Paşinyan yenə Bakıya qarşı danışdı - ağzından “vurdular”
“Məxməri” baş nazirin bu dəfə Bişkekdəki özfəaliyyəti sərt reaksiya doğurdu; Rusiya və Belarusu da şantaj edən Nikola cavablar gecikmədi: “Bəlkə kimə silah satmağı İrəvandan soruşaq?”; “Bu - Moskvaya qarşı təhdiddir...”
Srağagün Bişkekdə “Rus NATO-su” kimi tanınan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələri başçılarının növbəti toplantısı keçirilib. Xəbər verildiyi kimi, tədbirdə Belarus nümayəndəsi, general Stanislav Zas təşkilatın yeni baş katibi vəzifəsinə təsdiqlənib. O, 1 yanvar 2020-ci ildən etibarən bu vəzifədə 2 il ərzində öz vəzifəsini yerinə yetirəcək.Xatırladaq ki, onun sələfi - erməni general Yuri Xaçaturov 1 mart 2008-ci ilin qanlı hadisələri ilə əlaqədar Paşinyan hökuməti ona ittiham elan edəndən və geri çağırandan sonra təşkilatda baş katib postu boş qalmışdı. Bu olay KTMT-nin aparıcı dövləti kimi Rusiya ilə qabaqcadan razılaşdırılmadığı üçün o vaxt Moskva bunu olduqca ağrılı qəbul eləmiş və “Rus NATO-su”nun imicinə vurulan zərbə kimi qiymətləndirmişdi.
Məlumat üçün onu da bildirək ki, Stanislav Zas Belarusun Milli Təhlükəsizlik Şurasının keçmiş rəhbəridir. O, 1985-ci ildə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirib. Həmçinin Belarus Hərbi Akademiyasında və Rusiya Federasiyası Baş Qərargahının Hərbi Akademiyasında təhsil alıb. Yəni əslində o, KTMT üzvü Ermənistana yox, Azərbaycana yaxın adamdır - Azərbaycan blok üzvü olmasa da. 2019-cu ilin sentyabrında o, Bakıda səfərdə olmuş prezident İlham Əliyev tərəfindən qəbul edilmişdi.
Bundan əlavə, yeni baş katibin təmsil elədiyi ölkə - Belarus Azərbaycanın silah tədarükçülərindən biridir. Bu azmış kimi, üstəlik belaruslu generalın iki illiyə KTMT-yə rəhbər gəlməsi İrəvanı rahatsız etməyə bilməz. Həm də o səbəbə ki, qarşıdakı illərdə Dağlıq Qarabağla bağlı çox mühüm qərarlar veriləcəyi ehtimalı böyükdür. Bundan əlavə, keçən ay 120 dövləti birləşdirən və Ermənistanı işğalçı kimi tanıyan Qoşulmama Hərəkatına sədrlik 3 illiyə Azərbaycana keçib...
*****
Qayıdaq Bişkek toplantısına. Ermənistan baş naziri Nikol Paşinyan bu dəfə də öz ənənəvi ampluasında olub və populist çıxışından qalmayıb. Belə ki, həlli uzanan Qarabağ məsələsindən danışarkən o deyib: “Dağlıq Qarabağ prosesində sülh danışıqlarına və problemin dinc yolla həllinə alternativ yoxdur. Bu münaqişə ətrafında yaranacaq eskalasiya Cənubi Qafqazın hüdudlarından kənara çıxacaq. Buna görə də bizin sülh istəyimizi bir daha diqqətinizə çatdırıram, təqdim etdiyim konsepsiya əsasında münaqişənin sülh yoluyla həlli ilə bağlı konstruktiv dialoqa hazırıq. Danışıqları ATƏT-in Minsk Qrupu - beynəlxalq səviyyədə təsdiq edilmiş yeganə danışıq formatı çərçivəsində davam etdirəcəyik”.
İrəvanın sülh danışıqlarını necə təsəvvür elədiyi isə hamıya məlumdur: Paşinaynın həll formulu kimi “3 tərəf” konsepsiyası sülhdən çox, müharibə qoxusu verir, çünki faktiki şəkildə nizamlama prosesini tormozlayır, müharibəni qaçılmaz edir. Odur ki, nəinki Bakı, heç həmsədr dövlətlər də onu ciddi hesab eləmir.
