Suriyanın birinci xanımı Lətifə əl-Droubi kimdir?

Suriyanın müvəqqəti Prezidenti Əhməd əl-Şaraa fevral ayında Türkiyə lideri Recep Tayyip Erdoğanla görüşəndə onu, ilk dəfə olaraq, həyat yoldaşı Lətifə müşayiət edib.
Reportyor.az BBC-yə istinadla xəbər verir ki, Suriyanın birinci xanımı türkiyəli həmkarı ilə görüşdükdən sonra heç bir açıqlama verməsə də sosial şəbəkələrdə onların birgə fotosu yayılıb. Bəs, Lətifə əl-Droubi kimdir?
Dəyişən Suriya
"Heyət Təhrir əl-Şam " adlanan islamçı yaraqlı qrupun (HTŞ) Dəməşqi ələ keçirməsi, Bəşər Əsəd və ailəsini Moskvaya qaçmağa məcbur etməsindən üç ay keçir.
Həmin vaxt diqqətin böyük hissəsi üsyançı lider Məhəmməd əl-Colaniyə yönəlmişdi: o, cihadçı keçmişi ilə əlaqəli təxəllüsdən imtina edib əsl adını - Əhməd əl-Şaraaya qaytarmağa qərar vermiş və sonra Suriyanın müvəqqəti prezidenti təyin edilmişdi.
Fevralın əvvəlində əl-Şaraa Suriya lideri kimi ilk xarici səfərini Səudiyyə Ərəbistanına edərək iki ölkə arasında əməkdaşlığı müzakirə etmək üçün vəliəhd şahzadə Məhəmməd bin Salmanla görüşdü. Bu zaman media və sosial şəbəkələr Ümrə ziyarətində Şaraanı müşayiət edən qadına - onun həyat yoldaşı və Suriyanın birinci xanımı Lətifə əl-Droubiyə (həmçinin Lətifə əl-Şaraa kimi də tanınır) də diqqət yetirdilər.
Bundan sonra Suriyanın müvəqqəti prezidenti Türkiyə lideri Recep Tayyip Erdoğanla danışıqlar aparmaq üçün Ankaraya getdi. Lətifə əl- Droubi bu dəfə də rəsmi səfərə qatıldı.

Görkəmli nəsil
Lətifə əl-Droubinin rəsmi tərcümeyi-halı yoxdur.
Bununla belə, ilk dəfə ictimaiyyət arasında göründükdən sonra ərəb mediası onun keçmişi və həyatı ilə bağlı bəzi təfərrüatlar paylaşıb.
Məsələn, Səudiyyə Ərəbistanının Okaz qəzeti yazıb ki, Droubi Suriyanın Hüms əyalətinin Əl-Qaryatayn şəhərindən olan tanınmış sünni ailəsindəndir və Şaraadan üç oğlu var.
Okaz "qeyri-rəsmi mənbələrə" istinadən onu da bildirib ki, Droubi ərəb dili və ədəbiyyatı üzrə magistr dərəcəsi alıb.
Birinci xanım 2009-cu ildə vəfat etmiş suriyalı Quran qiraətçisi Şeyx Əbdül Qaffar əl-Droubinin də aid olduğu, tanınmış din xadimləri ilə bilinən ailədəndir.
ABŞ-ın Yaxın Şərq məsələləri üzrə ixtisaslaşmış, tanınmış media orqanlarından biri olan "Əl-Monitor" yazır ki, "Droubi ailəsinin Suriyadakı kökləri Osmanlı dövrünə qədər gedib çıxır: onun əcdadlarından biri olan Alaa əl-Droubi Osmanlı imperiyasında səfir vəzifəsində çalışıb və 1920-ci ildə Suriyanın ikinci Baş naziri olub, amma vəzifəyə gəldikdən 26 gün sonra sui-qəsd nəticəsində öldürülüb.

Suriyada 1970-ci ildə baş vermiş hərbi çevrilişdən sonra şiə islamının məzhəbi olan ələvilər ölkəni əsrlər boyu idarə edən sünni aristokrat ailələri hakimiyyətdən uzaqlaşdırdılar. İtaliyanın La Repubblica qəzeti tədqiqatçı Cédric Labrousse-ə istinadən yazır ki, indi bu ailələr geri qayıdır.
Labrousse də mənbəsini göstərmədən qəzetə deyib ki, Droubi Şaraa ilə universitet illərində, Dəməşqdə tanış olub. Tədqiqatçı güman edir ki, onlar 2013-cü ildə Şaraa artıq Cəbhət ən-Nusra lideri olduğu və vətəndaş müharibəsi zamanı birlikdə gizlənərkən evləniblər.
Labrousse X-də də yazıb: "O, özü ilə tanınmış və nüfuzlu bir ailənin hörmətini gətirir".
O əlavə edir ki, Şaraanın özü də hörmətli suriyalı nəsildəndir.
"Beləliklə, Suriya Prezidenti və xanımı hələ də nüfuzlu sayılan iki ailənin varisləridir", - o yazıb.
Tanınmış suriyalı jurnalist və kinorejissor Vaid əl-Xatib sosial mediada Droubinin ilk şəkillərinə belə münasibət bildirib:
"Geyimi və hicabı adi suriyalı qadınların geyim və hicabına çox bənzəyir; hörmətli, təcrid olunmuş və ya sadəcə tanınmayan, ekranda, yaxud güc və səlahiyyətli mövqelərdə vizual olaraq təmsil olunmayan qadınlar…"
İctimai rolu

