mobil versiya

Azərbaycan yorucu, ağır müharibəyə başladı...



Koronavirus sadəcə, yeni dünya düzəni deyil, həm də yeni ev, yeni məişət, yeni ünsiyyət, yeni münasibətlər düzənidir, Yeni həyatdır.
Alışmadığımız, bizə tamamilə yeni olan bir situasiya...

Alışa, öyrəşə bilmirik. Həyatımızı çətinləşdirən də budur.

Xüsusilə ictimai fəal insanlar olaraq evdə oturmağa çətinlik çəkirik, halbuki koronavirus panikası başlayanadək işdən, dərsdən, kütləvi tədbirlərdən, restoran çal-çağırlarından şikayət edənlər elə biz idik. İndi bizdən asılı olmayan səbəblərdən "münbit" şərait yaranıb: evdə oturmağa, uşaqlarla məşğul olmağa, yarımçıq qalan işlərimizi görməyə, ev telefonu ilə qohum-əqrəbaya zəng edib hal-əhval tutmağa...
Uzun müddətdir edə bilmədiyimiz, ancaq etmək istədiyimiz o qədər şeylər var ki!

Amma... Evdə... Evdə qalmaqla...

Bəli, evdə yalnız yatmağa deyil, evdə yaşamağa, evdə dincəlməyə, evdə ailə üzvləri ilə birlikdə səhər, günorta və axşam yeməklərini yeməyə, evdə işləməyə, evdə yaradıcılıqla məşğul olmağa öyrəşməliyik. Hətta vərdiş etməliyik. Çünki pandemik virusun bitəcəyi gün heç kəsə bəlli deyil. Deməli, hələlik bizim vəzifəmiz, bəşəriyyət, ölkə, millət, yaxın ətraf və ailəmiz qarşısında missiyamız evdə qalmaqla virusa yoluxmanın qarşısını almaqdan ibarətdir.

Vəziyyət həddən artıq kritikdir. Koronavirus qurbanlarının statistikası vəziyyətin nə qədər qorxulu və təhlükəli olduğunu göstərir. Dünyanın ən inkişaf etmiş ölkəsi olan ABŞ virusa yoluxanların sayına görə sürətlə birinciliyə qalxır. Avropanın ən iri dövlətləri - İtaliya, İspaniya, Almaniya pandemik virusun yayılmasının qarşısını almaqda acizdir. Qonşuluğumuzdakı İran və Türkiyədə rəqəmlər artan xətt üzrə inkişaf edir.
Rusiya da Azərbaycandakı kimi tədbirlər görür və deyəsən, virusun fəsadları bu ölkədə ona görə azdır: ərzaq mağazalarından başqa bütün alış-veriş mərkəzləri bağlanır, tətil, həftəlik qeyri-iş günləri elan edilir...

Dünyadakı bu acınacaqlı statistika fonunda Azərbaycandakı vəziyyət xeyli stabil görünür: bu saatadək 104 yoluxma, 3 ölüm faktı deməyə əsas verir ki, Azərbaycan hakimiyyəti bu böhranı vaxtında və düzgün qiymətləndirə bildi.

Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradılması, qonşu ölkələrlə sərhədlərin bağlanması, təhsil ocaqlarında dərslərin dayandırılması, xüsusi karantin rejiminin tətbiq olunması, Koronavirusla Mübarizəyə Dəstək Fondu və s. bu yöndə atılan təqdirəlayiq addımlardır. Digər ölkələrdəki vəziyyət Azərbaycanda indiyə qədər düzgün istiqamətdə iş aparıldığını göstərir. Amma gəlin görək, yalnız dövlətin rəsmi qurumlarının verdiyi qərar və tövsiyələrlə koronavirusun yayılmasının qarşısını almaq mümkündürmü? Cəmiyyətin bu qərarların icrasına münasibəti adekvatdırmı?
Təəssüf ki, reallıq xeyli fərqlidir. İctimai iaşə obyektlərinin müvəqqəti bağlanması insanlarımızın öz şəxsi planlarını təxirə salmağa sövq edirmi? Toplum həqiqətən koronavirusdan ehtiyat edirmi? Yaşlıların, uşaqların səhhəti ilə bağlı yetərincə məsuliyyət hissi keçiririkmi?

