mobil versiya

Saxta qidaları və içkiləri kimlər və harada hazırlayır - ilginc detallar



Ekspert: “Bu gün toylarda elə içkilər olur ki..., bunu həmin içkini süfrəyə verən şadlıq evi bilmir?”

Daxili İşlər Nazirliyi Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları Bakı şəhər sakini Nazim Elbrus oğlu Duşdurovun başçılıq etdiyi mütəşəkkil cinayətkar dəstəni yaxalayıb. Dəstə üzvləri şadlıq saraylarında və restoranlarda istifadə edilən xarici ölkələrdə istehsal olunmuş spirtli içkilərin boş butulkalarını yenidən qablaşdıraraq müxtəlif iaşə obyektlərində və şərab evlərində satışını təşkil edib. Boş butulkaları “şüşə sexləri” adı altında pərdələnərək fəaliyyət göstərən qəbul məntəqələrində toplamaqla təkrar qablaşdırıb yenidən satışa çıxarıblar. Duşdurova məxsus Nəsimi rayonunda yerləşən şərab evləri və anbarlarda, Xətai, Suraxanı və Binəqədi rayonlarında yerləşən sexlərdə müxtəlif xarici əmtəə nişanlarından istifadə edilməklə satış üçün hazırlanmış xeyli sayda saxta araq, brend viski adları olan “Jack Daniels”, “Chivas” butulkalarında qablaşdırılan saxta içkilər, tekila, saxta aksiz markalar, qablaşdırma üçün nəzərdə tutulmuş 60 min ədəd müxtəlif əmtəə nişanlı butulkalar və sair köməkçi vəsaitlər aşkar olunaraq maddi sübut kimi götürülüb. Spirtli içkilərdən götürülən nümunələrin ekspertizası zamanı müəyyən edilib ki, onlar istifadəyə tam yararsızdır. Həmin içkilərin tərkibində yüksək toksiki təsirə malik metil spirtinin miqdarı normadan dəfələrlə yuxarı olub. Mütəşəkkil dəstənin başçısı Nazim Duşdurov, dəstənin digər üzvləri Gürcüstan Respublikasının vətəndaşı Ayaz Şərifov, Ağdam rayon sakini Elçin Mirzəyev, Salyan rayon sakini Mirsüleyman Ağayev, paytaxt sakinləri İsmayıl Talıblı və Aydın Azayev barəsində cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə dəstə üzvləri barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

İstintaq tədbirləri davam etdiyi müddətdə saxta spirtli içkilərdən ölüm halları da baş verməkdə davam edir. Spirtli içki qəbul edəndən sonra ölən naməlum kişi Qaradağ rayonunda aşkar olunub. Küçədə təxminən 55-65 yaşlarında kişi meyiti aşkar edilib. Meyitin ilkin tibbi  müayinəsi zamanı naməlum şəxsin qəbul etdiyi alkoqollu içkidən zəhərlənərək öldüyü məlum olub. Meyitin kimliyinin müəyyən edilməsi istiqamətində araşdırma aparılır.

Son 2 ayda Azərbaycanda spirtli içkilərdən zəhərlənənlərin sayı kəskin artıb. Ölənlərin sayı 5-dən artıqdır. Spirtli içkidən zərəhlənmə diaqnozu ilə xəstəxanalara 20-dən artıq şəxs daxil olub.

Spirtli içkilərlə yanaşı saxta qida məhsulları da piştaxtalara yol tapır. İllərdir ki, palma yağı kərə yağı adı ilə istehlakçılara satılır. Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, ev 1C ünvanında yerləşən “Bizim Market” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus ticarət şəbəkələrində yoxlama keçiriblər.

