Növbəti dalğa gəlir: Azərbaycanda maskadan istifadə məcburi ola bilər
Son ayyarımda Azərbaycanda insanlar arasında COVİD-19 infeksiyasına yoluxanların sayında artım müşahidə edilir.
Sfera.az xatırladır ki, ötən ayın əvvəlində ölkəmizdə hər gün 2-3 nəfərin virusa yoluxması faktı qeydə alındığı halda, son günlərdə gündəlik yoluxma sayı bir neçə yüz nəfərə yüksəlib. Operativ Qərargahın məlumatına əsasən bu ayın əvvəlində yoluxma sayı 29-a, ayın 14-də 174-ə, ayın 24-də 333-ə yüksəlib.
Artıq virusa yoluxaraq xəstələnən insanlara daha tez-tez rast gəlinir. Xəstələnənlərdə temperaturun yüksəlməsi, qarın və oynaqlarda ağrı, baş ağrısı, hətta qusma kimi əlamətlər müşahidə edilir.
Yoluxma sayının yüksəlməsi ilə əlaqədar Səhiyyə Nazirliyi növbəti xəbərdarlığını da yayıb. Nazirliyin açıqlamasından bəlli olur ki, infeksiyaya yoluxma sayında artım sadəcə ölkəmizdə müşahidə edilmir. Qonşularımız olan Türkiyə, İran, Gürcüstan və Rusiyada koronavirusa yoluxanların sayında əhəmiyyətli dərəcədə artım qeydə alınıb.
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Qəhrəman Haqverdiyev açıqlamasında yoluxmanın yeni dalğasından danışıb:
“Xəstəliyin yüngül halı belə, post-COVID sindromuna, 6 ay və daha çox davam edə bilən “uzunmüddətli kovid" adlanan sindroma səbəb ola bilər. COVID-19 virusunun yeni mutasiyalarının meydana çıxması ilə onun klinik mənzərəsi çox da dəyişməyib. Bu, qızdırma, zəiflik, baş ağrıları və əzələ ağrısı, qarın ağrısı və ishaldır. Həmçinin profilaktika tədbirləri də dəyişməz qalıb”.
Nazirlik rəsmisi insanlara əllərin tez-tez və düzgün yuyulmasını (ən azı 20 saniyə), sosial məsafənin saxlanması (təxminən 1,5-2 metr), insanların sıx toplaşdığı yerlərdə, xüsusən, qapalı məkanlarda və ictimai nəqliyyatda maskaların taxılması, otaqların tez-tez havalandırılmasını tövsiyə edir.
Q.Haqverdiyev yoluxma hallarının artmasının səbəblərini də açıqlayıb:
“Mütəxəssislər artımı bu ilin iyun ayından yayılan və əvvəlkilərdən daha yoluxucu olan virusun yeni variantları ilə əsaslandırırlar. "Omikron" indi epidemiyanın aparıcı qüvvəsidir, 7 ayda 290 milyon insanı yoluxdurub. Onun öldürücülük qabiliyyəti təxminən 0,35 faizdir və peyvəndləmənin aktiv şəkildə aparıldığı dövlətlərdə bu rəqəm daha aşağıdır. Epidemioloqlara görə, pandemiyaya qarşı tədbirlərin yumşaldılması və ya tamamilə ləğvi yoluxucu ştamların ölkələrin sərhədləri boyunca daha sürətlə yayılmasına kömək edir. Amma müsbət xəbərlər də var. Ağırlaşma və ölüm hallarının sayı alfa, beta, qamma və ən təhlükəli delta kimi ştamların üstünlük təşkil etdiyi əvvəlki dövrə nisbətən xeyli azdır. Əlbəttə, bu ümidverici vəziyyətin yaranması peyvəndləmə səviyyəsi ilə sıx bağlıdır. Lakin buna baxmayaraq, infeksiyaların sayının artması, delta ştamları nisbətində olmasa da, ölüm hallarının artmasına səbəb ola bilər. Məhz bu səbəbdən Ümumdünya Səhiyyə Təşkilatı həyəcan təbili çalmağa başladı".
Mövcud vəziyyətin dəyərləndirməsi göstərir ki, Azərbaycanda COVİD-19 virusuna yoluxmanın növbəti dalğası yayılır. Yay fəslində insanların qapalı məkanlarda az olması, mənzillərdə, iş yerlərində havalandırmanın tez-tez olması infeksiyaya yoluxmanı müəyyən qədər azaltsa da, qarşıdakı aylarda havaların soyuması ilə vəziyyətin bir qədər də ağırlaşacağı yəqindir. O halda ölkəmizdə yenidən qoruyucu tibbi maskalardan istifadə məcburi tələb kimi qoyula bilər.
Xatırladaq ki, 2022-ci ilin aprelindən maskalardan istifadə tələbi ləğv edilmişdi.
KARUSEL / GÜNDƏM / ÖLKƏ
Tarix: 26-07-2022, 16:18