Türkmənistan səfiri: Hər iki xalqları ortaq kök, mədəniyyət, dil, qədim tarixi adət-ənənələr birləşdirir

Türkmənistanın - Garaşsyzlyk- Müstəqillik Günü və Türkmənistanın Həmişəlik Bitərəfliyinin 30 illiyi ilə bağlı bu ölkənin Azərbaycandakı səfirliyi rəsmi qəbul təşkil edib.
Türkmənistanın ölkəmizdəki səfiri Qurbanməmmet Elyasov çıxış edərək deyib ki, 1991-ci ildə Müstəqilliyini qazandıqdan sonra Türkmənistan dünyanın bütün ölkələri ilə siyasi-diplomatik, qarşılıqlı faydalı ticarət-iqtisadi, eləcə də mədəni və humanitar əlaqələri uğurla inkişaf etdirməkdədir.
2025-ci il Türkmənistan üçün əlamətdar ildir. Bu il Birləşmiş Millətlər Təşkilatının yaradılmasının 80 illiyi ilə yanaşı, Türkmənistan həmişəlik bitərəf statusunun 30 illiyini qeyd edir. 1995-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında Türkmənistanın həmişəlik Bitərəflik statusu yekdilliklə qəbul edilib və Türkmənistanın xarici siyasəti Bitərəflik statusu üzərində quruldu. Bu status Birləşmiş Millətlər Təşkilatının bütün üzv dövlətləri tərəfindən üç dəfə tanındı. Türkmənistanın Hörmətli Prezidenti Serdar Berdımuhamedovun rəhbərliyi altında Türkmənistanın xarici siyasət strategiyası otuz il ərzində regionda dinc yaşama və təhlükəsizliyin təməli kimi xidmət edən həmişəlik bitərəfliyin hüquqi statusuna əsaslanır. Hazırkı beynəlxalq vəziyyət “sülhün və təhlükəsizliyin qorunması üçün dövlətlər və beynəlxalq təşkilatlar arasında əlaqələndirilmiş əməkdaşlığa qətiyyətli keçidi” tələb edir. Türkmənistanın bitərəf statusu onun xarici siyasətinin əsası və qlobal sabitliyin möhkəmləndirilməsi üçün mühüm alət olaraq qalır.

Türkmənistanla Azərbaycan arasında münasibətlərə toxunan səfir deyib ki, bugünkü əlaqələr qardaşlıq, mehriban qonşuluq və əməkdaşlıq üzərində qurulub. Bu münasibətlərin dərin tarixi kökləri var. Hər iki xalqları ortaq kök, mədəniyyət, dil, qədim tarixi adət-ənənələr birləşdirir. Otuz ildən artıq bir müddətdə ikitərəfli Türkmənistan-Azərbaycan münasibətləri daha da inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. İki qardaş dövlət, regional və beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləyir, ümumi maraqlar üçün əməkdaşlıq edir.
Azərbaycan ilə Türkmənistan arasında qurulan yüksək səviyyəli siyasi dialoq qarşılıqlı hörmət və bərabərlik prinsiplərinə əsaslanır. Dövlət başçıları arasında qarşılıqlı hörmət və aktual siyasi məsələlərə razılaşdırılmış yanaşma bu münasibətlərin əsasını təşkil edir. Bu il yüksək səviyyəli səfərlərin uğurlu olmağı ölkələrimiz arasında dostluğa əsaslanan strateji tərəfdaşlığın sürətlə möhkəmlənməsinə daha da impuls verib. Bu ilin iyul ayında Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulı Berdımuhamedovun qardaş Azərbaycan Respublikasına ikigünlük səfəri bunun aşkar sübutudur. Səfər zamanı Qurbanqulı Berdımuhamedov Qarabağın Füzuli və Şuşa şəhərlərini ziyarət etmişdir. Azərbaycan Respublikasının Hörmətli Prezidenti İlham Əliyev də 2025-ci ilin avqustunda Türkmənistana səfər edib və Türkmənbaşı şəhərində Türkmənistan-Azərbaycan-Özbəkistan üçtərəfli Zirvə Görüşündə iştirak edib.