saxta kərə yağı ile ilgili görsel sonucu

Marketlərdə “Belorusskaya Korova” əmtəə nişanlı saxtalaşdırılmış kərə yağının satışının həyata keçirildiyi aşkarlanıb. Araşdırma zamanı yağların ştrix kodunun saxta olduğu müəyyən edilib. Belə ki, ştrix kod “Foodini” MMC tərəfindən ölkəyə idxal olunan “Belaya Korova” əmtəə nişanlı kərə yağına aid olub. “Belorusskaya Korova” əmtəə nişanlı kərə yağı adı altında satılan yağın markalanmasında istehsalçısının “Luninec” ASC olması qeyd edilib. Belarusun “Luninec” ASC süd zavodu tərəfindən ünvanlanmış məktubda isə həmin şirkətin “Belorusskaya Korova” əmtəə nişanlı yağ istehsal etmədiyi göstərilib. Məlum olub ki, “Bizim Market” Məhdud Məsuliyyətli Cəmiyyətinə “Belarusskaya Korova” əmtəə nişanlı mənşəyi məlum olmayan kərə yağının sertifikatı kimi “SN Qida Təchizat” MMC tərəfindən təqdim olunan qida təhlükəsizliyi sertifikatı (“İdxalçı müəssisənin adı və ünvanı”, “göndərən müəssisənin adı və ünvanı”, “mənşə ölkəsi”, “yüklənmə yeri”, “istehsalçının adı və ünvanı bölmələri”) saxtalaşdırılıb. Yağdan götürülən nümunələrin laborator analizi zamanı yağ turşularının kütlə payının nisbəti normativ sənədlərin tələblərinə uyğun olmadığı, sözügedən məhsulun saxtalaşdırıldığı təsdiqini tapıb.  Qanunvericiliyin tələbləri çərçivəsində aşkarlanan faktlar üzrə materiallar hüquqi qiymətin verilməsi məqsədilə prokurorluq orqanlarına göndərilib. “Bizim Market” şəbəkələrinin 14 filialından ümumilikdə 12 ton 575 kiloqram məhsulun satışının dayandırılması və qadağan edilməsi barədə qərar qəbul edilib və göstərilən məhsul partiyası dövriyyədən çıxarılıb.  Məsələ ilə bağlı “Bizim Market” də açıqlama yayıb. “Bizim Market” MMC qeyd olunan yağı rəsmi qaydada “SN Qida Təchizat” MMC-dən alıb və buna görə istehsalçı “Bizim Market”ə AQTA-nın sertifikatını təqdim edib. Araşdırmalar zamanı məlum olub ki, “SN Qida Təhcizat” MMC-nin təqdim etdiyi sertifikat saxtadır və məhsul satışa çıxmadan, dərhal dövriyyədən çıxarılıb.

saxta içkilər ile ilgili görsel sonucu

2019-cu ildə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarət sahəsində ümumilikdə 1291 yoxlama həyata keçirib. AQTA sədri Qoşqar Təhməzli deyib ki, 748 təsərrüfat subyekti barədə inzibati xəta haqqında 792 protokol tərtib edilib: “629 inzibati cərimə, 36 işin aidiyyəti üzrə göndərilməsi, 21 xəbərdarlıq, 14 şərti cərimə, 6 iş üzrə icraata xitam verilməsi və 5 iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilib. Barəsində icraat aparılan şəxsin inzibati cərimə edilməsi haqqında qəbul edilən qərarlar əsasında 372 min 530 manat cərimə tətbiq olunub. 2019-cu ildə qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahədə aparılan yoxlamalar və idxal-ixrac nəzarəti tədbirləri zamanı ümumilikdə 108.2 min ton və 99.4 min ədəd (buğda, soya, arpa, ting və s.) məhsul zərərsizləşdirilib, 629 ton və 9734.9 litr məhsul məhv edilib, 33.3 ton məhsul isə utilizasiya olunub. Agentlik tərəfindən ölkə ərazisində fəaliyyət göstərən 1206 məktəbəqədər təhsil müəssisəsində monitorinqlər keçirilib”.

