mobil versiya

"100 balı" keçə bilməyən abituriyentlər: Universitetlərdə plan yerləri boş qalacaq



Elm və təhsil naziri Emin Əmrullayev bir müddət öncə qeyd edib ki, 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu planı təxminən 60 minə yaxın olacaq.
O qeyd edib ki, plan yerlərinin təxminən yarısından bir az çoxu dövlət sifarişi və ya dövlət hesabına təhsil alanlar üçün nəzərdə tutulur. Nazir plan yerlərinin 50 faizindən çoxunun dövlət sifarişli olacağını diqqətə çatdırıb.
Bəs, plan yerlərinin çox olması universitetlərdə ixtisas seçimindən sonra boş yerlərin qalması ilə nəticələnəcək?
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzi rəhbəri Kamran Əsədov bildirib ki, bu il də abituriyentlərin nəticələrinin plan yerlərinə adekvat olmayacağı, böyük sayda plan yerlərinin boş qalacağı dəqiqdir.
"Bu il ali təhsil müəssisələrinin bakalavr pilləsində 60 minə yaxın qəbul plan yeri ayrılıb və bu keçən illə müqayisədə kifayət qədər çoxdur.
Bu da universitetlərə qəbul sayına ciddi şəkildə öz təsirini göstərəcək. Qeyd edim ki, bu il qəbul plan yerlərində ciddi şəkildə dəyişikliklər var. Bəzi universitetlərdə qəbul plan yerində azalmalar müşahidə olunur, bəzilərində isə artım var və ona görə də ixtisas seçməyən abituriyentlər diqqətli olmalıdırlar. Məsələn, bu il ən çox qəbul plan yerin artmasını Azərbaycan Dövlət Neft və Sənaye Universitetində müşahidə edirik. Ali təhsil müəssisələri arasında ən çox qəbul plan yeri Bakı Dövlət Üniversitetinin payına düşür. Həmçinin Türkiyə Azərbaycan və İtaliya Azərbaycan Universitetlərinə də bu il ilk dəfə qəbul həyata keçiriləcək ki, bu da universitetlərimiz arasında, xüsusilə texniki və mühəndislik ixtisaslarına qəbul həyata keçirən ali təhsil müəssisələri arasında rəqabət mühitini yaradacaq. 2 və 3 - cü qrupun açıqlanan nəticələrindən sonra yenə də böyük faiz abituriyent blokdan 100 balı keçə bilməyib. Ümumilikdə bu il də abituriyentlərin nəticələrinin plan yerlərinə adekvat olmayacağı, böyük sayda plan yerlərinin boş qalacağı dəqiqdir.
Təbii ki, ixtisas seçimi ciddi bir məsələdir. Plan yerlərindəki dəyişiklik ixtisas seçimi zamanı abituriyentlərin bəzən yanlış qərar verməsinə də gətirib çıxara bilir.Çünki bizim çox təəssüf ki, bəzi ixtisas seçimi eləyən şəxslər, valideynlər, hələ bu ilin jurnalı çıxıb deyə yazırlar. Amma keçən ilin jurnalı ilə plan yerləri, abituriyentlərin sayı təhlil olunmalıdır. Ondan sonra ixtisas seçmək eləmək olar", - deyə o əlavə edib. (trend)

KARUSEL / CƏMİYYƏT
Tarix: 26-07-2024, 14:34