Bu il ətraf mühitlə bağlı ixtisaslar üzrə bakalavriat səviyyəsinə 1700-ə yaxın tələbə qəbul olub
İqlim dəyişmələri dünyamızı narahat edən qlobal problemdir. Onun həllinə bütün ölkələrin birgə səyi lazımdır. Azərbaycan da həmin təşəbbüslərə qoşulub və bu istiqamətdə bir sıra fəaliyyətlər həyata keçirilir. Təbii ki, təhsil iqlim dəyişmələrinin qarşısının alınması üçün həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılması istiqamətində ən mühüm alətdir. Ümumiyyətlə, təhsil və elmsiz bu problemi həll etmək mümkün deyil.
Bu mənada gənclərimiz iqlim dəyişmələri barədə ətraflı məlumat almalıdırlar. Onların yaranma səbəblərini bilməli, aradan qaldırılması yollarını araşdırmalıdırlar. Bu, təbii ki, təhsil müəssisələrində baş verməlidir. Uşaqların, gənclərin iqlim savadlılığının artırılması üçün onlarda bir sıra bacarıqlar, o cümlədən yaşıl bacarıqlar formalaşdırılmalıdır.
Bu fikirləri jurnalistlərə müsahibəsində elm və təhsil nazirinin müavini İdris İsayev deyib.
Yaşıl bacarıqların bütövlükdə ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın təmin edilməsi üçün bilik, bacarıq və səriştələr sistemi olduğunu bildirən İdris İsayev həmin bacarıqlar olmadan gənclərimizin müəyyən qərarları verməkdə çətinlik çəkəcəklərini diqqətə çatdırıb: “Məhz bu gün alternativ enerji mənbələrindən istifadə, tullantıların idarə edilməsi, biomüxtəlifliyin qorunması, kənd təsərrüfatının davamlı inkişafının təmin edilməsi, ətraf mühitin mühafizəsi üçün həmin bacarıqlar vacibdir.
İqlim dəyişmələri, ətraf mühitlə bağlı ixtisaslara da diqqət yetirmək lazımdır. Bu il ekologiya mühəndisliyi, hidrometeorologiya mühəndisliyi, meşəçilik, bitki mühafizəsi, su bioehtiyatları və akvabitki ixtisasları üzrə qəbul planı artırılıb. Həmin ixtisaslar üzrə bakalavriat səviyyəsinə bu il 1700-ə yaxın tələbə qəbul olub. Magistratura səviyyəsində isə təxminən həmin ixtisaslar üzrə qəbul olanların sayı 380 nəfərə yaxındır. Bu da 2020-ci ilə nisbətən 61 faiz artım deməkdir. Eyni zamanda, təhsil proqramlarında iqlim dəyişmələri ilə bağlı mövzulara diqqət yetirilməlidir. Düşünürəm ki, gənclər öz məsuliyyətlərini dərk edərək həmin bacarıqları əldə etməklə ümumi işə töhfə verəcəklər.
Ümumiyyətlə, yaşıl bacarıqlara tələbat artmaqdadır. Dünya yaşıl iqtisadiyyata doğru getdikcə həmin tələbat artır. Hesablamalara görə, hər il yaşıl bacarıqlara olan tələbat orta hesabla 8 faiz artır. Biz bu tendensiyaya uyğun addımlar atmalıyıq. Ölkəmizdə bu sahədə ciddi fəaliyyət həyata keçirilir və müəyyən edilmiş hədəflər tam reallaşacaq”.(azərtac)
KARUSEL / CƏMİYYƏT
Tarix: 4-10-2024, 13:07