mobil versiya

Bu dəfə sağıcıları seçək



“Diqqət! Yaxşı baxın! İndi məni göstərəcəklər”
(“Kişi sözü” filmindən, rejissor Cahangir Mehdiyev)

Deyir zəhmətkeşlərimiz səmada naməlum uçan obyekt görmüşdür, lakin Şamaxı rəsədxanası bunu görməyibdir. Bəlkə düzgün baxmırsınız? Nə üçün şübhə edirsiniz? Əlbəttə, idarənin başı dini bayramlarda Ayı axtarmaq yarışına qarışanda belə olmalı idi, ümid edək, akademiyanın təzə müdiri bu köhnəlmiş obyektdə də islahatlar aparacaqdır. Həmişə Aya baxmaq olmaz, hərdən başqa işıq gələn (və it hürən) yerlərə də baxmalıyıq. Yoxsa uçan boşqablar iqtisadiyyatımıza yatırım qoymağa gələr, xəbərsiz olarıq, başqa yerlərə gedərlər. Özü də bu saat gömrük məntəqələrində qayda yaradılıbdır, “yazıq yapon” rüşvətdən qaçıb ayrı yerə getmir, heç kimin arvadının qızılları diskussiya yaratmır. Bircə başımızı qaldırıb göyə baxmağımız qalır.

Hərçənd, ola bilərdi UNO-lar bizdə parlamentin buraxılması xəbərlərindən cuşa gəlib yaxınlaşmışdılar. Zarafat deyil, birdən-birə 125 “marsiançik” yeri boşalır. Gəl, namizədliyini ver, xalqın etimadını qazan, deputat ol.

Əslində köhnə parlamenti buraxmaqla iş bitmir, biz bunun yerinə hansı adamları seçəcəyik? Şair demişkən, budur əsas məsələ. Problemin kökləri dərindir.

Birincisi, qabaqkı illərdə cavan uşaqlardan deputat qoyulanlar vardı, heç düymə basmağı öyrənmədilər, gəl gör nəsə danışsınlar. Deməli “gəncləşdirmə siyasəti” burada yerimir. İkincisi, biznesmenlərdən deputat qoyub müəyyən müddət onun pulu ilə dairədəki şikayətçiləri yola vermək üzrə dövlət siyasəti pis görünmür, ancaq yenə təcrübə göstərir ki, burada da proses bir yerə qədərdir. Ya deputatın “südü quruyur” və kəsib ətliyə verməli olursan, ya da özü dairənin canına daraşıb dövlət büdcəsi vəsaitlərini sümürməklə daha kəskin problemlər törədir. Üçüncü yol manısları, şairləri və aktrisaları deputatxanaya seçməkdir ki, bu da yaxın keçmişdə sınaqdan çıxarılıb, səmərə verməyibdir. Onlar idarəyə şadlıq sarayı nəzəri ilə baxır, qanun müzakirələrini toy tutmaq, pullu “həci” tapmaq vasitəsi kimi görürlər. Bu da regionların inkişafı, Bakı-Qars-Paris sürətli dəmiryolu, Nyu Vasyuki planetar olimpiya mərkəzi tipli fəaliyyət planlarımıza xeyir vermir.

Nəhayət, qalır dördüncü yol, bu isə “donqili müxalifət”dən deputatlar düzəltməkdir. Məncə, pis-yaxşı elə bu üsulu seçmək lazım gələcəkdir. Özü də yaxşı olar müxalifətin bir qanadından 4 nəfər, hansısa quyruğundan 2 nəfər seçilsin, qalanları içəri buraxılmasın. Nəticədə bir müddət bunlar öz aralarında qırğına çıxsınlar. O buna satqın desin, bu ona xain desin… Maşallah, qurdalasan, hamısı da saf insanlardır, tərcümeyi-halı ləkələrdən yumaq üçün “Omo”ya ehtiyac yoxdur. Hətta daha böyük şok effekti üçün mən Əli İnsanovu deputat qoyardım. Bu nokautdan müxalifət uzun müddət özünə gələ bilməzdi, Əli müəllim isə təzədən “İnsanovin” dərmanı satıb bir daşı qızıl kərpicdən, bir daşı gümüş kərpicdən sarayında yaşayardı.

Tam mənasız olan, konstitusiyamıza söykənən, “Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır” cəfəngiyatından qidalanan beşinci yol da var ki, bu yol deputat seçkisini xalqın öz ixtiyarına buraxmaqdır. Ancaq biz bu ehtimalı keçmiş ədliyyə nazirimiz Südabə xanım demişkən, beşikdə boğmalıyıq. Nəyə görə? Ona görə ki, qızı öz ixtiyarına buraxsan, ya zurnaçıya ərə gedər, ya halvaçıya. (Bunlar köhnəlmiş peşələrdir, 21-ci əsrdə halvanı robot bişirəcək, zurnanı da indidən sintezator çalır). Azərbaycan xalqına deputat seçməyə imkan versək hərə çalışacaq öz qohumu deputat olsun. Hərçənd, buna da çox inanmıram, çünki bir dəfə seçkidə deputatlığa namizəd mənim müşahidəçi olduğum məntəqəyə gəlib səs vermişdi, 5 nəfər ailə üzvü ilə birlikdə. Axşam biz səsləri sayanda məntəqə sədri necə fokus göstərdisə namizədin xeyrinə qutudan cəmi 2 səs çıxdı. Namizəd yanıb tökülürdü, deyirdi, başqa şey istəmirəm, bəs mənim qalan 3 səsim hanı. Məntəqə sədri isə dedi ki, bəlkə arvad-uşağın sənə səs verməyibdir, nə bilək.

Ümumiyyətlə, hökumətin yerinə olsam parlamenti həmişəlik ləğv edərəm. Braziliyada, Amazon çayının ətrafında meşədə o qədər qəbilələr var, məclisləri yoxdur, çox xoşbəxt də yaşayırlar.
KARUSEL / ÖLKƏ / YAZARLAR
Baxılıb: 46 Tarix: 30-11-2019, 17:00


Şərh bildir
yenilə, əgər kod görünmürsə