2019-cu ildə AQTA-nın fəaliyyət istiqamətləri üzrə mövcud qanunvericilik aktlarına dəyişiklik edilməsi barədə 6 qanun qəbul olunub, 9 fərman və 11 sərəncam imzalanıb. Nazirlər Kabineti tərəfindən mövcud qanunvericilik aktlarının uyğunlaşdırılması və yeni qaydaların təsdiqi ilə əlaqədar 7 qərar qəbul edilib: “Qida təhlükəsizliyi haqqında” Qanun layihəsi və uyğunlaşma paketi hazırlanıb, aidiyyəti dövlət orqanları ilə razılaşdırılıb. Qanun layihəsi uyğunlaşma paketi ilə birlikdə artıq Nazirlər Kabinetinə göndərilib. “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın uğurlu icra edilməsi üçün müvafiq işçi qrupları yaradılıb və Tədbirlər Planı hazırlanıb. Sanitar, fitosanitar və baytarlıq normalarının beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə Kodeks Alimentarius Komissiyası, Bitki Sağlamlığı və Heyvan Sağlamlığı üzrə İşçi qrupları yaradılıb və Tədbirlər Planı hazırlanaraq təsdiqlənib. Artıq 6 sanitar, fitosanitar, baytarlıq norma və qaydaları Agentliyin Kollegiyasının qərarı ilə təsdiq edilib, 20-dən çox layihə isə müvafiq Komissiya və İşçi qruplarda müzakirələrə çıxarılıb".
 
Q.Təhməzli eyni zamanda qeyd edib ki, bundan başqa 2019-cu ildə enerji içkilərinin insan həyatı və sağlamlığı üçün təhlükəsizliyinin təmin edilməsi məqsədilə “Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları” hazırlanıb və Ədliyyə Nazirliyi tərəfindən Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib.

“Yeni Müsavat” əməkdaşı zəhərləyən və öldürən içkilər, qida məhsulları ilə bağlı Azərbaycan Dövlət Aqrar Universitetinin Qida məhsulları mühəndisliyi və ekspertizası kafedrasının müdiri, professor Hasil Fətəliyevin fikirlərini öyrənib.

Hasil Fətəliyev deyib ki, bütün növ spirtlərin tərkibində metil var və yaxşı təmizlənməyəndə zəhərli təsiri üzə çıxır: “Metil spirti texniki spirtdir və içilməsi məsləhət deyil. Metil spirti birbaşa onurğa beynini iflic edir. Çox güclü təsirə malikdir. Hər spirtin tərkibində digər spirtlər də var. Spirtdə filtrasiya prosesi aparılır, spirt zərərli maddələrdən təmizlənir. Kustar üsulla spirt hazırlanarkən təmizlənmə lazımi qaydada aparılmır. Nəticədə belə spirtləri qəbul edənlərin orqanizmlərində fəsadlar əmələ gəlir, insanlar kor olur, dünyalarını dəyişirlər. Qida Təhlükəsizliyi Agentliyinin bu gün çox müasir tələblərə cavab verən lobaratoriyaları var. Əvvəllər belə idi ki, məsələn un istehsalçısı olan dəyirmanın hansı növbəsinin satışda olan unu istehsal etdiyini qutunun üzərindən öyrənmək olurdu. Bunu niyə edirdilər? Çünki bu insan qidasıdır, insan bu qidan qəbul edəndən sonra başına bir iş gəlsə, buna kimin cavabdehlik daşıdığını konkretləşdirmək mümkün olurdu. Unun içində şüşə parçası olubsa və bu insan bədəninə düşüb zərər yetiribsə, məsələni araşdıranlar unun hansı müəssisəsdə, hansı növbənin qablaşdırdığını öyrənir, müvafiq tədbirlər görürdülər”.
   
