mobil versiya

Şəmkirdə kürəkəni tərəfindən yandırılan qadının vəziyyəti kritik olaraq qalır


Şəmkirdə kürəkəni tərəfindən yandırılan 54 yaşlı qadının vəziyyəti kritik olaraq qalır. Səhiyyə Nazirliyindən APA-ya verilən məlumata görə, həkimlər bildiriblər ki, yanıq xəsarətləri 4-cü dərəcəli, yəni dərin nekrozlaşmış olduğundan müalicədə hər hansı bir irəliləyiş əldə etmək mümkün olmur.
Səylər davam etdirilir. Qeyd edək ki, avqustun 18-də gecə saat 01.00 radələrində  Şəmkir rayon Sarıtəpə kəndində ev yandırılıb. Evi 3 ay əvvəl həyat yoldaşı Məsimova Mətanət İlqar qızından boşanmış Şəmkir rayonunun Dəllərcəyir kənd sakini Elmar Sadıqov yandırıb.  E. Sadıqov benzin çəlləyi ilə evə daxil olub, benzin tökərək evi yandırıb.
Yanğın zamanı 2017-ci il təvəllüdlü Sadıqov Nicat Elmar oğlu həyatını itirib, anası 1995-ci il təvəllüdlü Məsimova Mətanət İlqar qızı və nənəsi 1964-cü il təvəllüdlü Məmmədova Səltənət Allahverdi qızı xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. M. Məsimovanın bədəninin 70 faizi yanıb.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə), 120.2.9(təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə), 29, 120.2.7( iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb. İş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilib, müvafiq ekspertizalar təyin edilib.
Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində E.Sadıqov tutularaq istintaqa cəlb olunub.
E.Sadıqov şübhəli şəxs qismində saxlanılaraq dindirilib və o, ilkin ifadəsində törətdiyi cinayət əməlini tam etiraf edib.
M. Məsimova həkimlərin səyinə baxmayaraq, avqustun 19-da xəstəxanada vəfat edib. 

SAĞLAMLIQ / CƏMİYYƏT
Tarix: 20-08-2019, 11:57