mobil versiya

Azərbaycan Milli Xalça Muzeyi “Xalçaçı günü”ndə təmsil olunub


Azərbaycan Milli Xalça Muzeyi  “Xalçaçı günü” münasibətilə ölkəmizdə ilk dəfə təşkil edilən Milli Xalça Festivalında təmsil olunub.
Bu barədə muzeydən bildirilib.
Festival çərçivəsində keçirilən seminarda sənətşünaslıq üzrə fəlsəfə doktoru, muzeyin direktoru vəzifəsini müvəqqəti icra edən Mira Məmmədxanova Azərbaycan Milli Xalça Muzeyinin tarixi, kolleksiyalarının toplanması, həmçinin Quba xalça qrupuna aid “Pirəbədil” kompozisiyası haqqında çıxış edib. Əməkdar incəsənət xadimi, professor Kübra Əliyeva “Azərbaycanda yaşayan tərəkəmələr və onların toxuculuq mədəniyyəti”, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru, Əməkdar rəssam Məmmədhüseyn Hüseynov isə “Müasir xalçaçılıq sənətində baş verən təzadlar” mövzularında danışıb.
4-5 may tarixlərində baş tutan Festivalda muzey tərəfindən inklüziv xalça sərgisi təşkil olunub, Uşaq şöbəsinin əməkdaşları tədbir iştirakçıları, o cümlədən uşaqlar üçün xovsuz xalçanın toxunması və xalça ornamentlərinin rənglənməsi üzrə ustad dərsləri keçirib. Xovsuz xalça növü olan şəddənin toxunması üzrə ustad dərsinə fiziki məhdudiyyətli uşaqlar da qatılıblar.
Qeyd edək ki, Festival “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin təşkilatçılığı, İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun dəstəyi ilə həyata keçirilib.




KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 6-05-2024, 16:47