Droubinin tərcümeyi-halı ilə bağlı daha bir önəmli məqam ərinin yanvarın sonunda Dəməşqdə Suriya əsilli amerikalı qadınlardan ibarət nümayəndə heyəti ilə görüşü zamanı ortaya çıxdı.
Suriya mediasına görə, bu görüşün praktiki məqsədləri var idi: Suriyanın yeni administrasiyası xaricdəki diaspor icmaları ilə əlaqələri gücləndirməyə, eyni zamanda daha açıq hökumət imicini gücləndirməyə çalışırdı.
Şaraa son iki ayda BBC də daxil olmaqla, qlobal media orqanlarına müsahibələrində öz cihadçı keçmişindən imtina etməsi barədə geniş danışıb və ölkədə qadın hüquqlarının mümkün məhdudiyyətləri ilə bağlı narahatlıqları aradan qaldırmağa çalışıb.
O, həmçinin, Bəşər Əsədin ailəsinin mənsub olduğu və ənənəvi olaraq onu dəstəkləyən etnik-dini qrup olan ələvilərə zülm etməyəcəyinə söz verib; ancaq son hadisələr göstərir ki, bunun qarşısını almaq üçün o qədər də gücü yoxdur.
Suriyanın müvəqqəti Prezidentinin öz arvadını nümayəndə heyətinə təqdim etməsi bu görüşdə olub.
İclasda iştirak edən Suriya-Amerika Sülh və Rifah Alyansının üzvü Dr Abdul Hafiz Şəraf Droubini hicab taxan, lakin niqab (üz örtüyü) taxmayan və ənənəvi Suriya üslubunda geyinən hörmətli gənc qadın kimi təsvir edib.
Qarşıda duran rol

Suriyanın keçmiş birinci xanımı Əsma Əl-Əsəd və Droubinin bəzi ortaq xüsusiyyətləri var. Hər ikisi Hüms əyalətindən olan sünni qadınlardır və hər ikisinin üç övladı var.
"Əsma Əsəd də ərinin kölgəsində başladı və yalnız sonra onun ailəsi və yaxın adamları əhəmiyyətli iqtisadi resursları bir əldə cəmləşdirdilər və ölkəyə ciddi təsir göstərdilər", - Yaxın Şərq üzrə ekspert Marianna Belenkaya BBC-yə müsahibəsində deyib.
O, Droubinin ailə əlaqələrinin imkanlarının artıq müzakirə olunduğunu qeyd edib. "Onun bacısının ərinin Dəməşqə qubernator təyin edilməsi ilə bağlı xəbərlər var", - ekspert deyib.
Bununla belə, Əsma Əsədin yüksək ictimai profilindən fərqli olaraq, yeni birinci xanım hələ də naməlum olaraq qalır. Üç dəfə ictimaiyyət qarşısında görünməsinə baxmayaraq, o, hələ də ictimai çıxış etməyib.
"Hazırda onun hansı ictimai imicdə olacağını söyləmək çətindir. Ancaq onun irəli çəkiləcəyi və ictimaiyyət qarşısına çıxacağı aydındır, çünki Şaraa özünü sərt islamçı deyil, açıq fikirli bir rəhbər kimi təqdim etmək istəyir", - Belenkaya bildirib.
Yaxın Şərq üzrə digər ekspert Ruslan Süleymanov əksini düşünür: "Şaraa həyat yoldaşını nümayiş etdirir, çünki şərait bunu diktə edir - Suriyaya qarşı sanksiyaların ləğvi və HTŞ-nin terrorçular siyahısından çıxarılması (Həyat Təhrir əş-Şam (HTŞ) təşkilatı radikal islamçı qrupların koalisiyasıdır-red.). Lakin Suriyanın yeni hakimiyyət orqanları beynəlxalq səviyyədə tanındıqdan sonra onun buna çox az ehtiyacı olacaq..."

O xatırladır ki, HTŞ İdlib vilayətinə nəzarət edəndə Droubi ictimaiyyət arasında görünməyib.
O vaxt HTŞ liderlərinin ailələrinin ictimaiyyət arasında görünməsi kimi adəti olmayıb.
Ancaq əgər Droubi Suriyanın milli və beynəlxalq səhnəsində mühüm rol oynayacaqsa, onun ərəb dünyasında diqqət edə biləcəyi bir sıra nümunə var.
Təhlilçi Marianna Belenkaya "Qərbdə təhsil almış, Qətərin inkişafına əhəmiyyətli töhfə vermiş və müasir imicinin formalaşmasına kömək edən" Qətərin keçmiş əmirinin həyat yoldaşı və hazırkı əmirin anası Şeyxa Mozanı nişan verir.
O, həmçinin Səudiyyə Ərəbistanının ilk kralının qeyri-rəsmi müşaviri olan bacısı Nurə Əl Səudu da yada salır.
MARAQLI / KARUSEL