mobil versiya

Ağ Ev: ABŞ Qərbi Saxara üzrə Donald Trampın Bəyanatına sadiq qalaraq Mərakeşin Suverenliyini təkrarən tanıyır




ABŞ administrasiyası, 2020-ci ildə Prezident Donald Tramp tərəfindən Mərakeş Kralı Əlahəzrət VI Məhəmmədə bildirilən mövqeyinə sadiq qalaraq, Mərakeşin Qərbi Saxaraya olan suverenliyini bir daha təsdiqləyib.

Reportyor.az xəbər verir ki, bu bəyanat, ABŞ-ın dövlət katibi Marko Rubio ilə Mərakeşin xarici işlər naziri, Afrika əməkdaşlığı və xaricdə yaşayan mərakeşlilər üzrə naziri Naser Burita-nın Vaşinqtonda keçirilən görüşündə verilib. ABŞ-ın dövlət katibi bildirib ki, Birləşmiş Ştatlar Mərakeşin Qərbi Saxaraya olan suverenliyini tanıyır.

Xatırladaq ki, 2020-ci ilin dekabrında Əlahəzrət Kral VI Məhəmmədlə Prezident Donald Trump arasında keçirilən telefon danışığında, ABŞ Prezidenti rəsmi şəkildə bir prezident fərmanı ilə Birləşmiş Ştatların Qərbi Saxaranın bütün ərazisi üzərində Mərakeşin suverenliyini tanıdığını bəyan etmişdi. Bu sənəd həm hüquqi, həm də siyasi baxımdan vacibdir  və dərhal qüvvəyə minib.

ABŞ Dövlət Departamentinin sözçüsü Tammy Bruce qeyd edib ki, Dövlət katibi Rubio həmçinin ABŞ-ın ədalətli və davamlı həll üçün yeganə əsas kimi Mərakeşin ciddi, etibarlı və real muxtariyyət təşəbbüsünü dəstəklədiyini təkrarlayıb.

ABŞ diplomatiyasının rəhbəri vurğulayıb ki, Mərakeş suverenliyi çərçivəsində gerçək muxtariyyət yeganə mümkün həll yoludur.

Rubio əlavə edib ki, ABŞ Prezidenti tərəfləri gecikmədən danışıqlara başlamağa, bu məqsədlə yalnız Mərakeşin muxtariyyət təşəbbüsünü əsas götürməyə çağırır. O, bu istiqamətdə irəliləyişin əldə olunması üçün ABŞ-ın prosesə dəstək verəcəyini bildirib.

Bu bəyanat, beynəlxalq hüquq və diplomatiyada mühüm tərəfdaş olan ABŞ-ın, Azərbaycanın strateji tərəfdaşı Mərakeşin ərazi bütövlüyünə verdiyi davamlı və qətiyyətli dəstəyi bir daha təsdiqləyir. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi məsələsində daim prinsipial mövqe nümayiş etdirən Mərakeşlə oxşar yanaşmalar, iki ölkə arasında həmrəylik və qarşılıqlı anlayışın mühüm dayaqlarından biridir.

KARUSEL / DÜNYA
Tarix: 9-04-2025, 13:51