Sosial şəbəkələrdən gördüklərimiz budur ki, kafe və restoranların qapadılması nişan, xınayaxdı, ad günü məclislərinin qarşısını almır, sadəcə məkanlar dəyişib. Evlərə də nişan xonçaları aparılır, üzüklər taxılır, ad günü partiləri keçirilir. Rayonlara tətilə gedənlərimizin sayı da həddən ziyadədir. Hətta burdan Gürcüstana - Borçalıyadək yas mərasiminə gedən koronavirus daşıyıcısı xalalarımız da var...

Prezident İlham Əliyevin “Əgər burada hökumətlə vətəndaşlar arasında birlik olmasa, biz bu xəstəliyin acı fəsadlarını yaşamalı olacağıq” sözləri hamı tərəfindən ciddi xəbərdarlıq kimi qəbul edilməlidir. Xüsusilə vəziyyətin nəzarətdən çıxmaması üçün vətəndaşlar bu çağırışa diqqətlə yanaşmalı, deyilənlərə, tələb olunanlara riayət etməlidir. Qeyri-iş günlərinin uzadılması istirahət-gəzinti fürsəti deyil, insanların evdə qalması üçündür. Bu, insanları pandemik virusdan qorumağın yolu, üsuludur.

Evdə oturmalıyıq, məcbur olmadıqca evdən çıxmamalıyıq.

Çətindir, xüsusilə baharda, ən gözəl fəsildə, - anlayıram. Ancaq dediyim kimi, bu yeni düzənə alışmaq, öyrəşmək mümkündür!
Fikir verirsinizsə, artıq ölkədə onlayn sifariş xidməti genişlənməkdədir. Dükan və mağazalar, marketlər müştərilərə məsafəli alış-veriş xidməti təklif edirlər. Dünyada mövcud olan bu sistem artıq Azərbaycanda da sürətlə inkişaf edir. Telefonla və ya internet üzərindən almaq istədiyiniz hər şeyi sifariş verirsiniz və sifarişləriniz yaşadığınız ünvana gətirilir. Nə qədər asan, rahat və təhlükəsiz bir üsuldur. Vaxta qənaət edirsiniz, insanların sıx olduğu yerlərə getmirsiniz, növbələrdə dayanmırsınız, evdə oturursunuz və virusa yoluxmursunuz, başqalarını yoluxdurmursunuz...

Əslində çox şey etmək mümkündür. Bu günlərdə Real TV-də çıxış edən həkim Toğrul Abdullayevi dinlədinizmi? Apteklərdə maska tapa bilmədiklərindən gileylənən insanlara onu əldə etməyin ən asan yolunu təklif etdi: evdə özümüz də maska hazırlaya bilərik. Həkim 10 yaşlı qızının parçadan tikdiyi maska nümunəsini də efirdə göstərdi.

Bu o deməkdir ki, şikayətlənmək, narazılıq etmək, problem axtarmaq vaxtı deyil, problemlərin həllinə dəstək vermək vaxtıdır; evində köməksiz qalan yaşlı insanlara yardım etmək üçün könüllülərin meydanıdır.

Koronavirusla Mübarizəyə Dəstək Fonduna mövcud imkanlar daxilində ianə etmək vaxtıdır...

Bir sözlə, milli birlik və milli həmrəylik göstərmək üçün meydan da, təşəbbüs də bizdədir.

Birdəfəlik bilməliyik: Dünyada müharibə başlayıb – koronavirusa qarşı ağır, yorucu bir müharibə gedir. Bu müharibədə hazırda ən hazırlıqlı Azərbaycandır və çox layiqli müqavimət göstərir: Bu savaşda qalib gəlmək istəyirsinizmi?
Onda özünüzü qoruyun, evdən çıxmayın, təlimatlara əməl edin!
Sizin canınız dövlət üçün əzizdirsə, hər biriniz üçün vuruşursa, niyə özünüz üçün əziz olmasın!
Dəstəyə, birliyə, səfərbərliyə heç vaxt olmayan qədər ehtiyacımız var...
Özümüzü unutmayaq, İnsanlığı unutmayaq, İnsanları unutmayaq...
 
Aynur Camalqızı

BANNER / KARUSEL / GÜNDƏM
Tarix: 27-03-2020, 10:22