Diplomat qeyd edib ki, Türkmənistan Prezidenti Serdar Berdımuhamedovun və Azərbaycan Prezidenti İlham Əliyevin ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə göstərdiyi qayğı və diqqət ikitərəfli münasibətlərin bütün istiqamətlərdə daha da dərinləşməsinə itki və stimul verir.
Azərbaycan-Türkmənistan iqtisadi əlaqələri son illər çoxşaxəli xarakter alıb. Son illərdə iki ölkə arasında xarici ticarət iki dəfədən çox artıb və geosiyasi qeyri-sabitlik şəraitində nəqliyyat və logistika Şərqlə Qərbi birləşdirən bir keçidə çevrilir. Bu baxımdan Xəzər dənizi xüsusi əhəmiyyət kəsb edir. Son illər Türkmənbaşı-Bakı-Türkmənbaşı marşrutu üzrə konteyner daşımaları iki nöqtə doqquz dəfə artıb: "Vurğulamaq istərdim ki, Türkmənistan və Azərbaycan Respublikasının bir-birlərini beynəlxalq təşkilatlar çərçivəsində dəstəkləmələri xoş adətə çevrilib. Hər iki dövlət beynəlxalq arenada əməkdaşlığı davam etdirir. Belə ki, Azərbaycanın bu il ev sahibliyi etdiyi İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Görüşündə Türkmənistan yüksək səviyyədə iştirak edib, avqust ayında isə Türkmənistanın Türkmənbaşı şəhərində dövlət və hökümət başçıları səviyyəsində keçirilmiş Birləşmiş Millətlər Təşkilatının Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə Üçüncü konfransda Azərbaycan Respublikası Hökümət başçısı səviyyəsində iştirak edib".
2025-ci ilin 6-7 oktyabr tarixlərində Qəbələ şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə Görüşündə Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulı Berdımuhamedovun rəhbətlik etdiyi nümayəndə heyəti iştirak edib.

7 oktyabrda Füzuli şəhərində Türkmənistanın qardaş Azərbaycana hədiyyə etdiyi məscidin təməlqoyma mərasimi Türkmən xalqının Ümummilli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulı Berdımuhamedovun Azərbaycan Prezidenti İlham Əliyevin eləcə də bütün Türki Dövlətlərinin başçılarının iştirakı ilə onlayn formatda keçirildi.
Diplomat əlavə edib ki, Türkmənistan-Azərbaycan əlaqələri uzunmüddətli və konstruktiv əsasda bundan sonra da möhkəmlənəcəkdir: "Əminəm ki, biz birgə səylərlə Türkmənistan-Azərbaycan dostluq və tərəfdaşlıq münasibətlərinin bütün sahələrdə daha da genişlənməsini təmin edəcəyik. Bu, dost xalqlarımızın maraqlarına tam cavab verir və regionda təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsinə öz töhfəsini verəcəkdir.
Türkmənistan bundan sonra da tərəfdaşlığımızın mövcud böyük potensialının istifadə edərək, qardaş Azərbaycanla dolğun, etimadlı dialoq aparmaq niyyətindədir".

