mobil versiya

“Gedin, kim borcunu ödəmirsə, işığını açıb tökün yerə” - "Azərişıq ASC"-nin rəhbər şəxsinin səs yazısı yayıldı (AUDİO)




Bakıda elektrik enerjisinə olan borcunu ödəməyən vətəndaşların işıqlarının kəsiləcəyi deyilir.

REPORTYOR.AZ xəbər verir ki, Bakı şəhəri, Suraxanı Rayon İşıq İdarəsi rəhbərliyinin öz işçiləri ilə telefon danışığının səsyazısı yayılıb.

Belə ki, Suraxanı rayonu "Azərişıq ASC"nin satış rəisi Anar Abdullayev borcunu ödəməyən vətəndaşların işıq xəttlərinin dağıdılmasını əmr edib. O, bildirib ki, bunu edən hər bir əməkdaş öz maaşı qədər "premya" alacaq.

Həmin səs yazısında deyilir:


“Uşaqların hamısına deyin, kim pulu yığsa, maaşı qədər “premya” yazılacaq. İndi sərəncam yazdılar, uşaqların adlarını istəyirlər. Mart-aprel aylarında kim pulu yığsa, maaşı qədər “premya” veriləcək – 600 manat. İndi hamımızın adını siyahılaşdırıb göndəririk Maliyyə İdarəsinə. Gedin, kim borcunu ödəmirsə, işığını açıb tökün yerə. Haranı istəyirsiz açın. İstəyir obyekt olsun, istəyir ev. Baş nazir də, Daxili İşlər Nazirliyi də tapşırıq verib ki, biz problem yaratmayacağıq, “Azərişıq”a kömək edəcəyik”.

REPORTYOR.AZ-a məlumat verən mənbə bildirib ki, bu əmri yerinə yetirməyən əməkdaşlar işdən çıxarılmaqla da hədələniblər.

“Azərişıq” ASC-nin mətbuat xidmətini rəhbəri Tanrıverdi Mustafayev isə Meydan TV-yə deyilənləri təkzib edib:


“Belə bir əmr yoxdur. O əmri yayan qoçaq kimdir ki, “Azərişıq”ın mətbuat xidmətinin bundan xəbəri yoxdur? O əmr, təlimat kimə gəlibsə, göstərsin, biz də bilək. Bütün günü nə işlər görülür, indiki çətin zamanda “Azərişıq” tərəfindən əhaliyə hər cür şərait yaradıılır. İşimizin bir hissəsi əhalini fasiləsiz enerji təchizatı ilə təmin etməkdirsə, bir hissəsi də istifadə olunmuş enerji haqlarının ödənilməsidir. Şükürlər olsun ki, bu işin də öhdəsindən layiqincə gəlinir. İndi kimsə hadisələrdən istifadə edib belə məlumat yayırsa, bundan xəbərsizik. Bizdə belə bir göstərişlə bağlı heç bir məlumat yoxdur”.

Koronavirus pandemiyası ilə bağlı yaranmış karantin dövründə əhaliyə hər hansı bir güzəştin tətbiq olunacağına gəlincə, Tanrıverdi Mustafayev bildirib ki, bu, onların səlahiyyətində olan məsələ deyil:

“Biz qanunverici orqan deyilik, icraçı bir strukturuq. Özbaşına deyilik ki, nəsə qanun qəbul edək. Ölkə başçımız, hökumətimiz nə tapşırıq verirsə, “Azərişıq” da ölkə qanunları çərçivəsində onu həyata keçirir.

Səs yazısını olduğu kimi təqdim edirik:




REPORTYOR.AZ

SON XƏBƏR / BANNER / KARUSEL / GÜNDƏM
Tarix: 1-04-2020, 16:50