2 min işsizdən 3 milyon alıb aradan çıxan Mətanətin FIRILDAQ SXEMİ - VİDEO
İşə düzəltmək adı ilə yüzlərlə insanın pulunu mənimsəyən “Mak Marin LTD” şirkətinin təsisçisi və rəhbəri Mətanət Süleymanzadənin fırıldaq sxemi bir neçə ili və fərqli 3 şirkəti əhatə edir.
REPORTYOR.AZ musavat.com-a istinadən xəbər verir ki, hazırda soyadı Həsənovadan Süleymanzadəyə dəyişdirilən Mətanət Zahir qızı haqda 2019 və 2016-cı illərdə yazılar dərc edilib.
“Yeni Müsavat”ın 17.04.2016-cı il tarixli sayında “Bakıda vətəndaşları aldadan fırıldaqçı qadınların əməlləri: milyonlar necə ələ keçirildi?” sərlövhəli yazıda Mətanət Həsənovanın 1200 nəfərə yaxın vətəndaşı aldadaraq 2 milyon 800 min manata qədər pul almasından söhbət açılırdı.
Vətəndaşlar demişdilər ki, onlardan pul aşağıda qeyd olunan sxem üzrə alınıb: “Topstaff LTD” şirkəti 2008-ci ildə yaradılıb. Şirkətin yaradılmasının məqsədi neft-qaz, həmçinin tikinti şirkətlərini avadanlıqlarla təmin etmək olub. Lakin 2015-ci ildən şirkət fəaliyyət istiqamətini dəyişməyə başlayıb. Elə bu müddətdən sonra şirkətdən şikayətçi olanların sayı hər gün artmağa başlayıb. 2015-ci ildən şirkətə cəlb olunan şəxslərə vəd edilib ki, treninqlər keçdikdən sonra onlar SOCAR, BP, “Bos Shelf”, “Pasha Construction”, “Tekfen”, “North-West”, “Lider-Monolit”, “Synergy group”a işə düzəldiləcəklər. Pul adlıqları şəxsləri bu şirkətlərə qaynaqçı, mexanik, elektrik, rəngsaz və s. kimi işlərə düzəldəcəklərini deyiblər. Lakin sonradan bu vədlərin heç birinə əməl olunmayıb.
“Topstaff LTD”nin Bakıda “Caspian plaza” və “ISR Plaza”da ofisləri olub. Bakı və Sumqayıt şəhərlərində, Qaradağ rayonunda treninq mərkəzləri açaraq gördükləri işlərin inandırıcı olduğunu göstərməyə çalışıblar. Vətəndaşları Bakıdakı neft şirkətlərinə işə düzəldəcəkləri adı ilə onlardan 10-15 min manata qədər pul alıblar.
Əvvəlcə pul aldıqları şəxsləri treninqlərə göndərən fırıldaqçı şəbəkə daha sonra onları işlə təmin edəcəklərini deyiblər. Lakin treninq müddəti başa çatdıqdan sonra müxtəlif bəhanələrlə vətəndaşları get-gələ salmağa başlayıblar. Treninqlər başa çatdıqdan sonra vədlər verməyə başlayıblar ki, guya yeni layihələr həyata keçiriləcək və buna görə bir müddət gözləmək lazımdır. Bu müddət ərzində insanları razı salmaq üçün onlara aylıq 200-300 manat maaş da verilib. Lakin 2016-cı ilin əvvəlindən şikayətçilərin sayı artdıqdan sonra bu şəbəkəyə pul verənlər aldadıqlarını başa düşüblər".
“Bakıda növbəti böyük fırıldaq - işə düzəlmək istədilər, işə düşdülər - təfərrüat” sərlövhəli yazı isə “Yeni Müsavat”ın 05.08.2019-cu il tarixli sayında dərc olunub. Həmin yazıda da Mətanət Həsənovanın eyni mahiyyətli əməllərindən söhbət açılırdı.