Azərbaycan hökuməti adından türkmən xalqını təbrik edən Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib ki, Azərbaycan və Türkmənistanı ortaq tarix, mədəniyyət, etnik köklər, dil və din birləşdirir. Ölkələrimiz arasındakı qardaşlıq münasibətləri bizə birgə layihələri və təşəbbüsləri uğurla həyata keçirərək inamla irəliləməyə imkan verir.
Dövlət başçılarımız arasında yüksək etimad səviyyəsi, Azərbaycan və Türkmənistanın beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə göstərdiyi ardıcıl qarşılıqlı dəstək, qlobal və regional məsələlərdə mövqelərinin uyğunlaşdırılması tərəfdaşlığımızın möhkəmlənməsində xüsusilə mühüm rol oynayır. Azərbaycanın BMT Baş Assambleyasının Türkmənistanın daimi bitərəfliyi haqqında qətnaməsinin həmtəsisçisi kimi rolu xalqlarımız arasında möhkəm dostluğun bariz nümunəsidir.
"Türkmənistan Xalq Şurasının sədri, Qurbanqulu Berdiməhəmmədovun bir il ərzində Azərbaycana ikitərəfli və çoxtərəfli əlaqələrin daha da möhkəmləndirilməsi və genişləndirilməsi, eyni zamanda birgə layihələrin və təşəbbüslərin həyata keçirilməsinə yeni təkan vermək məqsədi daşıyan iki səfərini xüsusi qeyd etmək istərdik. Bu səfərlər zamanı Arkadağ və Füzuli şəhərlərinin qardaşlaşması ilə bağlı imzalanmış sənədlər sıx əlaqələrimizin daha bir rəmzidir. Bundan başqa, oktyabrın 7-də Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Toplantısı çərçivəsində Türkmənistan tərəfindən Füzulidə tikiləcək məscidin təməli qoyulub. Bu, türkmən xalqının və Türkmənistan liderinin Azərbaycan xalqına dəstəyinin bariz təzahürüdür. Biz bu səxavətli hədiyyəyə görə minnətdarlığımızı bildiririk".

Nazir deyib ki, biz Türkmənistanla iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsində xüsusilə maraqlıyıq. Ölkələrimizin mövcud iqtisadi potensialı yeni imkanların araşdırılması və əməkdaşlıq sahələrinin şaxələndirilməsi üçün möhkəm zəmin yaradır: "Həmsədrlik etmək şərəfinə layiq görüldüyüm Azərbaycan Respublikası ilə Türkmənistan arasında Birgə Hökumətlərarası Komissiya təkcə iqtisadi əlaqələrin inkişafı üçün deyil, həm də digər əsas sektorlar üzrə əməkdaşlığın dərinləşdirilməsi üçün mühüm platforma rolunu oynayır. Bizim tərəfdaşlığımız iqtisadiyyat, nəqliyyat, enerji, humanitar məsələlər, mədəniyyət, təhsil, parlamentlərarası dialoq sahələrində uğurla inkişaf etməkdə davam edir".

Enerji sektorunda əməkdaşlığın genişləndirilməsi üçün əhəmiyyətli potensial var. SOCAR Türkmənistanda perspektivli neft və qaz yataqlarının işlənməsi layihələrində iştirak etməkdə maraqlıdır.
Azərbaycan və Türkmənistan arasında əməkdaşlıq Orta Dəhlizinin səmərəliliyinin artırılmasında mühüm rol oynayır. Bu marşrut üzrə tranzit daşımaların həcmi ildən-ilə durmadan artır.
"Türkmənistan müasir infrastruktura malikdir, Azərbaycan isə dəhliz boyunca yerləşən nəqliyyat və logistika obyektlərinə, xüsusən də dəniz limanlarına, dəmir yollarına və multimodal logistika qovşaqlarına əhəmiyyətli investisiyalar yatırıb. Bu istiqamətdə səylərimizi birləşdirməklə biz bütün regiona böyük fayda gətirə bilərik".
Azərbaycanın təşəbbüsü ilə avqustun 8-də Vaşinqtonda əldə edilmiş razılaşmaya əsasən, Azərbaycanın əsas hissəsini onun Naxçıvan regionu ilə birləşdirən yeni nəqliyyat dəhlizinin reallaşdırılması hər iki ölkənin nəqliyyat və tranzit potensialını daha da artıracaq və daha geniş regionun davamlı inkişafına töhfə verəcək.
Çıxışlardan sonra tədbir qeyri-rəsmi hissə ilə davam edib.
Xalq artisti Gülyaz Məmmədova oynaq Azərbaycan və Türkmən mahnıları ilə gecəni coşdurub.
https://m.youtube.com/watch?v=rnBlfAcWUQw




Reportyor.az
KARUSEL / SİYASƏT
Tarix: Dünən, 19:46