Çin Qran-Prisi yenidən Formula 1 təqviminə qaytarıla bilər
Ötən il dekabrın əvvəlində Formula 1 2023-cü ildə keçirilməsi nəzərdə tutulan Çin Qran-Prisinin COVID-19 ilə bağlı davam edən çətinliklər səbəbindən ləğv olunduğunu rəsmən elan etmişdi. Ancaq Çin hökuməti yarışı keçirmək niyyətindədir.
Bu barədə “Racingnews365” nəşri məlumat yayıb.
Bildirilib ki, son günlərdə Çində pandemiya ilə bağlı bir çox məhdudiyyətlər aradan qaldırılıb. Həmçinin yanvarın 8-dən beynəlxalq uçuşlar üçün bütün karantin tələbləri ləğv olunacaq. Bununla əlaqədar, Çin Qran-Prisinin təşkilatçısı “Juss Sports” şirkəti artıq Formula 1-ə mərhələni 2023-cü il təqviminə qaytarmaq və yarışı əvvəlcədən planlaşdırıldığı kimi aprelin 16-da keçirmək təklifi ilə müraciət edib.
Bu il Çin Qran-Prisi baş tutmasa, bu, Şanxayda yarışsız ardıcıl dördüncü il olacaq. Nəşrin məlumatına görə, yarış üç ildən çox ardıcıl olaraq keçirilməzsə, mərhələ ilə bağlı müqaviləyə xitam verilə bilər.
Qeyd edək ki, 2023-cü il Formula 1 Azərbaycan Qran-Prisi aprelin 28-30-da Bakı şəhər halqasında keçiriləcək.
KARUSEL / İDMAN
Tarix: 3-01-2023, 17:26