Zaif: Dialoq Pakistanla mübahisələrin yeganə həllidir

Dohada Əfqanıstan və Pakistan arasında atəşkəs sazişinin imzalanması iki ölkə arasında hərbi gərginliyin azaldılması üçün yeni bir ümid pəncərəsi açsa da, Əfqanıstan İslam Əmirliyinin İslamabaddakı keçmiş səfiri Əbdül Salam Zaif deyir ki, razılaşma yalnız hər iki tərəf öz öhdəliklərinə sadiq qalacağı və Qətər kimi ölkələrin fəal monitorinqi və vasitəçilik rolunu oynadığı təqdirdə davamlı olacaq.
TOLOnews xəbər verir ki, Zaif əlavə edib ki, dialoq iki ölkə arasında uzun müddətdir davam edən mübahisələri həll etmək üçün ən yaxşı yoldur.
O qeyd edib: "Dohada atəşkəs haqqında razılıq əldə olunub və həmçinin razılaşdırılıb ki, bir tərəfin digər tərəfə qarşı olan hər hansı mübahisə və ya iddiası danışıqlar yolu ilə həll edilməlidir. Mən hesab edirəm ki, bu, zərurətdir və bütün problemlər gərginləşmə yolu ilə deyil, anlaşma yolu ilə həll edilməlidir".
Zaif TOLOnews telekanalına müsahibəsində Pakistanın Əfqanıstan torpaqlarına son hücumlarını “müharibə cinayəti” kimi qiymətləndirib və bu hadisələrin beynəlxalq qurumlar tərəfindən araşdırılmalı olduğunu vurğulayıb.
Əfqanıstan İslam Əmirliyinin İslamabaddakı keçmiş səfiri Əbdül Salam Zaif deyib: “Pakistan Qərbin və ya ABŞ-ın müdaxilə edəcəyini və vasitəçilik edəcəyini düşünərək Əfqanıstana hücum etdi, lakin onlar biganə qaldılar və müharibə Pakistanın ziyanına başa çatdı”.
O, çıxışının digər hissəsində xəbərdarlıq edib ki, atəşkəs Pakistan tərəfindən pozularsa, Əfqanıstan müdafiə mövqeyində olacaq.
Zaif vurğulayıb: “Kimsə təcavüz etsə, əfqanlar və ordu ölkənin ərazi bütövlüyünü müdafiə etməyə hazırdır”.
O, Pakistanla ticarət məsələlərinə də toxunaraq bildirib ki, İslamabad iqtisadi əlaqələrdən təzyiq vasitəsi kimi istifadə etməməlidir.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 14:09