mobil versiya

Bir neçə şadlıq sarayı cərimə olunub



Bakıda bir neçə şadlıq sarayı atmosfer havasını çirkləndirdiyinə görə cərimə olunub.
Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, paytaxtın Xətai rayonu Lütfizadə küçəsində fəaliyyət göstərən “Kremlin Hall" şadlıq sarayından havaya tüstü və iy-qoxunun yayılması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər əsasında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindən monitorinq və araşdırma aparılıb.
Xidmətin rəsmisi Qafar Ağayev bildirib ki, aparılan monitorinq və ölçmə işləri zamanı atmosfer havasına atılan zərərli maddələrin miqdarının normadan artıq olduğu müəyyən edilib: “Araşdırma zamanı sözügedən obyektdə təmizləyici qurğunun quraşdırılmasına baxmayaraq, ona vaxtaşırı xidmət göstərilmədiyi, filtrlərin vaxtında dəyişdirilmədiyi səbəbindən havaya normadan artıq tullantı atıldığı məlum olub. Faktla bağlı “Kremlin Hall" şadlıq sarayının rəhbəri Elçin Qubadov barəsində qanunamüvafiq tədbir görülüb və filtrlərin dəyişdirilməsi üçün ona məcburi göstəriş verilib”.
Onun sözlərinə görə, son 10 gün ərzində keçirilən monitorinqlər və səyyar laboratoriya vasitəsilə aparılan ölçmə işləri zamanı Bakı şəhərində fəaliyyət göstərən “Neptun”, “Meridian Park”, “Leyla Palace”, “Kaman House”, “İmperial”, “Gold Baku”, “Qala Qapısı”, “Köhnə Ciyərxana”, “Fontan”, “Cənnət Gəncə” ictimai-iaşə obyektləri və restoranlarından havaya atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib.
Faktlarla bağlı obyektlərin səlahiyyətli nümayəndələri barəsində akt, protokol tərtib olunub.
Xidmət rəsmisi restoran və ictimai-iaşə obyektlərinin sahiblərinə çağırış edib: "Obyektlərindəki təmizləyici qurğuların texniki göstəricilərinin normalara uyğunluğu təmin edilməli, havaya normadan artıq tullantı atılmasına yol verilməməlidir. Əks halda qanun pozucularına nzibati Xətalar Məcəlləsinə əsasən qanunamüvafiq tədbirlər görüləcək".

KARUSEL / CƏMİYYƏT
Tarix: 24-04-2024, 10:16