Türkiyə Mərkəzi Bankının sədri vəzifəsinə ilk dəfə qadın təyin olunub
Türkiyə Mərkəzi Bankının sədri vəzifəsinə Hafize Qaye Erkan təyin olunub.
Anadolu agentliyi xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bununla bağlı Sərəncamı “Rəsmi qəzet”də dərc edilib.
Türkiyə Mərkəzi Bankının ilk qadın sədri olan Hafize Qaye Erkan 1982-ci ildə İstanbulda doğulub. O, 2001-ci ildə Boğaziçi Universitetini sənaye mühəndisliyi ixtisası üzrə bitirdikdən sonra ali təhsilini ABŞ-da davam etdirib. 2005-ci ildə Prinston Universitetində əməliyyat araşdırması və maliyyə mühəndisliyi üzrə doktorantura təhsili aldıqdan sonra Harvard Biznes Məktəbində idarəetmə elmləri, Stanford Universitetində liderlik üzrə təhsil proqramlarını da bitirib.
Karyerasına 2005-ci ildə “Goldman Sachs”da başlayan Hafize Qaye Erkan burada işlədiyi 9 il ərzində ABŞ-dakı bir sıra böyük banklara konsultasiya xidmətləri göstərib. O, 2014-2022-ci illərdə “First Republic Bank”da bir sıra yüksək vəzifələrdə çalışıb, o cümlədən icraiyyə komitəsinin həmsədri, sədri, idarə heyətinin üzvü olub. Hafize Qaye Erkan ABŞ-da məşhur cəvahirat şirkəti “Tiffany & Co”nun və qlobal maliyyə xidmətləri göstərən “Marsh McLennan” şirkətinin idarə heyətlərinin üzvlüyündə də yer alıb.
“San-Francisco Business Times”ın 2018-ci ildəki araşdırmasına görə, Hafize Qaye Erkan ABŞ-ın ən böyük 100 bankında sədr və ya baş icraçı direktor vəzifəsində çalışan 40 yaşadək yeganə qadın olub. Bundan başqa, o, ABŞ-da maliyyə-bank sahəsində bir sıra nüfuzlu titul və mükafatlara da layiq görülüb.
Bank, sərmayə, risklərin idarəedilməsi, texnologiya və rəqəmsal innovasiya sahələrində mütəxəssis olan Hafize Qaye Erkan Prinston Universitetinin əməliyyat araşdırması və maliyyə mühəndisliyi fakültəsinin məşvərət şurasının üzvüdür.
KARUSEL / DÜNYA
Tarix: 9-06-2023, 11:33