Hasil Fətəliyev ile ilgili görsel sonucu

Hasil Fətəliyev deyir ki, saxta qida məhsulları, saxta içki istehsalçıları ilə yanaşı belə məhsulların satışını həyata keçirən şəxslər də məsuliyyət daşıyırlar: “Biri saxta içki hazırlayır və həmin saxta içkini ucuz qiymətə satışa çıxarana ötürür. Burada iki tərəf var. İstehsalçı və satışı boynuna götürən şəxs. İstehsalçı bilir ki, saxta içkini satan var. İçkinin faktiki qiyməti 10 manatdırsa, bu adamlar 5 manata təklif edirlər. İctimai iaşə ilə məşğul olanlar saxta malı seçməyi bacarırlar. Bu gün toylarda elə içkilər olur ki, ağıza vurmaq mümkün deyil. Bunu həmin içkini süfrəyə verən şadlıq evi bilmir? Bilirlər, sadəcə ucuzluğuna görə götürüb süfrəyə çıxarırlar. Arağı istənilən məhsuldan almaq mümkündür. Hətta tullantı çirkab sulardan da texniki spirt almaq mümkündür. Əslində isə ən yararlı spirt buğdadan alınanıdır. Bununla belə həmin spirt də təmizlənməli, müəyyən inqredientlər - süd, kalium permaqanat vurulur, kömürdən keçirilir. Kustar üsulla hazırlanan spirtləri isə sadəcə təmizləmirlər. Viski, konyak ən çox saxtalaşdırılmaya gedən məhsuldur. Spirtə rəng vurub satışa çıxarırlar. Konyak şərabın qatı məhsuludur.

Konyak şərabın qaynadılaraq qatılaşdırılmasından alınır. 7 il palıd çəlləkdə saxlanılandan sonra konyakı satışa çıxarmalıdırlar. 1 şüşə şərabdan 100 qram konyak alınırsa, satışda konyakın qiyməti də 3-5 manat ola bilməz. Konyaka rəng vurulması qadağandır. Bunlar isə texniki spirtə rəng vurub verirlər satışa. Əlbəttə ki, belə içkilər ölümə səbəb olacaq. Qida Təhlükəsizliyi Agentliyini cənab prezident ona görə yaradıb ki, belə işlərin qarşısı alınsın. Düzdür, məşğul olurlar, müasir lobaratoriyaları da var. İntəhası işlər elə qurulmalıdır ki, elə mexanizmlər işlənməlidir ki, saxta mallar, vətəndaşların sağlamlığına zərər vuran, fəsadlar verən qidalar piştaxtalara qədər gedib çıxa bilməsin”.

Hasil Fətəliyev saxta, palma tərkibli yağların ziyanları barədə də fikirlərini bölüşüb: “Xarici ölkələrdə məhsulların üzərində ekoloji təmiz məhsulla digərləri ayrı-ayrı piştaxtalarda satılır: İstehlakçı özü seçim edir. İstəsə, ekoloji təmiz məhsulu və ya digərini alır. İstehlakçıya məhsul haqda doğru, dürüst məlumat verilməlidir. Bu istehsalçının və satanın vəzifəsi, borcudur. Palma yağı heyvan mənşəli yağlardan fərqli şəkildə orqanizm tərəfindən mənimsənilir. Palma yağı ziyanlı xüsusiyyətlərə malikdir, kərə yağı deyil və orqanizmə düşəndən sonra parçalanmır, damarlara çökür. Damarların elastikliyi zəifləyir, keçiriciliyi azalır. Son nəticədə ürək damar, şiş xəstəlikləri yaranır. Belə yağların orqanizm üçün fəsadları çox böyükdür. Belə yağları digərləri ilə qatırlarsa, bu mütləq qəbul edilmiş standartlar çərçivəsində olmalı, qablaşdırma üzərində bu haqda istehlakçıya onun oxuya biləcəyi şriftlərlə məlumat çatdırılmalıdır”.

Hasil Fətəliyev saxta məhsullar istehsal edənlərlə mübarizənin gücləndirilməsinin vacib olduğunu da deyib.
MANŞET / KARUSEL / GÜNDƏM / ÖLKƏ / REDAKTOR SEÇİMİ
Tarix: 19-01-2020, 18:30