriliyini vurğulayaraq, siyasi əlaqələrimizin, eləcə də iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən ticarət, investisiya və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu dedi.
Prezident İlham Əliyev beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimizin bir-birini dəstəkləməsinin önəmini qeyd etdi.
Səfir Banqladeş Xalq Respublikasının Prezidenti Məhəmməd Şahabuddinin salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Banqladeş dövlətinin başçısına çatdırmağı xahiş etdi.
Dövlətimizin başçısı əvvəllər Banqladeş Prezidenti ilə təmaslarını xatırlayaraq Məhəmməd Şahabuddinin COP29-da iştirak edəcəyini məmnunluqla vurğuladı, ona fəaliyyətində uğurlar arzuladı.
Amanul Haq ikitərəlfi münasibətlərlə bağlı xoş sözlərə görə dövlətimizin başçısına minnətdarlığını ifadə etdi.
COP29-un əhəmiyyətinə toxunan səfir bu tədbirdə Prezident səviyyəsində təmsil olunacaqlarından məmnunluqlarını bildirdi.




Dövlət başçısı həmçinin, Ruanda Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Çarlz Kayonqanın etimadnaməsini qəbul edib.


Səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.
Prezident İlham Əliyev səfirlə söhbət etdi.
Dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsinin, ticarət, investisiya, insanlar arasında əlaqələr və digər sahələrdə əməkdaşlıq isitiqamətlərinin müəyyənləşdirilməsinin önəminə toxundu.
Prezident İlham Əliyev BMT, Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə ümidvar olduğunu bildirdi.
COP29-da Ruanda Prezidentinin iştirak edəcəyindən məmnunluğunu ifadə edən dövlətimizin başçısı bu tədbirin önəminə toxundu, onun iqlim dəyişmələri ilə bağlı qlobal səviyyədə müzakirələrin aparılması baxımından əhəmiyyətini vurğuladı və Azərbaycanın bu sahədə fəal iştirak etdiyini dedi.
Çarlz Kayonqa Ruanda Respublikasının Prezidenti Pol Kaqamenin salamlarını dövlətimizin başçısına çatdırdı və qeyd etdi ki, ölkəsinin Prezidenti COP29-da iştirakını səbirsizliklə gözləyir. Səfir vurğuladı ki, Ruanda Prezidenti ona Azərbaycan ilə əlaqələrə böyük önəm verdiyini deyib və ölkələrimizin bir-birindən uzaqda yerləşməsinə baxmayaraq, əməkdaşlıq üçün yaxşı imkanların olduğunu vurğulayıb.
Prezident İlham Əliyev salamlara və xoş sözlərə görə minnətdarlığını bildirdi, onun da salamlarını Ruanda dövlətinin başçısına çatdırmağı xahiş etdi.
Azərbaycan Prezidentinin ikitərəfli münasibətlərə dair söylədiyi fikirlərə görə minnətdarlığını bildirən səfir əlaqələrimizin genişlənməsi üçün səylərini əsirgəməyəcəyini dedi.
Görüşdə ölkələrimiz arasında iqtisadiyyat, ticarət, humanitar, elm və təhsil sahələrində əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparıldı.





KARUSEL / SİYASƏT
Tarix: 31-10-2024, 11:48