Fələstin Dövləti: Əsirlərin edamı haqqında qanun müharibə cinayətidir

Fələstin Dövləti bildirir ki, əsirlərin edamı haqqında qanun müharibə cinayətidir və dünya ictimaiyyətinin gözü qarşısında İsrail ekstremizminin daha da dərinləşməsidir. Fələstinli əsirlərin edamını nəzərdə tutan qanun layihəsi İsrailin fələstin xalqına qarşı ifrat radikallığının və cinayətkar siyasətinin yeni bir təzahürüdür.
Xarici media bildirir ki, bu barədə Fələstin Dövləti bəyanat yayıb. Bəyanatda qeyd olunur ki, İsrailin məhkəmə sistemi və “Knesset” adlanan qurum işğalın cinayətlərini qanuniləşdirmək və cəzasızlıq mühitini möhkəmləndirmək üçün əlavə alətlərə çevrilib. Bu baxımdan, əsirlərin edamı haqqında qanun layihəsi hüquqdan və məhkəmədənkənar edam qərarıdır və Qəzza zolağında törədilmiş soyqırım cinayətlərinə daha bir cinayət əlavə etmək niyyətini ifadə edir; bu cinayətlər bu gün Şərqi Qüds də daxil olmaqla İordan çayının qərb sahilinə yayılır və əsirlərin taleyinə də kölgə salır.
Fələstin Dövləti, Knessetin bu gün birinci oxunuşda təsdiqlədiyi, fələstinli əsirlərə qarşı məcburi ölüm cəzasını nəzərdə tutan bu layihəni qətiyyətlə pisləyir.
Fələstin Dövləti bu layihəni legitimlik görüntüsü altında soyqırımın və etnik təmizləmənin davam etdirilməsinə yönəlmiş təhlükəli addım hesab edir; bu, Knessetin “qanunvericilik” pərdəsi altında müharibə cinayətləri və insanlığa qarşı cinayətlərini rəsmi olaraq elan etməsidir.
Fələstin Dövləti vurğulayır ki, təklif olunan bu qanun İsrailin hüquqi çərçivəsi daxilindəki irqi ekstremizm və faşizm meylini ifşa edir; halbuki bu, dörd Cenevrə Konvensiyası da daxil olmaqla bütün beynəlxalq müqavilə və normaların açıq-aşkar pozuntusudur.
Fələstin Dövləti təsdiqləyir ki, fələstin xalqı və onun rəhbərliyi bu layihəyə qarşı bütün hüquqi və siyasi vasitələrlə mübarizə aparacaq. Əgər dövlətlər onu təklif edən, təsdiqləyən və ya lehinə səs verən hər kəsi məsuliyyətə cəlb etmək üçün praktik addımlar atmazsa, bu qanunun hər hansı şəkildə qəbul edilməsi bəşəriyyət üçün silinməz bir ləkə olacaq və məhkəmədənkənar edamlarda şəriklik sayılacaq.
Fələstin Dövləti beynəlxalq ictimaiyyəti və hüquqi institutları işğalçı dövlətin bu təhlükəli kursuna dərhal diqqət yönəltməyə, ona qarşı çıxmağa, hesabatlılıq və mühakimə mexanizmlərini işə salmağa çağırır; bu istiqaməti dəstəkləyən Knesset üzvlərinin terror siyahılarına salınmasını, onların və bu irqçi institutun boykot edilməsini zəruri sayır.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: 4-11-2025, 15:53



