Bu da hamısı deyil. “Məxməri” baş nazir Bişkek toplantısında yenə Rusiyanın və digər KTMT üzvlərinin, daha dəqiqi, Azərbaycana silah satan üzv ölkələrin “bostanına daş atıb”. Paşinyan bildirib ki, “təşkilat Qarabağda yeni hərbi eskalasiyanı önləmək üçün bütün imkanlara malikdir və bundan ötrü Azərbaycanın silah sifarişlərini cavabsız qoymaq kifayətdir”. Onun iddiasına görə, “Azərbaycanın hazırkı mövqeyi təkcə Güney Qafqazın yox, həm də KTMT-yə üzv dövlətlərin təhlükəsizliyi üçün təhdiddir”.
Yəni yenə silah tədarükü və şantaj məsələsi. Odur ki, cavab çox gecikməyib. Özü də ən birinci elə KTMT-yə üzv ölkələrdən.
*****
“Bəlkə Ermənistan dünya silah və hərbi texnika bazarını da tənzimləsin?” “Yeni Müsavat” xəbər verir ki, Nikol Paşinyanın yuxarıdakı açıqlaması ilə bağlı belə bir ironik ifadəni belaruslu hərbi-siyasi analitik, Rusiya Hərbi Elmlər Akademiyasının professoru Aleksandr Tixanski deyib.
“Əvvəla, Ermənistan KTMT üzvü kimi silahları daxili bazar qiymətinə və kreditə, Azərbaycan isə - bazar qiymətinə, ”diri" pula alır. Bəlkə Ermənistan dünya silah və hərbi texnika bazarını da tənzimləsin? Ermənistan qədər heç bir digər KTMT üzvü baş katibi həbs eləməklə təşkilatın imicinə zərbə vurmayıb. Hələ bunun üstündən özlərində cəsarət tapıb başqalarına göstəriş də verirlər ki, kimə silah satmaq olar, kimə yox. Ümumiyyətlə isə Ermənistan xaric, KTMT-nin bütün üzvləri regionun hərbi-siyasi situasiyasının real aktyoru kimi Azərbaycanı blokda görmək istərdi - istənilən statusda: müşahidəçi, tərəfdaş və s. qismində. Yəni real vəziyyətdən çıxış eləmək lazımdır, nəinki KTMT-nin inkişafına əngəllər uydurmaqla".
“Azərbaycan Rusiyadan silahı rəsmən alır. Belə olan halda bu məsələni qaldırmaq ən azı qəribə səslənir: çünki Bakıya yox, Moskvaya qarşı birbaşa iddia və hətta təhdid kimi görünür. Rusiya kimə silah satdığını çox yaxşı bilir və bunu KTMT-də bilirlər. Əgər Azərbaycan prinsipial olaraq müasir silahları KTMT üzvlərindən yox, onun nəzəri rəqiblərindən alsaydı, o zaman narahatlığın qanuni əsası olardı”.
Bu sözləri isə “Yeni Müsavat”ın məlumatına görə, rusiyalı tanınmış politoloq Qriqori Trofimçuk deyib.
Analitikin sözlərinə görə, hazırkı siyasi mərhələdə Azərbaycana etimadı sarsıtmaq cəhdi bütün Cənubi Qafqazda, hətta daha geniş miqyasda vəziyyəti qarışdırmaq cəhdindən savayı bir şey deyil. “Özü də elə bir zamanda ki, Bakı Rusiya Müdafiə Nazirliyi və NATO arasında müntəzəm məsləhətləşmə meydançasına çevrilib. Məncə, Paşinyanın KTMT çərçivəsində özünü bundan sonra daha sakit apacağına ümid etməyə dəyməz. Əksinə, hər şey indi başlayır”, - deyə politoloq əlavə edib.
Demək, Rusiyadan daha sərt reaksiyalar da hələ qabaqdadır...
KARUSEL / SİYASƏT / ÖLKƏ
Tarix: 30-11-2019, 11:10