mobil versiya

Vərni - Azərbaycana məxsus olan xovsuz xalça növü


 
Vərni bədii xüsusiyyətlərinə, naxışlarının orijinallığına görə fərqlənən, yalnız Azərbaycana məxsus olan xovsuz xalça növüdür.

Reportyor.az
xəbər verir ki, Azərbaycan Milli Xalça Muzeyində saxlanılan Qarabağ və Qazax (Ağcabədi, Bərdə, Ağdam, Kəlbəcər, Cəbrayıl, Naxçıvan və Qazax mahalının kəndləri) mahallarının maldar tayfaları tərəfindən istehsal edilən vərninin özünəməxsus kompozisiyası, ornamentləri, koloriti qədim dövrdən indiyədək dəyişməyib. İki hissədən ibarət olan bu xalçalar ortadan tikilərək birləşdirilir. Yun, pambıq və ipəkdən “qayıq” texnikası ilə toxunan vərnini Bərdə rayonunun Lənbəran kəndində “Həmyan” (iki yanı olan) adlandırırlar.

Vərninin əsas naxışı “S” yaxud “Z” hərflərini xatırladan stilizə edilmiş həndəsi biçimli əjdaha elementidir. Bu elementlər üfüqi və şaquli istiqamətdə rapportlar şəklində ardıcıl düzülüşü ilə sadə quruluşlu kompozisiya yaradır.


Azərbaycanın xalq tətbiqi sənətində əjdaha xeyri təmsil edir, çox zaman su məfhumuyla qoşa təsnif olunur. O, təsvir forması ilə axar suyu, üzərində üzən ördəklər isə saflığı, paklığı, bolluq gətirən mühafizəkar əjdahanı tərənnüm edir. Maldarlıqla məşğul olan tayfaların həyatında, ümumilikdə xalq təfəkküründə  əjdaha qüvvətli obraz kimi başqa şər qüvvələri dəf edir. Bu inancdan irəli gələrək insanlar vərnini divardan asaraq,  ailəni nəzərdən, şər qüvvədən və bəlalardan qoruyur. Vərni üzərində əjdahaların iki rəngdə verilməsi onun estetik təsir qüvvəsini artırır, ümumi koloritindəki qırmızı, ağ, sürməyi rəngli elementlər hesabına ritmik və dinamik görünür.


KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 3-10-2024, 17:56