“Amrahbank” da bağlanır? – müəssisələr hesablarını bankdan çıxarırlar
“Amrahbank” bağlanmaq təhlükəsilə üzləşib.
AFN-ə bu barədə məlumat verən mənbənin sözlərinə görə, artıq bankda bir sıra əməliyyatlarda məhdudiyyətlər qoyulub: “Bankın maaş kartlarından istifadə edən müəssisələr də xidməti banklarını dəyişirlər. “Amrahbank”da yaranmış bu durum vətəndaşları da təşvişə salıb, əmanətçilər bankdan pullarını çəkməyə başlayıblar”.
Qeyd edək ki, bankın vəziyyətinin qənaətbəxş olmaması artıq neçə müddətdir ki, müzakirə olunur. 2019-cu ili böyük zərərlə (11 mln. manat) başa vuran “Amrahbank”da proseslərin heç də ürəkaçan istiqamətdə getmədiyini deyən mənbəmiz bu günlərdə bankın ofisində qanunsuz valyuta alverinin aparılmasını da xatırlatdı: “Bildirilirdi ki, bir qrup şəxs bankın “Azadliq” flialının ofisində icarəyə götürdükləri otaqda qanunsuz valyuta mübadiləsi əməliyyatları aparıblar. Bir neçə günün içində milyonluq əməliyyat həyata keçirilmişdi. Bu, elə-belə məsələ deyildi və heç şübhəsiz ki, bank yetkililərinin qarışacağı var prosesə. Hər halda, yaxın vaxtlarda məsələyə aydınlıq gətiriləcək. Amma hər bir halda “Amrahbank”ın hazırkı durumu qənaətbəxş deyil”.
Xatırladaq ki, DTX-nın apardığı sözügedən əməliyyat zamanı bankın işçiləri olmayan Mahir İbrahimov, Vüqar Qədirov və Ənvər İdayətzadənin qabaqcadan əlbir olub qrup şəklində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan və xüsusi razılıq (lisenziya) almadan qanunsuz olaraq valyuta mübadiləsi fəaliyyəti ilə məşğul olmalarına və bununla da vətəndaşlara, təşkilatlara və dövlətə külli miqdarda ziyan vurmalarına əsaslı şübhələr müəyyən edilib.
Qeyd edilən fakta görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı ilə əlaqədar Mahir İbrahimov, Vüqar Qədirov və Ənvər İdayətzadə Cinayət Məcəlləsinin 192.2.1-ci (Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan külli miqdarda gəlir əldə etməklə sahibkarlıq fəaliyyəti ilə məşğul olma) maddəsi ilə şübhəli şəxs qismində tutulublar.
Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla digər təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri, habelə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Həmçinin, istintaqın gedişində “Amrahbank” ASC-nin “Azadlıq” filialının əməkdaşlarının qeyd edilən qanunsuz hərəkətlərin törədilməsində iştirak edib-etməmələrinin Azərbaycan Respublikasının Mərkəzi Bankının mütəxəssisləri tərəfindən araşdırılması təmin ediləcək.
“Amrahbank” ASC 1993-cü ildə yaradılıb. Bankın səhmdarları 4 fiziki və 1 hüquqi şəxsdir (Beynəlxalq İnvestisiya Bankı). ASC-nin səhm nəzarət paketi (53,17%) fiziki şəxs Yunis İldırımzadəyə məxsusdur.
Qarşı tərəfin mövqeyini öyrənmək üçün bankın PR meneceri Elmira Vəliyeva ilə əlaqə saxladıq. Xanım əməkdaş sualımızı aqressiv qarşılasa da, “Amrahbank”da heç bir problem olmadığını, bir neçə gün əvvəl keçirilən əməliyyatın davamı olaraq araşdırmalar aparıldığını bildirdi: “Ola bilsin kiminsə kartında fərdi olaraq problem yaranıb, ordan qaynaqlanıb bu söz-söhbət”.
BANNER / KARUSEL / ÖLKƏ
Tarix: 16-03-2020, 16:15