“Erkin imtina etsə, “molodes, bravo, oğulsan” deyəcəklər…”
REAL hərəkatının həmtəsisçisi, 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən deputatlığa namizəd Natiq Cəfərli Erkin Qədirlinin deputat seçilməsindən sonra sosial şəbəkələrdə onunla bağlı açılan müzakirələrə münasibət bildirib.
“Qafqazinfo” xəbər verir ki, N. Cəfərli qeyd edib ki, Erkin Qədirli 4 dəfə mandatdan imtina edib:
“Erkini 16 ildir tanıyıram, ən yaxın dostlarımdan biridir. Adamı çox sevirəm, çünki dürüstdür, merkantil deyil, həyatda öz yolu və düşüncələri olan nadir insandır. Mən ondan çox şey öyrənmişəm, bu gün onu tənqid edən, hətta söyən adamların əksəriyyəti də ondan çox şey öyrəniblər, həmin adamlar Erkinin mühazirələri, fikirləri ilə böyüyüblər.
Erkin heç vaxt gizlətməyib ki, “elitada” onu tanıyırlar, sayırlar, hörmət edirlər, hətta görüşürlər. Ona ilk dəfə 2000-ci ildə deputat olmaq təklif olunub – adam imtina edib və deyib ki, 28 yaşı var, onu heç kəs tanımır, kim ona səs verəcək ki, o da seçilsin?! Təklif verənlər onun saflığına gülsələr də, hörmətləri də artıb.
2000-2005 arası Erkin TV-lərə çıxmağa başladı, forumlarda yazırdı, mətbuata müsahibələr verirdi – 2005-də yenə ona təklif edirlər ki, artıq tanınırsan, gəl deputat ol – Erkin imtina etdi ki, mənə səs verən olmayacaq.
2010-da Erkin REAL-dan namizəd oldu, onun İTV-dəki çıxışı səs yaratdı, amma o vaxt Abel (Abel Məhərrəmov-BDU-nun sabiq rektoru) fovarit indi, o zaman da Erkinə demişdilər ki, dairəni dəyiş, şans yaradaq – dəyişmədi, dirəşdi.
2015-də Erkin seçkilərə 10 gün qalmış namizədliyini geri götürdü, çünki o zaman İlqar (İlqar Məmmədov) həbsdə idi, ona da həmin gün zəng gəlmişdi ki, sənə mane olmayacaqlar, seçiləcəksən. Adam bu sözü də həzm etmədi – namizədliyini geri götürdü.
Qısası, Erkin artıq 4 dəfə mandatdan imtina edib – amma bunun nə xeyri olub bizə, cəmiyyətə?!”
N. Cəfərli bildirib ki, Erkin Qədirli öz səsi ilə seçilib:
“16-cı dairədə Erkin cəmi 2100 səs yığaraq qalib olub – yəni, Erkin o səsləri halal toplayıb, o dairədə 10 dəfə də seçki olsa Erkin yenə udar. Hə, sual olur ki, nədən mane olmadılar?! Mən ona görə tarixçəni yazdım ki, ona heç vaxt mane olmaq istəməyiblər – sadəcə bu dəfə ona heç nə demədilər deyə, Erkin sonacan getdi. İstəsəydilər mane olardılarmı – təbii ki, deməli Erkini parlamentdə görmək istədilər. Amma adam öz səsi ilə seçilib.
Erkin 4-cü dəfə mandatdan imtina etməsinin müsbət tərəfi varmı? Var, facebook əhli, “molodes, bravo, oğulsan”, deyəcək, 2-3 gün Erkin qəhrəman olacaq – vəssalam.
Parlamentə getməsinin xeyri nədir? Adam orda bizim sözümüz ola bilər, biz daha hər dəfə 40 min imza toplamadan onun vasitəsi ilə qanun layihələrini Məclisə təqdim edib ictimai dəstəklə o qanunları müzakirəyə çıxarda bilərik. Erkinin köməyi ilə parlamentdə müzakirə olunan büdcə zərfini ala bilərik, ictimai nəzarəti artıra bilərik. Bizlərdən biri həbs olunanda Erkin millət vəkili kimi polisə, məhkəməyə gələ bilər, bu işləri Məclis tribunasına daşıya bilər. Yəni, getməyin üstünlükləri imtinanın pafosundan daha çoxdur. Məncə, Erkinə zaman tanınmalı, o da öz işi ilə bizim üzümüzü ağartmalıdı.
Daha bir detal haqqında: Atamın 73 yaşı var, həyatı boyu seçkiyə getməyib, həyatında ilk dəfə Erkin üçün müşahidəçi olmuşdu. Müşahidəçi olduğu məntəqədə komissiya üzvü axşamüstü atama yaxınlaşıb ki, ağsaqqal, seçici aktivliyi cəmi 2-3%-di, camaat gəlmir seçkiyə, əlavə bir qutu hazırlamışıq, orda hamının adına bülleten var, amma Erkin qabaqdadı, gəlin onu qoyaq əsas qutuların yanına. Sovet məhsulu olan atam da sevincək mənə zəng etdi ki, belə bir məsələ var, ilk dəfə atamın üstünə qışqırdım, dedim həmən bu işi aktlaşdırın. Elə də oldu, aktlaşdırıldı, o məntəqənin ləğvi ilə bağlı Erkin müraciət edib.
Atamın saf niyyətli, amma bizim prinsiplərdən uzaq olduğunu bilirəm, bu günə qədər üzümə vurmasa da məşğul olduğum işin onun üçün mənasız olduğunu gözlərindən oxuyurdum. Çünki bu ölkədəki yaşlı nəslin hamısı kimi ideoloji boşluqda formalaşıb, ancaq əyri yollarla məqsədə çatmağın mümkünlüyünü görüb. O məntəqədə başqa heç nə olmayıb, ləğv də olunacaq, amma atamın bu hərəkəti – mənim davamın nədən ibarət olmadığını bilmədəyinə görə atamdan küsdüm, uzun zaman onunla görüşməyəcəm. Niyyəti saf ola bilər, amma təklifə həmən sərt reaksiya verməli idi. Onun bu hərəkətinə görə üzr istəyirəm, amma dünəndən bəri bu məsələyə görə məni linç etmək istəyən Stalinin nəvələrinə, Hitlerqafalara da ayıb olsun – ancaq stanilizm və hitlerizm qohuma görə adam güllələyirdi…”
SON XƏBƏR / KARUSEL / GÜNDƏM / ÖLKƏ
Tarix: 11-02-2020, 18:40