Simptomsuz xəstələrin evdə müalicəsi genişləndirilir - Özünüzü qoruyun!
Azərbaycanda koronavirusun yayıldığı ilk vaxtlarda koronavirus aşkarlanan bütün xəstələr xəstəxanaya yerləşdirilirdi və müalicəsi aparılırdı.
REPORTYOR.AZ xəbər verir ki, may-iyun aylarında gündəlik yoluxma sayı 400-ü keçdiyi üçün artıq xəstəxanaların çarpayı fondunun dolmasına səbəb olub.
Bu səbəbdən bölgələrdə rayon mərkəzi xəstəxanaları koronavirus xəstələrinin qəbulu və müalicəsi üçün ayrılıb. Bundan başqa, 4 modul tipli xəstəxana da istifadəyə verilib. Yaxın zamanlarda daha 6-sı da istifadəyə veriləcək.
Gedişat onu göstərir ki, bu virus hələ uzun müddət, ən azı peyvənd tapılana qədər bizimlə olacaq. Buna görə də davamlı olaraq yoluxma hallarının şahidi ola bilərik. Hazırda hökumətin əsas çalışmaları yoluxma sayının azaldılmasına nail olmaq və xəstəxanalardakı imkanları daha faydalı şəkildə tətbiq etməkdir.
Cəmiyyət olaraq da bizim üzərimizə düşən vəzifə həm öz sağlamlığımızı qorumaq, həm də hökumət tərəfindən aparılan işlərə dəstək verməkdir. Çünki yoluxma sayı daha da artarsa xəstəxanaların imkanları zəifləyə bilər. Bu da nəticə etibarilə ilə xəstələrin həyatını daha da risk atar.
Hansısa narahatlıq və ya halsızlıq olduğu təqdirdə maksimum şəkildə evdə qalmalı və özünütəcridə üstünlük verilməlidir. Biz koronavirusa inanmadığımız müddətdə özümüz də bilmədən yaxınlarımızın, ətrafımızdakıların da həyatını riskə atmış oluruq. Səhiyyənin, xəstəxanaların da bir potensialı var və bunu keçdiyimiz təqdirdə yaranacaq vəziyyəti təsəvvür etmək o qədər də çətin deyil.
Koronavirusla mübarizədə dünya təcrübəsi göstərir ki, ağır simptomları olmayan və ya xəstəliyi yüngül şəkildə keçirən COVID-19-a yoluxmuş xəstələr klinik şəraitdə müalicəyə ehtiyac duymur. ÜST-ün və Aİ-nin tibb qurumlarının məlumatına görə, COVID-19-a yoluxmuş insanların 80 faizi xüsusi müalicə almadan sağalıblar. Bu cür xəstələr evdə qala bilər, lakin mütləq özünütəcrid etməli və karantin tədbirlərini gözləməlidirlər.
Bu beynəlxalq təcrübə klinikalarda yalnız kompleks dərman müalicəsi və xüsusi avadanlıqların tətbiqi tələb olunan ağır simptomlu xəstələri yerləşdirməklə xəstəxana resurslarından rasional istifadəyə imkan verir və Azərbaycanda da aktiv şəkildə istifadə olunur.
Bu bir reallıqdır ki, hazırda koronavirusa inanmayan şəxslər var. Hətta onların arasında yoluxma halları var. Lakin, onlar bu xəstəliyə inanmadığı üçün özünütəcrid qaydalarına riayət etmirlər və digərlərini də yoluxdururlar.
Amma reallıq budur ki, görünməyən düşmən olan koronavirus kimin inanıb-inanmadığına baxmır. Odur ki, biz tədbirləri əldə buraxmamalıyıq. Cəmiyyət olaraq məsuliyyətli davranaraq ümumi düşmənə qarşı qalib gəlmək üçün çalışmalıyıq.
SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Tarix: 23-06-2020, 12:45