mobil versiya

İtaliyada 6 milyona yaxın insan mütləq yoxsulluq həddində yaşayır




İSTAT-ın (İtaliya Milli Statistika İnstitutunun) 2024-cü il üçün “İtaliyada yoxsulluq” hesabatına əsasən, İtaliyada təxminən 6 milyon insan mütləq yoxsulluq həddində yaşayır.

Bu barədə İtaliyanın AGİ xəbər agentliyi məlumat yayıb.

2024-cü ildə təqribən 2,2 milyon ailə (İtaliyada yaşayan bütün ailələrin 8,4%-i) mütləq yoxsulluq şəraitində yaşayırdı. Bu, ümumilikdə 5,7 milyon insan deməkdir.

Qeyd olunur ki, iri şəhərlərdən kənarda yerləşən kiçik İtaliya kommunalarında (50 min sakinə qədər) mütləq yoxsulluq səviyyəsi ən yüksəkdir (8,9%). Bunlardan sonra əhalisi 50.000-dən çox olan kommunalar və böyük şəhərlərin kənarında yerləşən kommunalar (8%) gəlir.

Mütləq yoxsulluq səviyyəsi çoxuşaqlı ailələr arasında ən yüksək olaraq qalır. Üç və ya daha çox uşağı olan cütlüklər arasında demək olar ki, hər beşdə biri mütləq yoxsulluq həddində yaşayır (19,4%). Hesabatda həmçinin bildirilir ki, 2024-cü ildə mütləq yoxsulluq 1,28 milyondan çox azyaşlıya (ölkədə yaşayan uşaqların ümumi sayının 13,8%-i) təsir edib. Yetkinlik yaşına çatmayanların da daxil olduğu mütləq yoxsulluqda olan ailələrin sayı demək olar ki, 734 min nəfərdir.

Rai News saytına görə, ən azı bir əcnəbi üzvü olan ailələr arasında mütləq yoxsulluq səviyyəsi 30,4% təşkil edir və yalnız əcnəbilərdən ibarət ailələr arasında 35,2%-ə yüksəlir.

Kirayə mənzillərdə mütləq yoxsulluq şəraitində yaşayan ailələrin sayı 1 milyondan bir qədər çox və ya 22,1% təşkil edir.

Reportyor.az





KARUSEL / DÜNYA
Tarix: Bu gün, 11:58