Gürcüstan azərbaycanlıları ilə bağlı bu mənzərə təəssüf doğurur
“Mətbuatda Gürcüstanda yaşayan azərbaycanlı fəalların müsahibələrini izləyirəm. Azərbaycandilli məktəblərin azalmasından gileylənirlər. Son məlumata görə, 2008-2009-ci illərdə Gürcüstandakı Azərbaycan məktəblərinin sayı 124 idisə, 2017-2018-ci illərdə 82 Azərbaycan məktəbi qalıb. Gözlənilir ki, 2026-2027-cı illərdə isə Azərbaycan məktəbinin sayı 40-a düşəcək”.
Bunu araşdırmaçı jurnalist Elman Cəfərli deyib.
E.Cəfərli hesab edir ki, bu rəqəmlər təəssüf doğurur:“Borçalıda Azərbaycan dili unudulmamalıdır. Azərbaycan dilli məktəbləri qorumaq, Azərbaycan dilini, mədəniyyətini, adət-ənənələrini yaşatmaq lazımdır. Bizim başlıca işimiz soydaşlarımızın Gürcüstanı tərk edib getməsini əngəlləməkdir. Xüsusən beyin axınının qarşısını almalıyıq. Bunu rəsmi qurumlar və Bakıda fəaliyyət göstərən gürcüstanlı ziyalılar etməlidir. Bakıda klinikası, bankı olan zəngin gürcüstanlı Tiflisdə təhsil almış gənc kadrı yanına çağırmamalıdır. Qoy, intellektual gənclik Gürcüstanda qalsın, özünü oranın əmək bazarında reallaşdırsın, işi orada qursun”.
E.Cəfərli deyib ki, Azərbaycanlı gənclər gürcü dilini mükəmməl öyrənməli, gürcü cəmiyyətinə inteqrasiya olunmalı, siyasi institutlarda təmsil olunmalıdırlar. Azərbaycanın rəsmi qurumları, onların yan qurumları, zəngin iş adamları, media quruluşları Gürcüstanın hakim və müxalif partiyalarında təmsil olunan soydaşlarımıza dəstək verməlidir. Azərbaycanın iri şirkətləri gürcüstanlı soydaşlarımızı Avropanın, Amerikanın nüfuzlu universitetlərində bakalavr və ya magistr təhsili almasını təmin etməlidir. Bəzi soydaşlarımız futbol üzrə gürcü yığmasının Avro-2024-in pley-off mərhələsinə çıxmasına sevinirdilər. Ancaq mən sevinmədim. Çünki, gürcü klublarında və millisində 1 nəfər də olsun azərbaycanlı yoxdur. Nə Sovet dövründə olub, nə də son 30 ildə yaranıb. Gürcüstanın olimpiya komandalarında da azərbaycanlı idmançılar yoxdur. Bu mənzərə təəssüf doğurur”.
"Azərbaycanlıların Gürcüstanın hakimiyyət qollarında təmsil olunması bizim uğurumuzdur"deyən E.Cəfərli əlavə edib ki, “Azərbaycanın Konstitusiya Məhkəməsində bir gürcü hakim təmsil olunur. Gürcüstanın Ali Məhkəməsində, Konstitusiya Məhkəməsində, parlamentinin rəhbərliyində, Nazirlər Kabinetində azərbaycanlı kadr görmüsüzmü? 30 ildə belə bir fakt olmayıb. Azərbaycanda yaşayan gürcülərin sayı bir neçə mindir. Amma rəsmi məlumata görə Gürcüstanda 300 mindən çox azərbaycanlı yaşayır. Qeyri-rəsmi rəqəmlər bundan da çoxdur. Ümumilikdə müsəlmanların sayı 1 milyona yaxındır. Bu, 4 milyona yaxın əhalisi olan Gürcüstan üçün böyük rəqəmdir, seçkilərdə yetəri qədər səs deməkdir. Biz bu potensialdan istifadə etməliyik. Azərbaycanlılar Gürcüstanın icra sturkturlarında, məhkəmələrdə, bələdiyyələrdə, XİN sistemində təmsil olunmalıdır. O kadrları biz formalaşdırmalıyıq”. (Diaspora.TV)
KARUSEL / CƏMİYYƏT
Tarix: 20-08-2024, 16:23