Redaksiyamıza müraciət edən Şirvan şəhər sakini Bəxtiyar Məmmədov demişdi ki, Mətanət Həsənovanın onun kimi aldatdığı 500-ə yaxın vətəndaş var: “Bizi bugünkü gün aldadırlar. Bizi inandırmaq üçün Balaxanıdakı maşınqayırma zavodunda 20-25 gün təlim keçib. 3-4 aydır ki, bizi aldadır. Hər ay deyir ki, gələn ay maaş olacaq. Məni elektrik işinə götürəcəkdi. Guya Mətanət Zahir qızı Həsənovanın ”Makstaff" şirkəti məni Bakı Gəmiqayırma Zavoduna elektrik vəzifəsinə işə düzəldəcəkdi. Bizə e-gov saytından çıxarılmış, işçi olmağımız barəsində olan arayışlar da verib. Sonradan bilmişik ki, faktiki e-gov-da barəmizdə heç bir məlumat yoxdur. İndi də deyir ki, gedin, kimə istəyirsiniz deyin".
“Mətanət Zahir qızı Həsənova bizi ”Makstaff" şirkətinə işə götürəcəyi adı ilə aldadıb. Sonra da şirkətin adını dəyişib “Makmerri” elədi. Özü yazır, özü pozur. Bəxtiyar Məmmədov Mətanət Həsənovanın onları aldadandan sonra şirkətin adını dəyişdirdiyini söyləsə də, soyadının dəyişdirilməsi haqda hər hansı bir məlumat verməmişdi.
Sitat: “Mətanət Zahir qızı Həsənova bizi ”Makstaff" şirkətinə işə götürəcəyi adı ilə aldadıb. Sonra da şirkətin adını dəyişib “Mak Marin” elədi. Özü yazır, özü pozur. Elə adam var ondan 300, eləsi var 50, bir çoxundan da 1000 manat pul alıb. Elə adamlar da var ki, onlardan 10 min manata qədər pul alıb ki, işə düzəldirəm. Hazırda ofisi Bakının Nizami rayonunda, Əlyar Əliyev 69 ünvanında, Keşlə bazarına yaxın “Fidan” gözəllik salonunun üstündə yerləşir".
Yayılan məlumatlardan belə aydın olur ki, Mətanət Həsənova, hazırda isə Mətanət Süleymanzadə soyadlı bir qadın ölkədə 2 mindən çox vətəndaşın işə qəbul olunmaq istəyini bu şəkildə özünün biznesinə çevirib. Son nəticə olaraq işsizlərin pulu da gedib, işə düzəlmək arzuları da reallaşmayıb. Ortada qazanan Mətanət Zahir qızı, itirən isə 2 mindən artıq vətəndaş olub. Onu da qeyd edək ki, hər dəfə Mətanət Zahir qızının saxlanılması xəbərindən sonra onun azad edilməsi xəbəri də gəlir. Milyonçu xanımın azad edilməsinin səbəbi haqda da ictimaiyyətə hər hansı bir açıqlama verilmir...
Qeyd edək ki, saxlanıldığı barədə xəbər yayılan “Mak Marin LTD” şirkətinin təsisçisi və rəhbəri Mətanət Süleymanzadənin əməllərindən əziyyət çəkənlər ATV-nin "BizimləSən" proqramına müraciət ediblər. Verilişə gələnlər işə düzəlmək üçün ona böyük məbləğdə pul ödədiklərini bildiriblər. Onların sözlərinə görə, "Mak Marin LTD” şirkətinin təsisçisi və rəhbəri insanları işə düzəltmək adı ilə yüzlərlə insanın pulunu mənimsəyib. M.Süleymanzadə insanları Azfen, Tekfen, BP və bu kimi nüfuzlu şirkətlərdə işlə təmin edəcəyinə inandıraraq pullarını mənimsəyib və komandası ilə birlikdə aradan çıxıb. Aldadılan şəxslər dələduza rast gəldiklərini yalnız ofis bağlandıqdan sonra tam anladıqlarını deyirlər.
Onlar qadını güdərək yaxalayıblar və pullarını tələb ediblər. Verilişə təqdim edilən videoda Mətanətin pulunu tələb edən insanlara "xahiş edirəm, birinci günə qədər dözün" deyərək vaxt istəməsini eşidirik. Lakin qurbanlar onun bu sözünə inanmayaraq polis çağırıblar. Mətanət Süleymanzadə 17-ci polis bölməsinə aparılıb. Onlarla insan DİN-in 102 qaynar xəttinə və polisə şikayət ediblər.
MANŞET / SON XƏBƏR / BANNER / KARUSEL
Tarix: 12-02-2020, 12:22