mobil versiya

"İl ərzində 100 mindən çox məktəbli forması istehsal olunur" - BTE



Məktəbli formalarının istehsalı üçün Bakı Tikiş Evinə (BTE) heç bir qurum sifariş vermir. Bütün məhsullar BTE-nin büdcəsi hesabına hazırlanır.
Bu fikirləri müsahibəsində BTE-nin Satış şöbəsinin müdiri Etibar Əzimov deyib. Onun sözlərinə görə, BTE paytaxtda olan 11 satış mərkəzində məktəbli formasının il ərzində fasiləsiz satılmasını təmin edir.
Etibar Əzimov bildirib ki, cari ildə məktəbli formalarında şalvarların satışına 20 faiz endirim tətbiq olunub: “Ölkəmizdə saxta məktəbli formaları istehsal edən xeyli işbazlar var. BTE-nin mağazalarında satılan mallara bir il müddətində zəmanət veririk. Məhsullarımız keyfiyyətlidir, istifadə etdiyimiz parçaları Türkiyə və Belarusdan alırıq. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, geyimlərimiz bütün parametrlərə cavab verir. Məhsullarımız təbii materiallardan hazırlandığı üçün qiymətləri o qədər də ucuz deyil. Məsələn, ötən il 25 manata satılan məktəbli şalvarının qiyməti bu il 20 manatdır. Endirimin başlıca səbəbi də saxta geyimlərin satışının qarşısının alınmasıdır. Çünki saxta geyimlər 16 manata satılır, bizdə 25 manata olduqda almırlar. Qiymət fərqi az olduqda alıcı da keyfiyyətli məhsula üz tutacaq.
Bizim istehsal etdiyimiz geyimlər bir ildən çox geyinilir, hətta səliqəli geyinənlər 2-3 il istifadə edirlər. Məhsullarımızın rəngi solmur, yuyulduqda deformasiya halları baş vermir”.
Etibar Əzimov məktəbli formalarının qiymətlərinin məhsulun ölçüsündən asılı olmayaraq eyni olduğunu söyləyib: “Məsələn, 26 ölçüdən 54 ölçüyədək bütün köynəklər 16 manatdır. Hətta 56-58-60 ölçüyədək geyimlərin tikilməsinə başlamışıq. Burada cəmi 5 manatlıq material fərqi var. 20 manata satılan məhsul bu böyük ölçülərdə 25 manata satılır. Böyük ölçü geyinən uşaqlara forma tapmaq çətin olduğu üçün valideyn bu qiymətə etiraz etmir.
Bununla yanaşı, regionlardan Quba, Qəbələ, Şamaxı, Bərdə, Lənkəran və Masallıda rəsmi satış mağazalarımız mövcuddur. Hansısa regionda mağaza açmaq üçün regional təhsil idarəsi bizə müraciət etməlidir. Onlar təşəbbüs göstərdikdə mağaza aça bilərik. Lakin satışı əsasən Bakıda həyata keçiririk.
Satış strategiyamız ötən ilin miqdarına əsasən tənzimlənir. Anbarda daim parçamız olur. Əgər satış artırsa, hansı ölçünün sayı gündəlik azalırsa, onun tikilməsinə başlanılır. Bir-iki gün ərzində forma hazırlanır. Təxminən 100 mindən çox məktəbli forması istehsal olunur”. (azərtac)


KARUSEL / CƏMİYYƏT
Tarix: 7-08-2024, 17:40